Gürcü ekspert: “Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirilməsinə imkan verməzlər”

Gürcüstandan Azərbaycana qanunsuz olaraq keçməyə görə saxlanılan Əfqan Muxtarlının həbsi ətrafında yaranmış vəziyyət Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətlərə təsir göstərə bilməz.

Bunu  Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun Avropa İttifaqı Tədqiqatları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili deyib.

K.Qoqolaşvili bildirib ki, bu məsələ ilə bağlı mətbuatda çox ziddiyyətli fikirlər dolaşır:

“Düşünmürəm ki, bu cür məsələlər Azərbaycanla Gürcüstan arasında mövcud münasibətlərə hansısa təsir göstərə bilsin. Çünki Azərbaycanla Gürcüstan qarşılıqlı əməkdaşlığa çox böyük maraq göstərir və bu cür kiçik hadisələr bu əməkdaşlığa hansısa təsir göstərə bilməz. Əlbəttə, həm ölkə daxilində, həm də xaricində bəzi qüvvələr var ki, Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətləri korlamağa və belə hadisələrdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan və Gürcüstan hökumətləri bunu yaxşı bilir və bu cür hadisələrin ikiərəfli münasibətlərə xələl gətirməsinə imkan verməzlər”.

Ekspert əlavə edib ki, Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır:

“Azərbaycan-Gürcüstan əlaqələrinin böyük tarixi var və bu münasibətlər bu gün bir çox sahələrdə inkişaf edir. Bugünkü geosiyasi vəziyyət də Azərbaycan və Gürcüstanın sıx əməkdaşlıq etməsini tələb edir. Azərbaycan Gürcüstana ən iri investisiya qoyan ölkələrdən biridir. Bu, Gürcüstan iqtisadiyyatı üçün çox vacibdir. Eyni zamanda, iki ölkə arasında səmərəli hərbi əməkdaşlıq mövcuddur. Yəni Azərbaycanla Gürcüstanın əməkdaşlığına alternativ olan bir amil yoxdur”.