Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı istintaqı dərinləşib

            Proses iki sabiq və vəzifə başında olan iki icra başçısının həbsinə doğru gedir

 


Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bəyan edib ki, Baş Prokurorluq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Bakı şəhərindəki qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb. Baş prokuror Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanması və toplanmış faktların prokurorluq orqanlarına göndərildiyini də açıqlayıb. “Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır”. Baş prokuror Zakir Qaralovun bu məlumatı açıqlaması göstərir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı istintaq dərinləşib və proses iki sabiq və vəzifə başında olan iki icra başçısının həbsinə doğru gedir. Belə görünür ki, Yasamal və Binəqədi rayonlarının sabiq icra başçıları İbrahim Mehdiyev və Xaləddin İsgəndərovla yanaşı, Nəsimi və Xətai rayonlarının hazırkı başçıları Asif Əsgərov və Razim Məmmədovun da hüquqi müstəvidə problemlə üzləşəcəyinə şübhə ola bilməz. Çünki, söhbət ən azı 96 tikinti obyektində aşkarlanan ciddi qanun pozuntularından gedir və bu məlumat Baş prokuror tərəfindən ictimaiyyətə rəsmən açıqlanıb. Bu məlumatın Baş prokuror tərəfindən açıqlanması eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmaların daha dərinləşəcəyinin anonsu kimi də qəbul edilə bilər. Bu arada Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevlə bağlı iqtidaryönlü mediada şok faktlar yayılıb və təkzib olunmayıb. İddialara görə, İbrahim Mehdiyev 2000-2006-cı illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən köhnə maşın bazarının arxasında böyük torpaq sahəsini ələ keçirib. Bundan başqa iddialara görə, sabiq icra başçısının Xətai rayonu, Sarayevo küç, 1 (Əhmədli metrosunun yanı) Soliton Mağazalar Şəbəkəsinin yerləşdiyi bina, “Baku Electronics” MMC-nin Əhmədli filialının binası, Əhmədlidə bir neçə yaşayış binasında mənzilləri və bahalı villaları da var. Məlumdur ki, sabiq icra başçısı bunları əmək haqqı ilə əldə etməyib.

Eyni zamanda məlumatda İbrahim Mehdiyevin 2006-cı ilin sentyabrından 2017-ci ilin iyununa kimi Yasamal rayonuna rəhbərlik etdiyi dövrdə Yasamalda da bir sıra iri milyonluq obyektlərə sahiblənməsi də iddia olunur. Bütün bunlardan əlavə sabiq icra başçısının paytaxtın müxtəlif ərazilərində bahalı daşınmaz əmlaklarının olması da iddiaların arasında yer alıb. Yuxarıda qeyd etdiyimiz kimi hər birinin dəyəri yüz min manatdan, bəzən isə milyon manatdan artıq olan mülkləri və obyektləri sabiq icra başçısı İbrahim Mehdiyevin əmək haqqı ilə almadığı məlumdur. Əlbətdə, İbrahim Mehdiyev də Bakı Metroplitenin sabiq rəisi Tağı Əhmədov kimi mülk və obyektlərini 40 illik əmək fəaliyyəti, daha doğrusu 54 illik əmək fəaliyyəti zamanı əldə etdiyi əmək haqqı ilə qazandığını iddia edə bilər. İbrahim Mehdiyev əmək fəaliyyətinə 1963-cü ildə “Azərelektroişıq” zavodunda çilingər olaraq başlayıb və 2017-ci ilin iyulun ilk günü Yasamal rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilənə kimi müxtəlif vəzifələrdə, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru, 2000-ci ildən 2006-cı ilədək Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bütün bu vəzifələrdə çalışdığı 54 il müddətində aldığı əmək haqqını xərcləmədən yığsa belə, İbrahim Mehdiyevin paytaxtdakı mülk və obyektlərini həmin pulla almadığını sübut etmək çətin olmayacaq. Eyni zamanda İbrahim Mehdiyevin 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai, 2006cı ildən 2017-ci ilin 1 iyul tarixinə kimi Yasama Rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dövrdə tikintilərə verdiyi icazələrin qanunlara tam uyğun olmadığını da sübut etmək çətin olmayacaq. Əgər ölkənin Baş prokuroru Zakir Qaralov qanunsuz tikintililərlə bağlı paytaxtın dörd rayonun arasında Xətai və Yasamal rayonlarının adlarını çəkirsə, İbraham Mehdiyevin bu iki rayondakı tikintilərlə bağlı sərəncamlarında qanuna zidd məqamlar hökmən var. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dərinləşən istintaq bütün bunları hökmən üzə çıxaracaq.

 

Baş prokurorun açıqlamasında adı keçən digər dörd rayonun, Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov, Xətai və Nəsimi rayonlarının icra başçıları Asif Əsgərov və Razim Məmmədov haqqındakı araşdırmalarımızla növbəti saylarımızda tanış ola biləcəksiniz. Eyni zamanda Baş prokuror Zakir Qaralovun haqqında bəhs etdiyi qanunsuz tikililər və istintaqla bağlı əldə edə biləcəyimiz məlumatları da oxucularımızla bölüşəcəyik.

A.Nəbiyev,

“Yeni Sözçü” qəzeti