Səbinə Ağayeva yazır -Evdəki mələk, bayırdakılar fahişə

Azərbaycanlı bəzi kişilər evdəki qadınlarını fövqəladə abırlı, bayırdakıları isə ancaq və ancaq abırsız görmək istəyirlər. Evdəkinin arzuladıqları kimi abırsız olması, onları tam təmin etməsi anlayışı onlara yaddır. Evdəkilər abırsızlıqlar üçün deyil. Evdəkilər dolma bişirmək üçündür.

Məhz bu səbəbdən də bayırda həmişə beyinlərinin içindəki, arzuladıqları abırsız qadınları axtarırlar. Sağa-sola boylana-boylana, ağzı açıq-açıq gəzirlər.

Ona görə yox ki, maçodurlar, ya seksual eksprimentlərini çoxaltmaq istəyirlər, yox. Ona görə ki, onların çoxusu əməlli qadın görməyib. Görslər də, heç vaxt onları duymağa cəhd etməyiblər.Yaşamayıblar, cütləşiblər. Mən hələ, qadınların onlara göstərdiyi etibarın itirilməsindən danışmıram. Seksdən sonra ittihamlar, “Fərli qız olsaydın, mənlə yatmazdın” kimi boşboğaz və mənasız söhbətlər.

Bayırdakının əxlaqsız kimi qəbul edilməsi fikri şüurlarının altına işləyib və onları indi də idarə edir. Ona görə də yatdıqları qadınların nömrələrini və digər məlumatlarını çayxana kimi yerlərdə özü kimilərə asanlıqla paylaya bilirlər. Ona görə də seksual macəralarını bir az da şişirdib, fəxrlə saatlarla danışırlar. Ona görə də bayırdakı qadınlarla yatmaq onlar üçün bir növ hansısa yarışda qələbə çalmaqdır. Çünki bəzi azərbaycanlı kişisi üçün seks sanki gurultulu bir nailiyyətdir. Məqsəd qadını yataqda xoşbəxt etmək deyil, məqsəd heç öz eksazları da deyil, məqsəd məlum aktdan sonra bu haqda kiməsə lovğa-lovğa danışmaqdır. Bəli, azərbaycanlı kişinin ekztazı -onun öz seksual aktı barədə söhbət açmasıdır. Bədənlərin, harmoniyaların və emosiyaların vəhdətindən, hisslərin vulkanından söhbət gedə bilməz. Əsas cütləşmək və sonra bu haqda xəbər verməkdir. Nə olursa olsun, evdəki namus, bayırdakı abırsızlıq üçündür. Evdəki mələkdir, bayırdakıların hamısı fahişə.