Yadigar Cəfərli yazır – Kitabı dinlə

İşin qarşısında bir taksi sürücüsü dayanır. Yaşı olar 60-65. Nə vaxt görürsən, sükan arxasında müştəri gözləyə-gözləyə kitab oxuyur. Kitabları da yaxınlıqdakı kitabxanadan götürür. Heç bir ali və orta ixtisas təhsili yoxdur. Elə yeniyetməliyindən üzübəri taksi sürür. O kişi ilə tanışlıqdan sonra, insanlarımızın kitab oxumadığını ara-sıra tənqid edənlərə veriləsi ən azı bir cavabım var. Kitab bütün hallarda bizim cəmiyyət üçün ali dəyərdir. Dünyada, çox güman yeganə toplumuq ki, kitaba hətta and içirik. İndi isə bu dəyəri daha da populyarlaşdırmaq, onu mütaliəyə vaxtı olan-olmayan hər kəs üçün əlçatan etmək zamanıdır. Allahın izni, Sizin dəstəyinizlə bu gün maraqlı bir layihəyə başladıq. “Kitabı dinlə” adlandırdığımız səsli kitab layihəsinə start verdik. Bu layihə çərçivəsində ana dilimizdəki bir çox maraqlı kitabların səsli variantı hazırlanacaq. Onları xüsusi portalımızdan mobil telefonlarınıza, kompüterlərinizə, avtomobillərinizin multimedia sistemlərinə yükləyib əlavə vaxt itirmədən rahat-rahat dinləyə biləcəksiniz. İnanın ki, bu, bir çox vaxtaparan məşğuliyyətlərdən daha zövqlü və faydalı olacaq. Önəmli məqamlardan biri də budur ki, bu kitabları siz dəyərli dinləyicilərimiz üçün fiziki məhdudiyyətli soydaşlarımız səsləndirəcək. Tarix boyu o cəmiyyətlər irəli gedib ki, kitabı dinləyib onun dediklərinə əməl ediblər. Beləliklə, bizdə də “Kitabı dinlə”mək zamanı gəldi.