Asəf Quliyev yazır – Dağlıq Qarabağ: nəyi bilmirik?

Ermənilərin Dağlıq Qarabağ iddiaları barədə hamımız bilirik. Hamımız bilirik ki, ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyir. Amma bir xeyli də bilmədiklərimiz var. Dağlıq Qarabağ münaqişəsi sanki bir kainatdır. Bildiklərimiz çoxaldıqca dərk edirik ki, çox az bilirik…

Amma kainatın sirlərini niyə bilmədiyimiz hamıya bəllidir. O zaman insan yox idi. Amma Dağlıq Qarabağ münaqişəsi başlayanda biz var idik. Doğrudur, bu münaqişədən çox az anlayışı olan bir nəsil də yetişib artıq. Bu münaqişəni bilənlər də az deyil axı.

Biz bilmədik. Və bilmədiklərimizin ucbatından Qarabağı de-fakto itirdik. Və əgər bilmədiklərimizi öyrənməsək, işimiz çətin olacaq. Qarabağı de-yure itirmək istəmiriksə, bəzi həqiqətləri mütləq öyrənməli və özümüz üçün konkretləşdirməliyik.

Biz hələ də sona qədər müəyyənləşdirməmişik ki, Qarabağı əlimizdən alanlar terrorçulardı, separatçılardı, yoxsa işğalçılar?

Dünya Qarabağı əlimizdən alanların terrorçu olduğuna inanmır. Və inanmayacaq da.

Qarabağda separatçılığın olduğunu demək ermənilərin əlinə işləyir. Çünki öz müqəddəratını təyin etmə prinsipinə istinad şəraiti yaranır.

Qarabağ işğal olunub. Ermənistan tərəfindən. Digər bütün yanaşmalar kənara atılmalıdır. Münaqişənin ilk gündən son günə qədər təhlili də məhz bunu deməyə əsas verir.

Münaqişənin kökündə dayanan reallığı öz adı ilə adlandırmadıqca, Qarabağa qayıdışımız çətinləşəcək.

Artıq bilmək lazımdır ki, Qarabağ münaqişəsi  barədə danışanda hamı ya özünü əzabkeş, ya da qəhrəman kimi göstərir. Buna görə də Qarabağ münaqişəsi haqqında danışan mənbənin verdiyi informasiya ikinci bir mənbə tərəfindən də dəqiqləşdirilməlidir. Məhz buna əməl etməməyimizin nəticəsidir ki, yalançı qəhrəmanlar peyda olur cəmiyyətimizdə. Və minnətdarlıqla yad edilməli olanlarımız yaddan çıxır. Görün nə qədər adsız qəhrəmanlarımız var? (Söhbət Azərbaycanın Milli Qəhrəmanı fəxri adından getmir. Söhbət hamımızın unutduğumuz vətənpərvərlərdən gedir.)

İndi özünüzə sual verin: Axı niyə bəzi layiq olmayanlar meydan sulayır, əvəzində onlarla adsız qəhrəman var?

Nə qədər ki, adsız qəhrəmanlar olacaq, nə qədər ki, yalançı qəhrəmanlar meydan sulayacaq, Qarabağa qayıdışımız çətinləşəcək.

Son vaxtlar belə bir termin işlədirik: Qarabağ həqiqətləri. Termin kimi pis səslənmir. Amma bəzən bu həqiqətlər əndazəni aşır. Kimsə öz əzabkeşliyini sübut eləmək üçün ermənilərin törətdiyi çeşidli qəddarlıqlar fikirləşir. Və “faktlar” bir çox araşdırmaçı həmkarlarımızın barmaqlarının ucundan kompüterlərin monitorlarına, oradan da dünyaya yayılır. Dünyanı yalan məlumatlarla aldatmağa cəhd etdikcə, özümüz uduzuruq. Bu yalanları görən dünya həqiqətlərimizə də inanmır. Qarabağ münaqişəsindən danışanda heç nə uydurmağa ehtiyac yoxdur, həqiqəti demək, yazmaq yetər.

Biz Qarabağ münaqişəsi haqqında miflər uydurduqca, Qarabağa qayıdışımız çətinləşəcək.

Və sonda bu gün də davam edən bir reallığı yadınıza salmaq istəyirəm. Münaqişə başlayandan bu günə qədər müşahidə etdiyim ən xoşagəlməz reallıq:

Çoxları Qarabağa sahibliyimizi bərpa etmək əvəzinə, hansısa fraqmental və lokal qələbəni öz adına yazmaq üçün vuruşdu. Bu, çox çətin sezilən bir reallıqdı. Ən pisi odur ki, bu gün də davam edir öz “qələbəsini” cəmiyyətə sırımaq istəyənlərin cəhdləri. İndi hamı öz “qələbəsini” göstərmək üçün dəridən-qabıqdan çıxır.

Kimsə beynəlxalq tədbirdə hansısa ermənini susdurduğunu, kimsə mahiyyətini dərk edə bilmədiyi informasiya müharibəsində ermənilərə ağır zərbələr vurduğunu sübut etmək üçün yüz cür kombinasiyalar fikirləşir, PR texnologiyalardan istifadə edir.  Kimsə də müharibə çağırışları ilə erməni milləti ilə düşmənçiliyin perspektivsiz olduğunu deyənləri susdurduğunu bəyan etməklə özünü milli qəhrəmanların sırasında görür.
Amma bütün bunlar bizi Qarabağa qaytarmır.

Nə qədər ki, fərdi “qələbələrimiz” üçün səfərbər olacağıq, Qarabağa qayıdışımız çətinləşəcək.

Artıq 30 ildir ki, ermənilər Qarabağ iddialarını ortaya qoyub və 24 ildir ki, Qarabağa tam nəzarət edirlər. Biz isə hələ də həqiqətləri sona qədər bilmirik. Bilməmək eyib deyil. Bəla ondadır ki, öyrənmək istəmirik. Və nə qədər ki, öyrənmirik, Qarabağa qayıdışımız çətinləşəcək.