Çin uyğur müsəlmanları niyə qəddarcasına əzir –böyük imperiya qurmaq yolunda ən böyük maneə uyğurlardır – Araşdırma

Robert Kaplan

The Wall Street Journal (ABŞ), 19.09.2018

 

Çinin qərbində bir milyona qədər adamın gizli düşərgələrdə nəzarətdə saxlanması daxil olmaqla türkdilli uyğurlara qarşı repressiyalar Pekinin yeni imperiya siyasətinin əsas tərkib hissəsidir. Yalnız Çin imperiyasının dinamikasını anlamaqla bu qəddar kampaniyanın mahiyyətini ayırd etmək olar.

Minyonlarla uyğurun yaşadığı Sintszyan-Uyğur muxtar rayonunun adlandırıldığı kimi “Sintszyan” sözü “yeni torpaq” kimi tərcümə olunur. Bu ərazi tarixən və coğrafiyaca Şərqi Türküstan adıyla tanınıb. Çin dövləti 3500 ildən çox var olsa da, Sintszyan Tsin imperiyasının tərkibinə  yalnız XVIII əsrin ortalarında girib. O o vaxtdan, Britaniya araşdırıcısı Fitsroy Maklinin (Fitzroy Maclean) dediyi kimi, “dayanıqlı burulğanlıq”dadır.

Mən 1994-də Sintszyan-Uyğur muxtar bölgəsinin ərazisinə ilk dəfə gedəndə və uyğurlardan müsahibə götürəndə aydın oldu ki, onlar Çinin xan işğalçılarına kəskin nifrət bəsləyirlər. Gənc bir uyğur mənə söylədi: “Bura Çin deyil, Türküstandır. Çinlilər bizim dilimizi öyrətmirlər, bizlərdən çoxu isə Çin dilini öyrənmir. Hətta sırf insani baxımdan da münasibətlər çox pisdir”.

O vaxtdan münasibətlər daha da pisləşib. Çinin liberallaşdırmadan imtinasının bir dərin və gizli səbəbi var. O bundan ibarətdir ki, avtoritar rəhbərliyi milli üsyanlardan qorxur. Bu cür iğtişaşlar 1980-ci illərdə Sovet İttifaqında liberallaşama prosesi başlanarkən əyalətlərdə baş verib. Çin buna görə də öz siyasi sistemini qapalı saxlayır, eyni zamanda diplomatiya və iqtisadi müdaxilə vasitəsilə Mərkəzi Asiyaya nüfuz edir. O bu bölgədə çox böyük infrastruktur layihələri gerçəkləşdirir ki, keçmiş Sovet İttifaqının türkdilli müsəlmanlarıyla müttəfiqlik münasibətlərinə girsin və öz müsəlmanlarını gələcək üsyanların arxa baza dəstəyindən məhrum etsin. Çinin öz sərhədlərindən qırağa irəliləməyi son nəticədə bununla bağlıdır ki, ölkə daxilindəki iblisləri aradan qaldırmayıb. Çin xüsusən də qərb hissədə quruda tarixən pis qorunduğundan dəniz ekspansiyası ilə məşğul olmaq imkanları olmayıb. Min sülaləsi  idarəçiliyinin başlanğıcında admiral Çjen Henin Hind okeanı üzrə dəniz səyahətini saymasaq, Çinin yetərincə zəif dəniz ənənələri var. Amma bu ölkə bu gün əsasən qurudan etibarlı qorunur və buna görə də dünyada ən böyük hərbi-dəniz qüvvələrinin yaradılmasına hədəflənib. Müsəlman uyğurlara güclənən basqı isə bu prosesdə son akta çevrilib. Bütün Avrasiya boyu quru yolu və dəniz nəqliyyat dəhlizlərinin yaradılmasını nəzərdə tutan “Bir qurşaq, bir yol” təşəbbüsü uyğur əhalinin tam tabeliyini tələb edir.

XXI yüzillikdə bu İpək yolunun ürəyi Mərkəzi Asiyadır. Çin türk əhalili keçmiş sovet respublikalarının ərazisində avtomobil və dəmir yolları salmaq və boru kəmərləri çəkməklə  İranla sıx əlaqələr qurur. Çin-İran iqtisadi və infrastruktur alyansı Avrasiyada üstünlük təşkil edəcək,   Rusiya isə bu durumda bir qırağa sıxışdırılmış olacaq. Amma bunun üçün Pekinə itaətkar uyğur əhali lazımdır, çünki sahilyanı Çinlə Yaxın Şərq arasındakı bütün bu yollar və energetika marşrutları Sintszyandan keçir.

