13 il əvvəl bizi şantaj edən ölkənin “qonaqpərvərliyi” – Yunanıstanın qəsdi

Gərək ki, 2004-cü ilin ortalarıydı, Azərbaycan Şimali Kipr Türk Respublikası ilə yaxınlaşma yolu tutmuşdu, qarşılıqlı əlaqələr güclənirdi, Bakı ilə Lefkoşa arasında birbaşa təyyarə reysinin açılması, birgə müəssisələr təsis edilməsi müzakirə olunurdu.
Bu sayaq xəbərlərin yeni-yeni mətbuata çıxdığı ilk günlərdə qəfildən informasiya məkanını toz-duman götürdü. Məlum oldu ki, Yunanıstan və Kipr (yunan) Respublikası bu əlaqələrdən olduqca əndişələnib.
Afinadan və Nikosiyadan rəsmi Bakıya notalar gəlmişdi, diplomatik kanallarda gərginlik yaranmışdı. Yunan dövlətlərinin o vaxtkı rəhbərliyi, kobud ifadə ilə desək, əbanı başına çəkmiş, haray-qışqırıq salmışdılar, Azərbaycanla ŞKTR-in yaxınlaşma təşəbbüsünə qarşı çıxır, əks təqdirdə qondarma “DQR”-i tanıyacaqları ilə hədələyirdilər.
Əslində ölkəmizin Şimali Kiprlə yaxınlaşması Azərbaycanda çoxlarının ürəyindən idi, iqtidar düşərgəsində də, müxalifət cəbhəsində də hesab edirdilər ki, Kipr adasının 40 faizində yaşayan türklərlə daha isti münasibətlər qurulmalıdır, hərtərəfli əlaqələr, gediş-gəliş bərqərar edilməlidir.
Fəqət ortada Qarabağla bağlı şantaj olduğundan Azərbaycan ŞKTR-lə əlaqələri zəiflətməli, bir sıra layihələrdən vaz keçməli oldu.
Onu da qeyd edək ki, o zaman Yunanıstan Avropanın qüdrətli dövlətlərini də bu məsələdə öz müttəfiqinə çevirmişdi, onlar da hesab edirdilər ki, Azərbaycan dünya birliyi tərəfindən tanınmamış dövlətlə ikitərəfli və çoxşaxəli əlaqələr qura bilməz.
Budur, o hadisənin üstündən 13 il keçib və Yunanıstanın özü dünya birliyi tərəfindən tanınmamış qondarma “DQR”-ə qucaq açıb.
Yayılan xəbərlərdə bildirilir ki, separatçı rejimin “XİN başçısı” Yunanıstana səfərə gedib və bu ölkədəki erməni kilsəsində, eləcə də erməni şagirdlərin təhsil aldığı məktəblərdə olub.
Söz yox, bu, “XİN rəhbəri” Karen Mirzoyanın rəsmi səfəri deyil. Onu Yunanıstana ölkə rəhbərliyi dəvət etməyib və böyük ehtimalla Yunanıstan rəsmiləri tərəfindən qəbul edilməyəcək (hərçənd belə bir variantı tam istisna etmək də olmaz).
Ancaq unutmayaq ki, adam bu ölkədə təşkil olunan “Bizim qəhrəman Artsaxımız” adlı tədbirdə iştirak edir. Bu, dolayısıyla da yox, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik, hətta qəsddir.
Aydın məsələdir ki, bu iki dövləti – Ermənistanla Yunanıstanı birləşdirən ortaq nöqtələr var və onların ən güclüsü hər ikisinin Türkiyəni, etnik türkləri düşmən hesab etməsidir.
Bu baxımdan adı çəkilən tədbirin region ölkələrindən başqa bir yerdə yox, məhz Yunanıstanda keçirilməsi təsadüfi deyil və anlaşılandır.
Bununla belə, ola bilməz ki, vaxtilə tanınmamış dövlətlə əlaqələr qurduğuna görə Azərbaycanı təhdid və şantaj edən bir dövlət özü cəzasız şəkildə başqa bir tanınmamış dövlətin nümayəndəsinə qucaq açsın.
Demək, indi də Yunanıstanın üstünə getmək, ondan izahat istəmək, qondarma “DQR”-lə əlaqələri kəsmək üçün tədbirlər görməyi tələb etmək növbəsi Azərbaycandadır.
Hətta Yunanıstan vaxtilə Azərbaycanı şantaj etməmiş olmasaydı da, separatçı rejimlərə himayədarlıq edən istənilən dövlətdən izahat tələb edilməlidir.
Beynəlxalq hüquqda bunun yolları, üsulları var. Bu kimi hallarda cavabdeh dövlətin səfiri izahat istəyən ölkənin xarici siyasət idarəsinə çağırılır və ondan dövlətinin yol verdiyi hərəkətə dair izahat tələb edilir, xəbərdarlıq olunur.
Belə olmasa, heç kim həmin dövlətin suverenliyinə hörmət etməz və qondarma rejimlərin yavaş-yavaş tanınması, legitimləşdirilməsi, “ortalığa çıxarılması” prosesi sürətlənər.
Bu işlərin qaydası budur. Necə deyərlər, hamıya adətdir, bizə biadət?

Image result for Xalid kazımlı

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle