Azərbaycanda orta məktəbdə insident – Naməlum şəxslər dərs prosesini belə pozdu – GİZLİ ÇƏKİLİŞ

Lənkəran rayonunda orta məktəblərin birində naməlum şəxslərlə müəllimlər arasında insident yaşanıb.

Reportyor.az bildirir ki, A24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Türkəncil kəndində yerləşən orta məktəbdə qeydə alınıb. Məlumatda təhsil müəssisəsinə daxil olan naməlum şəxslərin dərs prosesini pozduğu bildirilir. Həmin şəxslər şagirdlərin Türkəncil kənd orta məktəbində təhsil almasının əleyhinə olduğunu qeyd edib.

Hadisənin səbəbləri barədə məlumat yoxdur.

Məlumata görə, Türkəncil kənd orta məktəbi sökülür və yeni modul tipli məktəbin tikintisi həyata keçirilir. Bu səbəbdən sökülməkdə olan köhnə məktəbin inzibati binasında iki sinif otağı qaldığından yuxarı sinif şagirdləri həmin məktəbdə təhsil alırlar. Aşağı sinif şagirdlərinin isə kənd sakinlərinin – müəllimlərin, xadimələrin və valideynlərin evlərində təhsil aldığı bildirilir.

Məsələ ilə əlaqədar olaraq Türkəncil kənd orta məktəbin direktoru A24.az-a açıqlamasında bildirib ki, orada heç bir insident yaşanmayıb: “Yeni məktəbin tikintisi ilə əlaqədar aşağı sinif şagirdlərinə dərs müəllim və xadimələrin evlərində keçirilir. Heç bir narazılıq da yoxdur. Hazırda kəndimizdə yeni məktəb tikilir. Ustalar işləyir. İbtidai sinif və 8-ci sinif şagirdlərinə dərslər evdə keçirilir. Digər siniflər isə məktəbin öz binasında tikilir. Dərs keçirilən evlərdə isə hər bir şərait qurulub. Məktəbimizdə heç bir insident yaşanmayıb. Həmin günü mən məktəbdə olmamışam. Özünü jurnalist kimi təqdim edən bir neçə nəfər kəndin yolunun problemlərini çəkmək adı ilə bizim məktəbimizə də gəliblər. Bilmirəm ki, kimlərdir, avara adamlardır ki, gəlib dərs prosesini pozublar. Bəziləri deyir ki, guya ATV kanalından gələn jurnalistlərdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 21 mart tarixli Sərəncamı ilə Lənkəran rayonunun Türkəncil kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılıb.

Orta məktəbdə yaşanan insidentin görüntülərini təqdim edirik: