Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE – Society of Petroleum Engineers) “Rusiya və Xəzər bölgəsi üzrə Regional Tələbə İnkişafı Sammiti” keçirilib. BANM-in təşkilati dəstəyi, SOCAR, “Statoil” və “Exxon Mobile”ın sponsorluğu ilə həyata keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.

Dörd günlük nəzərdə tutulmuş sammit Ali Məktəbin rektoru Elmar Qasımovun çıxışı ilə açıq elan edilib. Rektor Neft-Qaz Mühəndisləri Cəmiyyətinin SPE-2018 prezidenti Darsi Spedi və SPE Azərbaycanın baş direktoru Əli Nağıyev başda olmaqla bütün iştirakçıları salamlayıb, SPE proqramının neft-qaz mühəndisliyi üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün əvəzsiz rolundan danışıb və tələbələri bu istiqamətdə aktiv olmağa çağırıb.

Tədbirdə həmçinin SPE-nin prezidenti cənab Darsi Spedi çıxış edərək göstərdikləri təşkilati dəstək və isti münasibətə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sammitin BANM-də keçirilən ilk iki günü ərzində tələbələrə təlim keçirilib, onlar arasında təqdimat üzrə müsabiqə olub. BANM-in tələbələri Elmir Əbilov və Gülay İbrahimovanın komandaları müsabiqədə birinci və ikinci yeri tutublar. Tələbələr təlim zamanı lider kimi inkişaf etməyin sirlərinə yiyələnib və gənc mütəxəssislər onlara öz tövsiyələrini veriblər. Digər iki gündə isə tələbələr “Xəzər Texniki Konfransı”nda iştirak edib, “Yasamal” və “Kirmaki” dərələrinə geoloji səfər ediblər.
BANM-in SPE üzrə nümayəndəsi, Neft-qaz mühəndisliyi üzrə təhsil alan 3-cü kurs tələbəsi Orxan Xankişiyev və digər tələbələr sammitin rəsmi hissəsi və sessiyalarından sonra, Rusiya və Qazaxıstandan gələn qonaqlara Azərbaycanın milli-ənənəvi irsini tanıtmaq məqsədilə bələdçilik ediblər. Gənclər birgə səmərəli vaxt keçirərək münasibət qurublar.

Qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərini aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər  keçirərək şərait yaratmaqdır.