Rahib Hüseynov həbs olundu

Valideynləri onun və qardaşı Eminin həbsi ilə barışacaqmı?

 

Ayrı-ayrı zamanlarda bir neçə dəfə ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuş “Azərbaycan Dəmir Yolları”QSC-nin sabiq rəisi və bu vəzifədən azad edildikdən sonra qısa müddət ərzində nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun adının qarışdığı qalmaqal yenidən gündəmə gəlib. Buna səbəb isə Arif Əsgərovun baldızı Lətifə Hüseynovanın oğlu Rahib Hüseynovun yoxa çıxması ilə bağlı fəryad qoparması oldu.

Lətifə Hüseynova Arif Əsgərovun Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki villasının qapısının önündə fəryad edərək oğlunun taleyinə aydınlıq gətirməsini tələb edib. Belə anlaşılır ki, Lətifə Hüseynova oğlunun yoxa çıxmasında Arif Əsgərovun oğlu Elnar Əsgərovun əli ola biləcəyindən şübhələnir. Onun bu şübhəsinin nə qədər əsaslı olduğuna bir qədər aşağıda aydınlıq gətirəcəyik. Hələlik isə bəzi məlumatı qeyd etmək istərdik ki, məsələ oxuculara aydın olsun.

Beş il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu və QSC-nin marketinq şöbəsinin rəisi olan Rahib Hüseynovun 70-ə yaxın iş adamının 48 milyon manatını dələduzluq yolu ilə mənimsəməsi haqqında məlumatlar yayıldı. Məlumatlarda iddia olunurdu ki, bir qrup iş adamı (həqiqətdə isə onlar iş adamı yox, məmur övladlarıdır-qeyd) üzləşdikləri dələduzluqla bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Rahib Hüseynovun həbs edilməsi xəbəri yayıldı. Bir müddətdən sonra məlumat yayıldı ki, zərərçəkənlərin pulları ödənib. Həmin dövrdə baş verənlərə Arif Əsgərovun baldızı Lətifə Hüseynova indi aydınlıq gətirir. “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib ki, Arif Əsgərov onların – onun özünün və həyat yoldaşı İsmayıl Hüseynovun vasitəsilə iş üzrə zərərçəkənlərə 21 milyon manat pul ödəyib. Rahib Hüseynov həbs ediləndən sonra 4-5 ay ərzində şikayətçilərə 21 milyon manat ödənib və onlar şikayətlərindən imtina ediblər. Daha sonra isə Rahib Hüseynov azadlığa buraxılıb.

Bu qalmaqaldan üç il sonra, 2016-cı ildə Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı yenidən külli miqdarda dələduzluq olayı ilə bağlı gündəmə gəldi. Bakı şəhər sakini Məmmədov Emil Kərim oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək 2 500 000 (iki milyon beş yüz min) ABŞ dollarının 2011-ci ilin mart ayından 2013-cü ilin iyun ayına kimi olan müddət ərzində dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı cinayət işinin qaldırılmasını tələb edib. Daxili İşlər Nazirliyininin Baş İstintaq və Təhqiqat idarəsində Emil Məmmədovun müraciəti ilə bağlı araşdırma da aparılıb. Məsələn,  Daxili İşlər Nazirliyininin Baş İstintaq və Təhqiqat idarəsinin o zaman rəis müavini olan Teymur Hacıyevin Emil Məmmədova göndərdiyi 20.07.2016-cı il tarixli, 005-6583-3216 saylı cavab məktubunda qeyd olunur ki, Məmmədov Emil Kərim oğlu 2 500 000 (iki milyon beş yüz min) ABŞ dollarının 2011-ci ilin mart ayından 2013-cü ilin iyun ayına kimi olan müddət ərzində dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı 1 iyul 2016-cı il tarixli müraciəti əsasında Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Lakin bu şikayətlə bağlı daArif Əsgərovun oğlu Elnar Əsgərov deyil,baldızı oğlu Emin Hüseynov (Rahib Hüseynovun qardaşı-müel.) həbs olunub və 9 il müddətinə azadlıqdan məhrumedilib. Emin Hüseynovun anası Lətifə Hüseynova müsahibəsində deyib ki, oğlanlarını həbsə yollamaqla bacısı oğlu Elnar Əsgərov özünü təmizə çıxarmaq istəyir və buna görə də iş üzrə zərərçəkən Emil Məmmədova təzyiq göstərilib.

Ancaq iş üzrə olan məlumatlardan aydın görünür ki, Elnar Əsgərovla Emil Məmmədov arasında münasibətlər olub və buna görə də bu şəxsə 3 dəfə, 500 min bir, 200 min bir, 100 min bir olmaqla pul verib.

Bu proseslərdə Əsgərovların məsuliyyətdən kənarda qalması tam məntiqsizlikdir. Çünki, Rahib Hüseynov Arif Əsgərovun yaxın qohumu, onun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları”QSC-nin aparıcı şöbələrindən birinin müdiri olub. Bundan başqa Rahib Hüseynova külli miqdarda pul verən şəxslərin arasında həmin “Azərbaycan Dəmir Yolları”QSC-nin əməkdaşları da olub. Bütün bu maliyyə əməliyyatları isə “Azərbaycan Dəmir Yolları”QSC-nin ehtiyacı olan avadanlıqların, TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya aləti və başqa mallardan gedir.

Noyabr ayının 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası zamanı R.Hüseynova son söz deməyi təklif edib. Hüseynov məhkəmədən ona vaxt verilməsini istəyib. Bu səbəbdən də məhkəmə noyabrın 20-nə təxirə salınıb. Həmin proses zamanı dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilməsini istəyib.

Noyabrın 20-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Rahib Hüseynovun məhkəməyə gəlmədiyi məlum olub. Bundan sonra məhkəmə R.Hüseynov barəsində axtarış qərarı çıxarıb.

Bundan sonra onun anası Lətifə Hüseynova oğlunun yoxa çıxması haqqında fəryad qopardı. Həftənin ilk günü isə Rahib Hüseynovun könüllü olaraq məhkəməyə gəlməsi və həbs edilməsi xəbəri yayıldı. Ona qarşı irəli sürülən bütün ittihamları əsassız hesab edən Rahib Hüseynovun bu müddətdə harada olması hələlik məlum deyil. Rahib Hüseynovun da qardaşı Emin kimi uzun müddətdə azadlıqdan mərhum ediləcəyinə şübhə yoxdur.

Əsas sual isə onunla bağlıdır ki, iki oğlunun uzun müddətli azadlıqdan mərhum edilməsi ilə Rahib və Emin Hüseynovların valideynləri, xüsusilə də Arif Əsgərovun baldızı olan anaları Lətifə Hüseynova barışacaqmı?

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti