Ukrayna-Rusiya müharibəsi başlayarsa… – “Bu, Rusiya daxilində ciddi parçalanmaya səbəb ola bilər”

Ramil Məmmədli: “Bu, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dağılmasına da gətirib çıxara bilər”

“Tərəflər arasında diplomatik münasibətlər qalır, sərhədlər açıqdır, gediş-gəliş var, Kiyevdə Rusiya, Moskvada isə Ukrayna səfirliyi fəaliyyət göstərir, halbuki müharibənin qaydaları bunu diqtə etmir”

Rusiya gəmilərinin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açmasından, onları girov götürməsindən sonra tərəflər arasında gərginlik pik nöqtəyə çatıb. Odur ki, hər an Ukrayna-Rusiya müharibəsinə şahidlik edə bilərik. Rəsmi Kiyevin Kremlin ünvanına səsləndirdiyi ittihamlar, təhdid xarakterli bəyanatlar da məhz belə deməyə əsas verir ki, Ukrayna prezidenti Petro Poroşenko beynəlxalq ictimaiyyətin dəstəyini qazandıqdan sonra Rusiya ilə açıq müharibəyə başlamağı planlaşdırır. Bunun sonda nə ilə nəticələnəcəyini demək çətin olsa da, görünən odur ki, rəsmi Kiyev qarşısına qoyduğu məqsədə çatmaq üçün var gücü ilə çalışır, bütün imkanlarını səfərbər edib.

Belə ki, artıq Ukrayna Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Bu barədə məlumat verən Ukraynanın baş prokuroru Yuri Luçenko qeyd edib ki, Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar layihəsini məktubla prezident Petro Poroşenkoya, o cümlədən milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinova ünvanlayıb. Onun fikrincə, Kerç boğazında yaşanan böhrana görə Kiyev hökmən Rusiyanın hüquqi və fiziki şəxslərinə sanksiyalar, iqtisadi və digər yönümlü məhdudiyyətlər tətbiq etməlidir. Ukrayna prezidenti isə bildirib ki, ölkəsi Rusiya aqressiyasından özünü təkbaşına müdafiə edəcək. Rusiyanın total təcridə məruz qaldığını vurğulayan Poroşenko hesab edir ki, bu, rəsmi Kiyevin beynəlxalq koordinasiyalı fəaliyyətinin nəticəsidir: “Biz öz ölkəmizi özümüz müdafiə edəcəyik”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, artıq Ukrayna Rusiya ilə sərhədə qoşun göndərir. Bu barədə danışan Petro Poroşenko bildirib ki, Ukrayna Rusiya ilə artan gərginlik fonunda rus qoşunlarına qarşı çıxmaq üçün ehtiyat hərbçiləri çağırmağa və sərhədlərə qoşun yerləşdirməyə başlayıb: “Sərhədlərimizdə və işğal altında olan Krımda Rusiya qüvvələrinin sayı kəskin artıb”. Görünür, məhz buna cavab olaraq Rusiya Donanmasının Qara Dəniz Filotiliyası Krımda sahil-raket sistemlərinin simulyasiyasında dəniz hədəflərinin raket zərbələri ilə vurulması bacarıqlarını sınaqdan keçirib. Bununla əlaqədar Qara Dəniz Donanmasının yaydığı məlumatda deyilir ki, Qara dəniz filotiliyasının “Bastion” və “Bal” gəmi əleyhinə sahil-raket sistemlərinin heyəti mobil sahil kəşfiyyat sistemləri ilə birgə planlaşdırılmış təlimlər həyata keçirib: “Təlimlərdə Krım sahillərində praktiki olaraq raket zərbələrinin endirilməsi sınaqdan keçririlib”.

Картинки по запросу hərbi-siyasi icmalçı

Mövzu ilə əlaqədar fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bildirdi ki, Rusiyanın Ukraynaya elan etdiyi müharibənin üzərindən artıq 5 il keçib: “Bu müharibə 2013-cü ilin noyabr ayında, ilkin mərhələ kimi xüsusi təyinatlılar, xüsusi xidmət orqanları çərçivəsində və “soyuq müharibə” formatında başlayıb. İkinci mərhələ isə 2014-cü ilin fevral ayından başlayıb. Həmin dövrdə isə olaylar ənənəvi, yəni isti müharibə formatına keçdi. Bu zaman Rusiya yeni müharibə qaydalarından, hibrid müharibə formasından istifadə etməyə başladı. Yəni Krım, Donetsk, o cümlədən Donbas bölgəsinin Ukraynaya düşən hissəsində mərhələli şəkildə separatizm toxumu səpdi, nəticədə isə həmin bölgələrdə qondarma qurumlar yaratdı. Daha sonra isə onları birləşdirdi”. Ukraynanın Kremlin separatçılara dəstək verdiyini və Krımda baş verənlərin Moskva tərəfindən törədildiyini dəfələrlə bəyan etdiyini vurğulayan ekspertin sözlərinə görə, buna baxmayaraq, rəsmi Kiyev hələ də bütün bunları açıq müharibə forması şəklində elan etməyib: “Bunun da əsas səbəbi o idi ki, Ukrayna ilə Rusiya arasında 4-5 il bundan əvvəl rıçaqlar daha çox idi. Və bunun üçün Ukrayna hökumətinə vaxt lazım idi ki, bu rıçaqlar qismən də olsa, zərərsizləşdirilsin. Düşünürəm ki, bu müddət ərzində hardasa buna nail olundu. Yəni bu gün artıq Ukrayna rəsmiləri açıq şəkildə ərazilərinin məhz Rusiya tərəfindən işğal olunmasına dair fikirlər səsləndirirlər və beynəlxalq təşkilatlarda da bunu sübuta yetirməyə çalışırlar”.

