Əhmədzadənin kadrı heyvandarlıq təsərrüfatların susuz qoyub

Ağcabədi rayon Avşar kəndinin iqtisadiyyatı əsasən heyvandarlıqdan ibarətdir. Ancaq indi bu təsərrüfatlar ciddi problemlə üzləşib. Belə ki, kənddəki hevandarlıq təsərrüfatları ciddi su qıtlığı keçirir. Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev yaranmış vəziyyətlə bağlı Ağcabədi rayon Avşar kəndindən olan fermerlərin müraciətlərinə cavab olaraq bildirib ki, başçılıq etdiyi idarə hazırda pambıq sahələrinin suvarılmasını təmin etməyə çalışır. Ağcabədi rayon Avşar kənd sakinləri isə pambıq sahələrinin suvarılmasında da problemlər olduğunu vurğulayırlar. Avşarlar yaranmış probleminin əsas səbəbi kimi Araz çayından ayrılan Xanqızı arxının suyunun oliqarxlarn torpaq sahələrinə yönəldilməsi, Qarabağ kanalından çəkilən su kanalının faktiki olaraq işə yaramaması ilə izah edirlər. Qeyd edək ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini, Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyevin qardaşıdır. Xaliq Mirzəyev əvvəllər icra başçısı Şahin Məmmədovun köməkçisi olub. Sonradan Mirzəyev qardaşlarının məmur karyerasında sürətli yüksəliş başlayıb. Belə ki, Xaliq Mirzəyev icra başçısının köməkçisi vəzifəsindən başçının müavini vəzifəsinə kimi yüksəlib. Malik Mirzəyev də qısa müddətdə Elektrik Şəbəkəsinin nəzarətçisindən əvvəlcə Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi, daha sonra isə Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunub. Məlumatlı şəxs bildirir ki, Ağcabədi rayonunda əkin sahələrinin suvarılması əsasən Suvarma Sistemləri İdarəsinin vasitəsilə həyata keçirildiyi üçün Malik Mirzəyev Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi vəzifəsindən indiki vəzifəsinə transfer olunub. Ağcabədi Suvarma Sistemləri İdarəsinin sabiq rəisi Əli Əliyev isə Subartezian Quyularının İstismarı İdarəsinin rəisi vəzifəsinə keçirilib. Məlumatlı mənbə bildirir ki, bu kadr dəyişikliklərinin əsasında da Mirzəyev qardaşlarının qısa zamanda sürətli karyera yüksəlişinə yardım etmiş səbəb dayanır. Bu səbəb haqqında “Yeni Sözçü” qəzetinə müəyyən məlumatlar daxil olsa da, bu məlumata Mirzəyev qardaşlarının mövqeyini öyrənmədən dərc etmək istəmədik. Ancaq məlumata qarşı tərəfin mövqeyni öyrəndikdən sonra açıqlayacağıq.

Ağcabədi rayon Avşar kəndinin sakinləri isə yaranmış vəziyyətlə bağlı Ağcabədi Suvarma Sistemləri İdarəsinin tabe olduğu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Ədmədzadəyə müraciət etməyə hazırlaşırlar. Onlar ümid edirlər ki, yaranmış vəziyyətə məhz ASC-nin sədri Əhməd Əhmədzadənin müdaxiləsi aydınlıq gətirə bilər.

“Yeni Sözçü” qəzeti