Əgər qulağınız eşitmir, gözləriniz görmür, əlləriniz tutmursa… – FHN-in məsuliyyətsiz qərarı 8 nəfərlik ailəni acınacaqlı vəziyyətdə qoyub

Mart ayının əvvəlində “Hürriyyət” də dərc olunan “Astarada yaşayan bir ailədən həyəcan təbili” və “Astarada evi dağılan 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır” başlıqlı yazılarda oxucularımıza Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndində yaşayan 8 nəfərlik ailənin düşdüyü acınacaqlı durum haqda bəhs etmişdik.

Sözügedən məqalələr Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndinin sakini, 6 uşaq anası Baxşiyeva Gülbəyim Mirzəhəsən qızının redaksiyamıza ünvanladığı məktub əsasında yazmışdıq.

Gülbəyim Baxşıyeva məktubunda bildirirdi ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində yaşadıqları 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.

Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.

Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.

Çoxuşaqlı ana “Hürriyyət”ə ünvanladığı məktubunda onu da qeyd edirdi ki, o və həyat yoldaşı əlillyə görə pensiya alırlar, ailədə heç kəs işləmir, bütün ailə üzvləri gözünü onların pensiyasına dikib. Bir sözlə, ailənin maddi durumu çox ağırdır.

Çadırda yaşayış üçün isə demək olar ki, heç bir şərait yoxdur. Yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər, nəmişlik bütün ailə üzvlərinin əhədini kəsib. İşıq olsa da, qaz yoxdur, meşədən odun yığıb birtəhər keçinirlər. Çadırdan kənarda, salafandan özlərinə hamam və ayaqyolu düzəldiblər. Yay-qış həyətdə çimməli oluruqlarından tez-tez xəstələnirlər.

Gülbəyim Baxşıyevanın sözlərinə görə, Astara Rayon İcra Başçısına dəfələrlə müraciət etmələrinə baxmayaraq, dərdlərinə əlac edən tapılmayıb, üstəlik icra başçısı Qəzənfər Ağayev onlara söyləyib ki, gedib özlərinə yeni ev tiksinlər.

Şikayətçi məktubunda onu da bildirirdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də¸ bir nəticə olmayıb.

Fövqəladə Hallar Nazirliyindən göndərilən cavab məktubunda sadəcə evin istismar müddətinin başa çatdığı (fiziki köhnəldiyi) qeyd olunub.

Real vəziyyəti əks etdirən yeganə rəy isə Ekologiya Nazirliyindən alınıb. Nazirliyin verdiyi rəydə güclü yağışlar nəticəsində torpaq qatının çökdüyü və nəticədə evin divarlarında iri çatlar əmələ gəldiyi bildirilib.

Çarəsiz duruma düşən çoxuşaqlı ana “Hürriyyət” vasitəsilə ölkə prezidentinə və aidiyyatı qurumlara müraciət edərək, onlardan ailəsini çadırda yaşamaq zülmündən xilas etmələrini xahiş edirdi.

Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə yolladığımız bütün sorğular təəssüf ki, cavabsız qaldı.

Adıçəkilən məqalələrin qəzetimizdə dərcindən az sonra şikayətçi Gülbəniz Baxşıyeva bizə zəng vurub sevinclə dedi ki, “elə indilərdə icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə Astara rayonu İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyadan nümayəndələr gəlib evə baxış keçirdilər və bizə bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinə evimizin vəziyyəti ilə bağlı məlumat yollayacağıq ki, müvafiq tədbirlər görülsün”.

Gülbəyim Baxşıyevin ümid, sevinc dolu səsi bizi də ruhlandırdı. Çox ümid edirdik ki, ən tez zamanda sözügedən problem öz həllini tapacaq və cəfakeş ailə şəraitsiz çadırda yaşamaq zülmündən xilas olunacaq.

Amma ailənin də, bizim də ümidlərimiz boşa çıxdı. Belə ki, məlum oldu ki, bizim sorğularımıza cavab verməyi lazım bilməyən Fövqəladə Hallar Nazirliyi aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinə 2015-ci ildə Astarada qeydə alınmış yağıntı barədə arayış istəyib.

Sorğuya əsasən Astara hidrometeoroloji stansiyasından verilən arayışda isə qeyd olunub ki, 2015-ci ildə düşən yağıntılar təhlükəli hidrometeroloji hadisə sayıla bilməz.

Bu arayışa əsaslanan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 2019-cu ilin 23 aprel tarixində Astara rayonu Ovala kənd sakini Qiyas Ayaz oğlu Baxşıyevə (Gülbəyim Baxşiyevanın həyat yoldaşı) məktub yollayıb. Həmin məktubda bildirilir ki, “Astara rayonunda 2015-ci ilin oktyabr və noyabr aylarında yağan leysan yağışlar və 28 avqust 2018-ci il tarixdə baş vermiş yeraltı təkanların güclü təbii fəlakət törədə bilən hadisələrin təhlükəli hədd göstəricilərindən aşağı olduğundan Sizə tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.

