UKRAYNA RUSİYA İLƏ ƏLAQƏLƏRİNİ TAM KƏSİR –Bu, Kremlin MDB-də təklənmə prosesini sürətləndirəcək – TƏHLİL

“Nezavisimaya qazeta”, Rusiya

 

Hələ iki onillik bundan öncə indiki postsovet məkanında bir-birinə, demək olar ki, ən yaxın olan iki ölkə (Rusiya və Ukrayna – tərc.)arasında münasibətlərin kəsilməsinə keçmiş ittifaq respublikaları, həmçinin MDB üzrə tərəfdaşlar reaksiya vermədilər. 2008-ci ildə Cənubi Osetiyada baş verən hadisələrə münasibətdə olduğu kimi.

Moskva dərdinə şərik olan, Kiyevsə açıq dəstək görmədi. Ukrayna Prezidentinin müvafiq fərmanına, gözlənildiyi kimi, “Rusiya təhdidi” ilə birgə mübarizə öhdəliyilə Kiyevə bağlı olan Kişinyovda və Tbilisidə reaksiya vermədilər. Bakıda, Yerevanda, Astanada və Orta Asiyanın bütün digər paytaxtlarında susdular. Ancaq ən təəccüblüsü odur ki, artıq Ukrayna ilə Rusiyanın rəsmi “boşanması” olan bu hadisə haqqında slavyan üçlüyünün üçüncü “qardaşı” – Aleksandr Lukaşenko bir söz belə, demədi.

Onun durumu həssasdır: istəsə də, istəməsə də qardaş xalqlar və onların liderləri arasında seçim etməlidi. Bu isə, rus nağılında olduğu kimi, “istər sağa, istərsə də sola get, istənilən halda itirəcəksən” deməkdir. Düzdür, Lukaşenko üçüncü yolu – Avropa Birliyini gözaltı etdi, ancaq istənilən halda keçid dövrünü yaşamaq lazım gələcək. Arzu olunan odur ki, bu, Minskə daha az itkilər hesabına başa gəlsin.

Baxmayaraq ki, Lukaşenkonun daha əvvəl bəyan etdikləri çox şey deyir: “Mən həmişə Ukraynanın birliyi və bütövlüyündən yana olmuşam. Ukrayna bütöv olmalıdır. Biz, belaruslar bunda maraqlıyıq və şəxsən mən də həmçinin… Ukraynalılara qarşı döyüşən döyüşçüləri məhv etmək lazımdır”.

Aydındır ki, söhbət Donbasdan gedir. O da aydındır ki, belarus lider “döyüşçülər” dedikdə kimləri nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, danışığın ardınca işlər gəldi: Ukraynada hadisələrin başlaması ilə Belarusda belaruslaşdırma siyasəti aktivləşdirildi, Donbasda döyüşən könüllülərin təqib olunması və Rusiya tərəfdarı olan jurnalistlərin həbsi başladı, Qərblə münasibətlər istiləşdi, Rusiyaya yönəlik hücumlar isə artdı.

Bu, həm Brüsseldə, həm də Moskvada qeyd edildi. Belarusun Rusiyanı Qərbdən qoruduğunu anlayan Kreml bu istiqaməti açıq qoya bilməz. Ona görə də öz fikirlərini səsləndirmir. Növbəti Rusiya kreditinə ümid edən Lukaşenko isə onu itirmək istəmir. O da artıq-əskik danışmamağa çalışır.

Məlumdur ki, bazar ertəsi Prezident Poroşenko Ukrayna ilə Rusiya arasında “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqavilənin ləğvi barədə fərman imzalayıb.

Bu sənəd hələ 31 may 1997-ci ildə prezidentlər Boris Yeltsin və Leonid Kuçma tərəfindən imzalanıb. O, ölkələr arasında strateji tərəfdaşlıq, mövcud sərhədlərin dəyişməzliyi və ərazi bütövlüyünə hörmət prinsiplərini təsbit etmişdi.

Kiyev hesab edir ki, RF müqavilənin bütün bəndlərini pozub. Müqavilə növbəti ilin 1 aprel tarixindən etibarən qüvvədən düşəcək.

RF XİN bəyan edib ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun Rusiya ilə dostluq müqaviləsinin ləğv edilməsi haqqında verdiyi qərar, onun “illərlə, onilliklərlə qazanılan hər şeyi asanlıqla dağıtmağa” hazırlığını nümayiş etdirir. XİN əminlik ifadə edib ki, Rusiya ilə Ukrayna münasibətlərindəki hazırkı böhran “qaçınılmaz olaraq rəf ediləcəkdir”.

Ancaq bunun nə zaman baş verəcəyini heç kim bilmir. Və bu gün Birlik(MDB – tərc.) paytaxtlarında düşünürlər ki, bundan sonra nə olacaq?

Moldova hökuməti özünün Avropa seçiminə sevinir. Gözlənilir ki, Kişinyov antirus ritorikasını gücləndirəcək. Ən azı gələn ilin fevralında keçiriləcək parlament seçkilərinədək. Yeni reallıqda solların (rusiyameylli) və sağların (avropameylli) elektorat uğrunda mübarizəsi sərtləşəcək.

Orta Asiya ölkələrində Moskva ilə Kiyevin münasibətləri haqda susurlar, lakin böyük istehlak və işçi qüvvəsi bazarı olan Rusiya ilə, həmçinin Qərblə münasibətləri inkişaf etdirəcəklər. Özbəkistanın uğurla etdiyi kimi.

Avrasiya üfüqlərindən kənara çıxma cəhdlərini digər ölkələr də edir. Misal üçün, prezidenti ABŞ-a səfər etməyə hazırlaşan TürkmənistanMDB-də başa düşürlər ki, dünya yerində durmur. Ona görə də Birlik ölkələrində xarici siyasətin çoxvektorluluğu sağ qalma formulu olacaq. Rusiya ilə “göbəkbağını” kəsən Ukraynadakı durum bu prosesi aktivləşdirir.

Tərcümə Strateq.az-ındır