SABİQ SƏFİRDƏN ÇAĞIRIŞ: Putini sözlə qorxutmaq deyil, qulağını burmaq lazımdır – TƏHLİL

Aleksander Verşbou

“Vaşinqton Post”

Ötən Bazar günü Rusiyanın Kerç boğazını qapatması və üç Ukrayna gəmisini zorakılıqla ələ keçirməsi beynəlxalq hüququn və Ukrayna-Rusiya ikitərəfli razılaşmalarının açıq şəkildə pozulmasıdır. Rusların 2014-cü ildə Krımı qanunsuz birləşdirməsindən və Şərqi Ukraynada elan edilməmiş müharibəsindən fərqli olaraq, bu, “kiçik yaşıl adamlar”ın hücumu deyildi. Qara dənizdə və Azov dənizindəki öz sularında fəaliyyət göstərən suveren bir dövlətə qarşı Rusiya hərbi donanması və təhlükəsizlik xidmətlərinin həmləsi birbaşa təcavüzü idi.

Bu hərəkətlər 2019-cu il seçkiləri ərəfəsində Ukraynanın qeyri-sabitləşdirilməsinə yönəldilmiş və iqtisadiyyatına zərbə vurma niyyətli tədbirlər kimi qəbul edilə bilər.

Tramp administrasiyası bu addımları ritorik şəkildə qınayıb, lakin cavab vermək üçün hər hansı xüsusi tədbirlə hələ də təhdid etməyib. Bu səhvdir. Bazar günü hadisələrinə görə təpik yeməsə, Vladimir Putin bunu gərginliyin artırılmasına yaşıl işığın yandırılması kimi anlayacaq, Azov dənizində tam blokadaya və ya Şərqi Ukraynada yeni hücum hərəkətlərinə girişəcək.

Xatırladaq ki, Bazar günü baş verən hücumlar ilk dəfə törədilmir. Rusiya keçən 3-4 ay ərzində Ukraynaya təzyiqləri yavaş-yavaş artırıb və 2008-ci ildə Gürcüstana qarşı təcavüzdə gördüyümüz kiçik addımlar atıb.

Rusiyanın gələcək aksiyaları daha pis ola bilər. Son aylar ərzində Moskva işğal altında olan Donbasda təmas xətti boyunca Ukraynanın hərbi və mülki hədəfləri üzərinə davamlı artilleriya və raket hücumlarına başlayıb. Ruslar yay mövsümündə Ukraynanın Azov dəniz limanlarına – Mariupol və Berdyanska beynəlxalq daşınmalara müdaxilə edib, yerli və milli iqtisadiyyata ciddi itkilər veriblər. Kreml bu ayın əvvəlində Ukrayna şirkətləri və qərbli biznesmenlərə qarşı sanksiyalar tətbiq edib. Donetsk və Luqanskda seçkilərin keçirilməsinə icazə veriblər.

Moskva Ukraynanın öz sərhədlərini müdafiə edə bilməyən uğursuz dövlət olduğunu göstərməyə qərarlı görünür. Gələcək seçkilərdə Kiyevdə hakimiyyətə daha çox onun istəyinə uyğun hərəkət edən liderləri gətirmək və Ukraynanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasını geri döndərməyə ümid edir. Buna görə də, Ukraynanın suverenliyi və Avropaya inteqrasiyası çox vacibdir, bu, qanunun aliliyinə əsaslanan beynəlxalq hüquqa uyğundur.

ABŞ və Avropa İttifaqının ritorik qınaması vacibdir, lakin kifayət deyil. ABŞ və onun avropalı müttəfiqləri işğal olunmuş bölgələrlə ticarətdə iştirak edən Rusiya şirkətlərinə, banklara və fərdi şəxslərə – Putinin dostlarına sərt iqtisadi sanksiyalar daxil olmaqla, real öhdəliklər tətbiq etməlidirlər.

Baltik dənizi vasitəsilə “Nord Stream 2” qaz kəmərini dondurması və yaxud ləğvi Almaniya ilə razılaşdırılmalıdır. Ukraynadan yan keçən “Nord Stream 2” onun neft-qaz sistemini qeyri-sabitləşdirir, Ukraynaya milyardlarla dollar itki verir və ÜDM-ini 3 faiz azaldır. “Nord Stream 2” – Rusiyanın zəmanətini əldə etmək istəyən Avropanın absurd səyləridir. Berlin bu layihədə iştirakdan imtina etməsə, Birləşmiş Ştatlar “Nord Stream 2” layihəsində iştirak edən beynəlxalq enerji şirkətlərinə sanksiyalar tətbiq etməlidir.

ABŞ və onun müttəfiqləri NATO-nun Qara dənizdəki hərbi iştirakını genişləndirməlidirlər və bu, Rusiyanın meydan oxuduğu beynəlxalq sularda Ukraynaya dəstək göstərmədir. Birləşmiş Ştatlar və onun müttəfiqləri Azov dənizi sahilində yerləşməklə, sahil mühafizə sistemlərinin təmin edilməsi ilə yanaşı, Ukrayna donanmasına da dəstək verməlidirlər. Belə tədbirlər olmadan Rusiya bu gün Ukraynaya, sabah Qərbə qarşı, cəzasız qalmaqla, gərginliyi davam etdirəcək.

Birləşmiş Ştatlar prezident Trampın G20 sammitində Putinlə görüşünə qədər hərəkət etməlidir. ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması Putinin yalnız boş ifadələrlə deyil, Amerikanın gücü ilə üzləşdiyi halda mümkün olacaq.

Tramp Rusiyaya qarşı daha sərt olacağına söz verib. Günün sual budur: o, Rusiyanın Azov dənizini ələ keçirməsinə imkan verəcəkmi?

Tərcümə: Strateq.az