Bu günə kimi Ukrayna ərazisində minlərlə Rusiya vətəndaşı, rusiyalı hərbçinin həlak olduğunu deyən Ramil Məmmədli qeyd etdi ki, onlar ictimaiyyətə məlumat verilmədən sakit tərzdə vətənlərində dəfn olunublar: “Hesab edirəm ki, bu gün Ukraynanın çalışdığı odur ki, müharibəni hibrid müharibədən ənənəvi müharibə formatına keçirsin. Kiyev bununla da Rusiyanı açıq müharibəyə cəlb etmək istəyir. Görünən odur ki, Ukrayna açıq müharibə ilə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə çalışır. Çünki bu günə kimi Rusiya-Ukrayna müharibəsində qeyri-müəyyənlik hökm sürür. Yəni tərəflər arasında diplomatik münasibətlər qalır, sərhədlər açıqdır, gediş-gəliş var, Kiyevdə Rusiya, Moskvada isə Ukrayna səfirliyi fəaliyyət göstərir. Halbuki müharibənin qaydaları bunu diqtə etmir. Məsələn, biz Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün heç bir münasibətlərimiz yoxdur. Lakin Ukrayna ilə Rusiya arasında vəziyyət bu şəkildə deyil. Odur ki, bəzən çoxunda ciddi sual yaranır ki, axı bunlar necə müharibə edirlər?! Qeyd edim ki, artıq bu vəziyyət Ukrayna dövlətinə sərf etməməyə başlayıb. Çünki beynəlxalq təşkilatların mətbəxlərində, super dövlətlərdə belə, bu tip suallar verilir. Yəni deyilir ki, siz necə müharibə edirsiniz ki, bir-birinizlə diplomatik əlaqələriniz var? Rəsmi Kiyev isə cavabında hibrid müharibənin olduğunu deyir. Ancaq hibrid müharibənin də öz qaydaları var ki, ona da riayət olunmur. Bu səbəbdən də Ukrayna dövləti artıq Rusiyanı açıq müharibəyə cəlb edir. Bu açıq müharibə isə Rusiya üçün sərfəli deyil. Lakin hələlik vəziyyət Ukraynanın dediyi kimidir. Yəni Kiyev Azov dənizində baş verən hadisələrdən sonra dünyaya göstərdi ki, burda tərəf olaraq hər hansı qondarma Donetsk və ya Luqansk xalq respublikası deyil, məhz Rusiyadır”. Elə buna görə də Ukraynanın məsələyə hüquqi qiymətin verilməsini, Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsini istədiyini bildirən hərbi-siyasi icmalçının fikrincə, Rusiyanın hazırkı iqtisadi vəziyyəti ona üçüncü cəbhədə müharibə aparmağa imkan verməyəcək: “Əlbəttə, Ukrayna hərbçilər ölkəsidir. Sovet dövründə zabit kontingentinin demək olar ki, böyük əksəriyyəti ukraynalılar idi. Ancaq bu, ona əsas vermir ki, bu gün biz Ukraynanın Rusiya ilə açıq şəkildə müharibə edə biləcəyi ilə bağlı səsləndirilən populist fikirlərə haqq qazandıraq. Bu, mümkün olan bir şey deyil. Lakin Ukrayna Rusiyanı açıq müharibəyə cəlb edərək onu zəiflədə bilər. Nəzərə almaq lazımdır ki, son bəyanatlardan sonra Ukraynaya gələn qərbli hərbçilər də müharibənin getdiyi ərazidəki vəziyyəti təhlil edib adekvat addımların hansı formada atılacağını müzakirə edirlər. Paralel olaraq həm NATO-nun, həm Avropanın iri dövlətlərinin, həm də bir sıra beynəlxalq təşkilatların nümayəndələri də Rusiyanı birbaşa cinayətdə, Ukrayna torpaqlarını işğal etməkdə ittiham edirlər. Düşünürəm ki, bu proses güclənməyə doğru gedəcək və Suriyada, o cümlədən Gürcüstanda Qərb qarşısında müəyyən mənada uğur qazanan Rusiya, ümid etmirəm ki, Ukraynada üstünlük əldə edə bilsin. Çünki Rusiyanın hazırkı iqtisadi vəziyyəti ona üçüncü cəbhədə uğurlu müharibə aparmağa imkan verməyəcək”. Ramil Məmmədli hesab edir ki, əgər Ukrayna-Rusiya müharibəsi açıq müstəviyə keçərsə, o zaman aktiv hərbi əməliyyatlar qısa zamanda yekunlaşmayacaq, daha uzun müddət davam edəcək: “Bu isə öz növbəsində, Rusiya daxilində ciddi parçalanmaya, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dağılmasına səbəb ola bilər. Elə məhz ABŞ və Avropanın da istəyi bundan ibarətdir”.