İraqın kürd prezidenti nümayişçiləri SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞDI

Reportyor.az  xəbər verir ki, İraqın Bəsrə şəhərində başlandıqdan sonra, ölkənin şiələrin sıx yaşadıqları Nəcəf, Kərbəla, Zukkar, Misan, Divaniyə, Nasiriyə və Bağdadın bəzi rayonlarına da yayılan, işsizlik, xidmət qıtlığı, su, elektrik problemlərinə qarşı etiraz nümayişləri davam edir. Bu gün cümə namazından sonra bir çox mərkəzdə böyük nümayişlər keçirilməsi gözlənirdi. Böhranla əlaqədar İraqın kürd prezidenti Fuad Masum hərəkətə keçib.

Türkmənlərin sıx yaşadıqları Kərkükdə və kürdlərin iddia elədikləri digər mübahisəli bölgələrdə İŞİD-in partlayışlar törətməsi, cənubda hökumətə qarşı böyük nümayişlər ölkədəki siyasi böhranı getdikcə dərinləşdirməkdədir. Asayiş tədbirlərinin gücləndirilməsinə, beş şəhərdə küçəyə çıxmağın qadağan edilməsinə və Bəsrə üçün xüsusi büdcə ayrılmasına rəğmən, etirazlar davam edir. Nümayişlərdə indiyə qədər 10 nəfərdən artıq insan həlak olub, azı 250 nəfər yaralanıb. İraq ordusu hazır vəziyyətə gətirilib.

“Nümayişçilər qanuni tələblər irəli sürürlər”

Baş nazir Heydər əl İbadinin etirazları dayandırmaq cəhdləri uğursuz olduqdan sonra İraqın kürd prezidenti Fuad Məsum işə başlayıb. O, tərəflərə məktub yazıb. Prezident sarayında iclas keçirib. Məsumun mətbuat katibliyi belə bir açıqlama yayıb: “Nümayişçilərin tələbləri qanunidir. Onlar zorakılıqdan, siyasi partiya binaları və rəsmi idarələrə qarşı hücumlardan uzaq durmalıdırlar. İclasda iştirak edən siyasi partiyalar İraq Federal Məhkəməsinin qərarı ilə təsdiqlənəcək 12 May seçki nəticələrini qəbul edir. Seçki qutularındakı səslərin əl ilə sayılması bir ay tez tamamlanmalıdır”.

Qeyd edək ki, İraqda seçkilərin may ayında keçirilməsinə baxmayaraq, indiyə qədər yeni hökumət qurulmayıb.

“Kürdlərin tələbləri bizim də tələbimizdir”

İraqın vitse-prezidenti və keçmiş baş naziri Nuri Maliki hökuməti qurmaq üçün qarşıdakı günlərdə Hadi Amirinin lideri olduğu Fəth Siyahısı və kerd tərəfi ilə danışıqlar apardıqlarını açıqlayıb. Hökuməti qurmaq üçün ən geniş siyahısını hazırlamağa çalışdıqlarını bildirib və deyib: “Kürdlərin tələbləri bizim də tələbimizdir. Biz və kürdlər İraqdakı siyasi proseslərə ortağıq”.