“Qanunların icrası bizi qane etmir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailə və uşaq məsələləri ilə bağlı ölkədə mövcud qanunvericilik bazasının icra edilməməsi ilə bağlı ciddi narazılığını bildirib.

Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı “dəyirmi masa”da çıxış edən H. Hüseynova bildirib ki, ölkədə bu sahə ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, qanunların icrası ilə bağlı xeyli çatışmazlıqlar var.

“Ölkədə qanunların icrası bizi qəti qane etmir. Bu da ciddi problemlərə gətirib çıxarır. Bununla bağlı tədbirlər görülməlidir”, – deyə o vurğulayıb.

Komitə sədri eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. “Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvad ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”.