Deputat Rəşad Mahmudova yeni vəzifə verildi

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.

Reportyor.az  xəbər verir ki, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.

R.Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib.

1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib.

R.Mahmudov bu yaxınlaradək – 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.