Yadigar Cəfərli – Niyə hürriyyətlik və niyə özbaşınalıq?

Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tarixdən nə qədər silsə də, onun müəyyən nişanələri yenə yaşayırdı. Məsələn, biz balaca olanda, böyüklər şuluq salan uşaqları bəzən belə tənbeh edirdilər: nə olub, hürriyyətlikdi?! Bu ifadə, bəlkə indi də işlənir. Hürriyyətlik Cümhuriyyət dövrü deməkmiş. Onda kim idi bunun fərqinə varan?! Sovet adamları bu ifadəni, əsasən, özbaşınalıq, nəzarətsizlik mənasında işlədirdilər. Amma bütün hallarda sözün özü istiqlalımızın balaca bir işığı kimi 80-ci illərə qədər gəlib çıxa bilmişdi. Niyə hürriyyətlik və niyə özbaşınalıq?! İş orasındadır ki, Cümhuriyyətin elan edilməsi ərəfəsində və onun ilk aylarında yerlərdə çox dəhşətli bir nizamsızlıq vardı. Özümüz bir anlıq təsəvvür edək: bolşeviklər Nikolayı taxtdan salıblar, müharibə gedir, nə əvvəlki qaradavoylar, polislər var, nə ciddi bir nəzarət, nə də Sibir qorxusu. Daşnak ermənilərin vəziyyətdən istifadə edib müxtəlif şəhərlərimizdə, kəndlərimizdə azərbaycanlılara qarşı törətdikləri soyqırımlar hamıya məlumdur. Bundan başqa, yerlərdə qan davaları, qətl cinayətləri, oğurluqlar, qarətlər da baş alıb gedirdi. Muğam ustadı Xan Şuşunski söz düşəndə o dövrün mənzərəsini bircə cümlə ilə belə təsvir edirmiş: “Adam adam əti yeyirdi”. Cümhuriyyət vəziyyəti çətin də olsa, yavaş-yavaş ələ alır. Xüsusilə Qafqaz İslam Ordusu Bakıya daxil olandan sonra o cür qarma-qarışıq bir şəhərdə cəmi bircə həftə ərzində intizam yaradılır. Onda möhtəkir tacirlər ərzaq mallarını gizlədib satmırdılar ki, bahalaşanda od qiymətinə xırıd edərik. Türk hərbçiləri gələn kimi qayda qoydular: kim evdə 1 günlük ehtiyacdan artıq ərzaq saxlasa, qanı getdi. Ev-ev gəzib yoxlayırdılar. Yaxud şəhərdə 1 zabit 2 əsgərdən ibarət patrullar dolaşırdı. Vay o gündən ki, kimsə azca xuliqanlıq edəydi. Əsgərlərdən biri dərhal tutub həmin şər-xata adamın başını salırdı ayaqlarının arasına. O biri əsgər isə qamçı ilə gündəyməzinə çırp ki, çırpasan. Oğruların cəzası lap ağır idi. Ona görə, hətta ən peşəkar oğrular da aradan çıxmışdılar. Manaf Süleymanov yazır ki, Qız qalasının yanında hansısa Bakı varlısının içi bahalı şubalarla dolu şifoneri qalıbmış. Bir həftə qorxudan onlara toxunan olmur. Axırda ətrafdakı sakinlər hərbçilərin qərargahına gedib xahiş edirlər ki, sən Allah bunları burdan yığışdırın, kimsə oğurlayacaq, zibilə düşən biz olacağıq. Məhəmməd Əsəd bəy isə “Şərqdə neft və qan” əsərində lap maraqlı şeylər təsvir edir. Deyir, şəhərdə qayda yaratmaqdan ötrü ağır cinayətkarları, oğruları başqalarına da görk olsun deyə, heç bir güzəştsiz asırdılar. Qısa müddətdən sonra elə vəziyyət yarandı ki, daha heç kim qorxudan cinayət törətmədi. Amma dar ağaclarını boş da saxlamaq olmazdı ki, birdən kimsə yenə cızığından çıxar. Bəs nə edək, axırda şəhər həkimlərindən biri buna çarə tapır. Onda müxtəlif yerlərdə yiyəsiz ölülər tez-tez tapılırdı. Başlayırlar, dar ağaclarından həmin ölüləri asmağa.