Çinlilər əhalini çoxmənzilli evlərə yerləşdirərək və folklor bazarını modernləşdirərək ənənəvi uyğur mədəniyyətini məzmunsuzlaşdırmağı planlaşdırırlar. Onlar habelə şəhərləri yeni ikitərəfli avtoyollar və yüksəksürətli dəmiryollarıyla birləşdirmək istəyirlər. Mən 2015-də Sintszyan-Uyğur muxtar bölgəsinə yenidən səfər edərkən bunun şahidi oldum. Bundan savayı, onlar minlərlə uyğuru nəzarətlilər üçün düşərgələrə yerləşdirir, eyni zamanda başqalarının maddi rifahını yüksəldirlər. Bu, klassik qamçı və kökə taktikasıdır. Bütün bunların məqsədi bu gün var olduğu görkəmdə uyğur müsəlman mədəniyyətinin axırına çıxmaq və çinli xanların bu narahat sərhədyanı zonada ağalığını qurmaqdır.

Kütləvi informasiya vasitələri Çinin inşa etdiyi limanlar və baş avtoyollar üzərində nəzarəti ələ almaq üçün Pakistan və Şri-Lanka kimi böyük ölkələri borca necə salmağından çox yazır. Amma onlar Çinin böyük Avrasiya strategiyasının etnik tərkib hissəsinə xeyli az diqqət ayırırlar. Bu isə diqqətli marağa layiqdir, çünki uyğurların çöllük vətəni Çinin XXI əsr İpək yolunda ən zəif bənd ola bilər.

Bu prosesdə milli qürur və narazılıq duyğusunu gərəyincə dəyərləndirməmək olmaz. Honkonq və Makao Avropa müstəmləkəçilərinin əsarətindən çıxaraq Çinin alçaldığı xarici qəsd dövrünə formal olaraq son qoyub. Xarici Monqolustanın suverenliyi Çinin iqtisadi maraqlarilə xeyli zəiflədilib. Tibet kölə gününə salınıb. Sintszyan dirənən və böyük quru Çini yaratmağa mane olan son qaladır. Belə bir Çin yaradılsa, Pekin diqqətini tam şəkildə Şərqi Çin və Cənubi Çin dənizlərində öz ağalığını qurmağa cəmləyəcək. Bu ona Myanmadan Cibutiyə qədər yeni limanlar saldığı və layihələşdirilməsinə yardım etdiyi Hind okeanına yol açacaq. Kim deyir ki, imperiyalar dövrü arxada qalıb?

ABŞ Yer kürəsinin o biri başında yerləşdiyindən açıqca yeni imperiyanın təşəkkülünə mane olmaq durumunda deyil. Vaşinqton maraqlıdır ki, ABŞ-ın bir vaxtlar Qərb yarımkürəsində etdiyi kimi Şərq yarımkürəsində də heç bir dövlət ağalıq edə bilməsin. Amma Çinin İrandan keçən və davam edən İpək yolu, habelə Çinin Avrasiyanın cənub hüdudlarında hərbi-dəniz iştirakı ona bu cür ağalıq qurmağa yardım edər.

İkitərəfli münasibətlərdə antaqonizm siyasəti (Amerika isə bu gün məhz belə bir kursu izləyir) ABŞ-ı bu qovğada ən böyük üstünlükdən – təməlində Amerikanın azad bazar, vətəndaş cəmiyyəti və insan haqları idealları duran alyanslar sistemindən məhrum edir. Belə rəqabət şəraitində uyğurların hüquqlarını pozduğuna görə Çini sorğuya çəkmək vacibdir. Bu, Çinin HDQ Cənubi Çin dənizində önləməyə yardım edəcək gerçəkçi yanaşma ünsürüdür. Uyğurların əzilməsi ÇXR-in böyük strategiyasının hissəsidirsə, deməli, Amerika Çində insan haqlarını təkidlə qorumalıdır və bu onun yanaşmasının ayrılmaz tərkib hissəsi olmalıdır.

 

Robert Kaplan – “Marko Polo dövrünün dönüşü. Müharibə, strategiya və XXI əsrdə Amerika maraqları” (The Return of Marco Polo’s World: War, Strategy, and American Interests in the Twenty-First Century) kitabının müəllifidir. Yeni Amerika təhlükəsizliyi uğrunda Mərkəzdə (Center for a New American Security) baş elmi işçi və “Avrasiya qrupu”nda (Eurasia Group) baş müşavir işləyir.

 

Tərcümə Strateq.az-ındır.