Yadigar Cəfərli yazır – Xalqımızın yetirdiyi böyük dəyər

 

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bu, çox böyük bir mədəniyyət hadisəsidir. İndiyə qədər Yer üzünə gəlmiş, keçmiş ən böyük şairlərdəndir Nəsimi.

Bu gün danışıb, yazıb, oxuduğumuz ədəbi dilimizin lüğəti, ən inkişaf etmiş səviyyəsində məhz onun yaradıcılığından başlanır. Ruslarda beləsi Puşkin sayılır.

Nəsiminin bütün şeirləri kamillik qapısına açardır. Onun şeirlərində bütün varlıq 4 həqiqətdən ibarətdir: Allah, Mənəvi aləm, Maddi aləm və İnsan. Heç nə yox, elə məşhur “Sığmazam” qəzəlindəki dördcə misraya diqqət edək:

 

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,

Tur ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

 

Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm,

Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

 

Oxuyanda fikirləşirsən, hə, nədir ki, adi sözləri yığıb yan-yana, eləyib qəzəl də.

Amma gəl, indi bu misraların hərəsinin öz hekayəsinə bax.

Quranda Musaya peyğəmbərlik verildiyi ərəfədə, Mədyəndən Misirə gedərkən onun yolda bir öz-özünə alışan göyəm ağacı ilə qarşılaşdığı məqam var. Heyrətdən çaşan Musaya ağacdan səda gəlir ki, o, Allahın özüdür.

Bu dördcə misrada Nəsimi həm Musanın Allahla danışdığı Tur dağına işarə edir, həm Musa peyğəmbəri heyrətləndirən ağacı təsvir edir, həm də “çərxə çıxan həcər” ifadəsi ilə Kəbədəki müqəddəs qara daşa toxunur. Üstəlik kamil insanın bütün bunların heç birinə sığmaması həqiqətini ərz edir.

İmadəddin Nəsimi xalq olaraq yetirdiyimiz böyük bir dəyərdir.

Malik olduqlarımızın qədrini bilək, hər zaman.