ORTA MƏKTƏBDƏ QEYRİ-ADİ HADİSƏ – İngilis dili keçən şagirdlər rus dilindən imtahan verməli olacaq

Azərbaycanda 9 il ingilis dili tədris olunan məktəbin şagirdləri buraxılış imtahanında xarici dil olaraq rus dilindən imtahan verəcək.

Reportyor.az xəbər verir ki, Lerik rayonunun Veri kəndində yerləşən tam orta məktəbin məzunlarına buraxılış imtahanında rus dilindən imtahan vermələri ilə bağlı xəbərdarlıq edilib. Bu da 9 il ingilis dilindən təhsil alan şagirdlərin narahatlığına səbəb olub. Məlumata görə, rayonun Küsəkəran kənd ümumi orta məktəbin ingilis dilindən təhsil alan şagirdləri 10 və 11-ci sinifdə təhsil almaq üçün Veri kənd tam orta məktəbdə yerləşdirilib. Həmin şagirdlərə 9 il ingilis dilindən təhsil almalarına baxmayaraq, buraxılış imtahanında rus dilindən imtahan verəcəkləri bildirilib.

“Hazırda Lerik rayonun Veri kənd tam orta məktəbində təhsil alan Küsəkəran kənd ümumi orta məktəbin məzunları xarici dil olaraq doqquz il ərzində ingilis dilini keçiblər. Hazırda da xarici dildən imtahanlara ingilis dilindən hazırlaşırlar. Tam orta məktəbdə isə bu məzunlar X-XI siniflərdə rus dilini keçirlər. İndi məlum olur ki, bu məzunlar ingilis dilindən yox, məhz rus dilindən imtahan verəcəklər. Bu isə valideynlər və abituriyentlər arasında haqlı narazılığa və təşvişə səbəb olub”, deyə məlumatda bildirilir.