Səbinə Abdullayeva yazır – Sevginin həsrəti…

İllərdi içimdə sənə bəslədiyim məhəbbət bitmir, bitməz də. Heç nə, heç kim qopara bilməz səni məndən.

İllər, aylar, yeni həvəslər, macəralar, səyahətlər, daha nələr nələr bəlkə unutdurar deyə, məgər özümü aldatmışammış. Məgər nə sən məndən getmisən, nə də mən səndən. Sən ürəyimdə dönüb mən olmusanmış çoxdan.

Bütün dünyanın sultanları yığılıb gəlsə belə, yenə də qəlbimin sultanı sənsən. Cəlladlar ciyərimi, ürəyimi söküb alsa da yenə sənsən eşqim.

Hara gedirəm səni axtariram. Hər səhər, hər gunorta, hər axşam…. heç vaxt dönməsən belə səni axtarıram. Sənə oxşar üzlərdə, gülüşlərdə səni axtarıram… Dan yeri söküləndə, şər qaralıb deyəndə… Bu şəhərin hər döngəsində…

İllərdi səni həsrətlə aramaq, susmaq da gözəldi… Yox sən uzaq deyilsən. Eyni şəhərdəyik. Eyni günəşi, eyni ayı, eyni yağışı, eyni küləyi, bölürəm sənlə.

Əzablıdır deyirlər, nəyini sevirsən deyə, səni gözümdən salmağa çalışanlara da nifrət edirəm. Yox deyirəm. Bu sevginin həsrəti özündən daha gözəldi. Adın dilimin duasıdır… Bu belə yetir mənə…

Nə olsun arada uşaq kimi qəribsəyirəm, kövrəlirəm. Nə olsun? Sən ki, varsan bu şəhərdə, mənim bəsimdi. Elə varlığın üçün sağ ol əzizim…