Bu məsələdə ən qəribə və anlaşılmaz məqam eyni nazirlikdən iki bir-birinə tamamilə zidd rəylərin verilməsidir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci ilin 7 iyununda təqdim etdiyi arayışda qeyd olunur: “2015-ci ilin okyabr-noyabr aylarında cənub bölgəsinə düşən güclü leysan yağışlarının təsiri nəticəsində Holosen yaşlı çöküntüləri islanaraq dayanıqlığını itirmiş və çökmə-oturma prosesi baş vermişdir. Baxşıyev Təbriz Qiyas oğlunas məxsus fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir”.

Belə olduğu halda, eyni nazirliyin bəlli bir ildə baş verən eyni təbiət hadisəsi ilə bağlı bir-birini tamamilə təkzib edən rəylər təqdim etməsinə nə ad vermək olar?

Nə qədər kobud səslənsə də, qeyd etməliyik ki, eyni qurumun bir-birini təkzib edən rəylər verməsi hansısa məmura tüpürdüyünü yalatdırmağa bənzəyir.

Çox təəssüf ki, bu gün dövlət qurumlarında məsul vəzifə tutan şəxslərin verdiyi qərarları sonradan kimlərsə dəyişdirib, özlərinə əl verən şəklə saldırırlar.

Cənab “fövqəlnazir”, ola bilsin, eşitmə qabiliyyətinizlə bağlı problem yaşayırsınız, bu səbəbdən vətəndaşların haqq səsini eşitməkdə zorluq çəkirsiniz, bəs gözləriniz necə, gözləriniz də nurunu itirib? Yox, əgər görmə ilə bağlı heç bir probleminiz yoxdursa, nədən sizə yolladığımız sorğulara əlavə etdiyimiz arayışı oxuyub, çətin duruma düşən azərbaycanlı ailəsinə yardım etmək üçün heç bir əməli tədbir görmədiniz? Axı həmin arayışda Ekologiya və Təbii Sərvətlər Nazirliyi evin təbii fəlakət, yəni intensiv yağışlar nəticəsində uçduğunu faktlarla təsdiq edib.

Təbii ki, müəyyən yaşdan sonra hər bir insanın sağlamlığında problemlər yarana bilər. Əgər siz də yaşlaşıb eşitmə və görmə qabiliyyətinizi itirmisinizsə, o zaman nədən təqüdə çıxmırsınız?

1-ci qrup əlilin “fövqəlnazir” olması nə dərəcədə məqsədəuyğundur? Ümid edirik ki, ölkə başçısı səhhətinizdəki bu ciddi problemi nəzərə alaraq sizi təqaüdə yollayacaq.

Astara rayonu İcra Hakimiyyəti başçısı, Fövqəladə hallar üzrə komissiya nümayəndələri, 8 nəfərlik ailə yay-qış şəraitsiz çadırda yaşamağa məhkumdur. Sizin vicdanının buna necə yol verir? Axı onlar bu ölkənin tamhüquqlu vətəndaşlarıdır. Onları görüb eşitməyiniz, dərdlərinə əlac etməniz üçün bu binəvalar nə etməlidirlər? Gəlib sizi bir-bir güllələməlidirlər, ya həyatlarına qəsd etməlidirlər, bəlkə Prezident Aparatının qarşısında özlərinə od vurub yandırmalıdırlar? Neynəməlidirlər ki, qanuni haqları, hüquqları bərpa olunsun?

Ekologiya Nazirliyinin evin təbii fəlakət nəticəsində uçduğunu təsdiqləyən rəyindən sonra təkrar rəyə nə ehtiyac vardı? Bunu etməkdə məqsəd nədir? Niyə insanlara zülüm edirsiniz?

Картинки по запросу Kəmaləddin Heydərov

Sonda bir daha üzümüzü “fövqəlnazir”ə tutub deyirik:

Hörmətli cənab nazir, əgər qulağınız eşitmir, gözləriniz görmür, əlləriniz tutmursa, o zaman inanıb güvəndiyiniz əməkdaşlarınızın birindən xahiş edin, sizə ünvanladığımız məktubları və Ekologiya Nazirliyinin rəyini oxusun və sizə anlatsın ki, sözügedən ailənin yeganə yaşayış evi həqiqətən intensiv yağışlar və yeraltı təkanlar nəticəsində uçub.

Bu ailə, eləcə də Azərbaycan vətəndaşı olan bütün ailələr dövlətin qayğısı ilə əhatə olunmalı, qarşılaşdıqları problemlər dövlət səviyyəsində həll edilməlidir. Bu onların haqqıdır. Bütün aidiyyati qurumlardan bunu nəzərə almağı və ən tez zamanda Baxşiyevlər ailəsini yeni yaşayış evi ilə təmin etmələrini xahiş edirik.

Hazırladı: İnci Türkel, Hurriyyet.org

 

Astarada evi dağılan 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır - ACINACAQLI DURUM

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle