BATAQLIĞA SÜRÜKLƏNMİŞ TEATRIMIZ – İl sona çatsa da, Mədəniyyət Nazirliyi heç bir islahata getmədi

Bu il aprelin 23-də prezident İlham Əliyev öncələr yarıtmaz fəaliyyətlərinə görə bir sıra nazirləri və komitə sədrlərini istefaya göndərərək Azərbaycan tarixində ilk dəfə “məmur oliqarxiya” anlayışından menecer texnokratiya idarəetmə sisteminə keçidi elan etdi. Bu, hakimiyyətin məzmunca yeni xarakter daşımasıdır. Köhnə hakimiyyətdən bəzi nazirlərə əlavə divident verməklə humanizm nümayiş etdirdi. Onların sırasında mədəniyyət naziri Əbülfəs Qarayev də var idi. Ancaq, ötən 8 ay dönəmdə Əbülfəs Qarayev və komandası ümidləri doğrultmadı. 2018-ci ildə möhtəşəm filmlər çəkilmədi. Mədəniyyət hadisəsinə çevriləcək teatr tamaşaları oynanılmadı. Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkə prezidentinin sənərcamlarından irəli gələn müddəalara əməl olunmadı. O zaman sual yaranır: “Kimdir suçlu?..” Fikrimizcə nazir Əbülfəs Qarayevin özü!!!..

Reformlar dinamik idarəetmə deməkdir

11 aprel növbəti prezident seçkilərindən sonra, hakimiyyətdə yeniliklər oldu. Yeni nazir və komitə sədrləri təyin olundu. Muxtar Babayev (ekologiya və təbii sərvətlər), Ceyhun Bayramov (təhsil), Sahil Babayev (əmək və əhalinin sosial müdafiəsi), İnam Kərimov (kənd təsərrüfatı), Ramin Quluzadə (nəqliyyat, rabitə və yüksək texnologiyalar), Pərviz Şahbazov (energetika), Orxan Sultanov (xarici kəşfiyyat xidməti), Fuad Muradov (diasporla İş üzrə dövlət komitəsi), Səfər Mehdiyev (gömrük komitəsi), Tahir Budaqov (Dövlət Statistika Komitəsi), Fuad Nağıyev (turizm agentliyi), Qoşaq Təhməzli (qida təhlükəsizliyi agentliyi), Vüsal Hüseynov (miqrasiya xidməti), Arzu Rəhimov (səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti), Samir Nuriyev (dövlət şəhərsalma və arxitektura), Rövşən Rzayev (qaçqınların və məcburi köçkünlərin İşləri üzrə) nazir və komitə sədri vəzifəsinə təyin olundular. Beləliklə də baş nazirdən tutmuş 22 nazir və komitə sədrindən 16 nəfəri tamamilə yeni və gənc kadrlardan ibarətdir. Bu da yeni və çevik idarəetmə siyasətinin ayrılmaz bir parçası olduğunu isbat edir. Faktiki olaraq ötən 8 ay ərzində yeni kadrlar cəmiyyətdə hər hansı mənfi imicə səbəb ola biləcək addımlar atmayıblar. Keçmiş komandanı təmsil edən Azad Rəhimov (gənclər və idman), Mübariz Qurbanlı (dini qurumlarla iş üzrə dövlət komitəsi) islahatçı komandanın ayrılmaz parçası olduqlarını öz əməlləri ilə isbat edə biliblər. Ona görə də bu iki şəxsin mənfi imici demək olar ki, cəmiyyətdə yox kimidir. İslahatçı komandanı təmsil edən kadrlar yeni düşüncə ilə çalışa biləcək mütəxəssisləri aidiyyatı sahələrə cəlb etməklə bir çox uğurlar əldə ediblər. Ancaq, mədəniyyət naziri Əbülfəs Qarayev haqqında xoş sözlər demək mümkün deyil. Öncələrdə nazirliyin işindəki strotipləri və bütün günahlara görə sorumlu nazir müavini Ədalət Vəliyev daşıyırdısa, buna görə o suçlu hesab olunurdusa, ötən 8 ayda Əbülfəs Qarayevin heç də ondan geri qalmadığı isbat olundu. Belə ki, teatr haqqında mövcud qanunlara və dünyada qəbul olunan qaydalara görə, “REJİSSOR TEATRI” anlayışı hələ də Azərbaycanda gömülmüş durumdadır. Ona görə də teatr mühitimiz durğunluq çağını yaşamaq zorunda qalıbdır. YARAT Müasir İncəsənət Məkanının təşəbbüsü ilə keçirilən “M.A.P. Beynəlxalq Teatr Festivalı” bir daha sübut etdi ki, dünyada teatr sənəti hansı islahatlar yolu ilə gedir. Mədəniyyət nazirliyi bunlardan “dərs” almaq əvəzinə, köhnə qayda ilə yolunu davam etməkdədir. Ona görə də, mədəniyyət sahəsində heç bir islahat xarakterli addımlar atılmır.

Əsl teatr cəmiyyətdə insanlara mənəvi azadlıq vəd edir

Görkəmli rus rejissoru, “Millət Teatrı”nın bədii rəhbəri Yevgeni Mironovun əldə etdiyi uğurların əsas səbəbi odur ki, bu teatrda dramaturgiya, rejissor işi və aktyor sənətinin azadlığı mövcuddur. Qazaxstanın mədəniyyət naziri Sultan Jumaqulovun çox yaxşı bir ideyası var: “Əgər tamaşaçı teatra gəlmirsə, o zaman teatr tamaşaçının üzərinə getməyi bacarmalıdır. Buna görə də çağdaş menecmentləri teatrın işinə cəlb etmək gərəkdir. Çox hörmətli teatr işçiləri gözləməyin ki, tamaşaçı nə zaman sizin yanınızda olacaq. Siz özünüz tamaşaçının ayağına getməlisiniz. Bunun üçün də tamaşaçını cəlb etməyin üsulunu səgriləməlisiniz. İnsanların sıx olduqları məkanlarda reklam aksiyaları keçirin. İndi insanlar teatrda öz obrazlarını və müasirlərinin problemlərini görmək istəyirlər. Elə buna görə də bizim üçün yeni obrazlar lazımdır. Nazirlik isə, ən maraqlı səhnə əsəri üçün bir milyon (manat) som vəsait ayırmalıdır.”
Rusiyanın hesablama palatası çox maraqlı bir araşdırma aparıb. Sosioloji araşdırmalar zamanı bəlli olub ki, teatrsevərlər hansı rejissorun quruluş verdiyi tamaşaları bəyəniblər.
Avropada isə teatr sənətinə “sosium” dəyəri ilə yanaşılır. Bu o deməkdir ki, teatrı sənət ocağı kimi qorumaq və inkişafının imkanlarını hansı vasitələrlə irəli aparmaq gərəkdir. ABŞ kimi nəhəng dövlətdə artıq dərk ediblər ki, “bordvey” tamaşalarına maliyyə dəstəyi vermək lazım deyil. Bu gün planetin dahi rejissoru Robert Uilsonun Avropa teatrlarında qoyduğu tamaşalar ABŞ-ı bir dövlət olaraq beynəlxalq miqyasda utanc yerinə qoyubdur. Ona görə də, ABŞ bütün bunlardan nəticə çıxararaq peşəkar teatrlara dəstək verməyə başlayıbdır. Azərbaycanda isə, teatr anlayışı “CƏHƏNNƏMƏ GEDƏN YOL” mahiyyətini daşıyır. Çünki, əndrəbadi “direktor teatrı” düşüncəsi demokl qılıncı kimi bütün teatrların başının üstündə inzibati amirlik metodunun siyasətinə pərçimlənibdir. Akademik Milli Dövlət Dram Teatrında 3 ildir baş rejissor və bədii rəhbər vəzifəsini məngirləmiş Azərpaşa Nemətov ötən müddətdə bir nəfər də olsun digər rejissorları və dramaturqları bu qocaman sənət məbədində tamaşa qoymalarını yasaq edibdir. Ona görə də teatrda naftalin qoxusu verən mühit yaranıb. Azərpaşa Nemətov 2003-cü ildən “Teatr Xadimləri İttifaqı”nın sədridir. Ancaq, ötən müddətdə ölkənin bütün teatr xadimlərinin vahid məkanı olan bu sənət ocağı yararsız duruma düşübdür.
Mədəniyyət naziri Əbülfəs Qarayev faktiki olaraq, ölkənin 27 dövlət teatrını “direktor teatrı” siyasətinin içində boğub məhv edir. Guya kadr islahatları aparmaq istəyir, ancaq tələb olunan kadrlar yoxdur. Bütün bunlar yalandır. Açın qapıları gəncliyin üzünə, bax o zaman teatr fədailərinin gerçək simasını o zaman görəcəksiniz. Hansı teatrda gənc dramaturqa qapını açmısınız? Hansı teatrda 20-22 yaşlı gənc aktyora imkan yaradılıb? Hansı teatrda gənc rejissora böyük səhnədə imkanlar yaradılıb? Bu üç suala nazir Əbülfəs Qarayev cavab verə bilməz. Çünki, olmayan şeyə cavab da yox kimidir. Faktiki olaraq, teatrların repertuar seçimində də azadlıqları əllərindən alınıbdır. Sanki, keçmiş “kommunyak” rejiminin qaydaları ilə idarə olunur teatr siyasəti. Çağdaş teatrlar müqavilə və konkret repertuar konsepti ilə yaşayır. Bu anlamı isə mədəniyyət nazirliyində kimsə bilmir. Çünki, teatrlarımızı keçmişin istedadsız aktyorları direktor cildində idarə edirlər. Onları inzibati amirlik metodundan savayı heç nə ilgiləndirmir. Çünki, quruca zəhmləri sənətdən savayı sadəcə direktorların varlğını ortaya qoyur. Halbuki teatr sənayesinin səsi hər addımda duyulmalıdır. Teatrın effektiv inkişaf yolu sənət yaradanların mənəvi azadlığından keçir. Həmin yolunu qarşısını kəsən məhz “direktor teatrı” düşüncəsidir.

Mədəniyyət Nazirliyi, yoxsa “Ölgünlük yuvası?”

Məşhur teatrşünas alim, mərhum Cabir Səfərovun oğlu Şaiq Səfərovun nazirlikdə teatr üzrə sorumlu olması Bakının teatr cameəsində bir sıra ümidlərə səbəb olsa da, ötən 8 ayda faktiki olaraq heç bir ciddi addımlar atmayıb. Çünki, Şaiq Səfərov sadəcə Səməd Vurğun adına Rus Dövlət Dram Teatrını tanıyır. Yerdə qalan 26 dövlət və bir neçə qeyri dövlət teatrlarından ümumiyyətlə bilgisi yoxdur. Teatr sahəsində aparılacaq islahatlarla ilgili “informasiya bankı”nın yoxluğu ucbatın sıradan bürokrat kimi vəzifəsini daşımaqla yetinir. Halbuki, mərhum Cabir Səfərov nəinki Azərbaycanın, hətta keçmiş ittifaqın hər yerini qarış-qarış gəzmişdi. Bütün rejissorları, dramaturqları, aktyorları və teatrları əzbər tanıyırdı. “Dostluq Teatrı”nın devizi ilə hər kəslə canlı təmasları var idi. Şaiq Səfərov uzun müddət “Teatr Treninq Mərkəzi”nin direktoru və Beynəlxalq layihələr üzrə müşavir olub. “Teatrdan qeyri-teatra doğru”, “Teatrın konseptual mahiyyəti”, “Teatr nəzəriyyəsi”, “Yoxsul teatr poetikası”, “Qəddarlıq teatrı” və “Ölüm teatrı” mərhələlərini də yaxından tanıyır. Bütün bunlardan nəzəri baxımdan agah olsa da, bürokrat kimi teatrlarımızda nə kimi islahatların aparılması ilə məşğul deyil. Halbuki, atası Cabir Səfərovun dönəmində “Aktyorlar Evi” hər gün sənət dühası ilə qaynayardı. İndi Azərpaşa Nemətovbu sənət ocağının külünü elə yandırıb ki, artıq tamamilə unudulmuş bir məkana çevrilibdir. Elə bu düşüncə ilə, Akademik Milli Dram Teatrı addım-addım “Kukla Teatrı”na çevrilməkdədir. İndi bu teatrın repertuarında yer alan “Cipollino” (C.Rodari), “Qaraca qız” (A. Şaiq), “Anamın kitabı” (C. Məmmədquluzadə), “Danışan gəlincik” (A. Şaiq), “Nağlllar aləmi” (Ceyran Həsənli) tamaşaların özü isbat edir ki, 145 yaşlı qos-qoca teatr nə günə düşüb. Halbuki, uşaqlar və yeniyetmələr üçün “Dövlət Kukla Teatrı”, “Gənc Tamaşaçılar Teatrı”, “Bakı Uşaq Teatrı” kimi teatrlar mövcuddur. Akademik Milli Dram Teatrının funksiyası tamamilə fərqlidir. Akademik Teatrın durumu bunca acınacaqlıdırsa, bölgə teatrları gör hansı gündədir.
Ötən həftə Dövlət Statistika Komitəsi belə bir açıqlama vermişdi: “Bakıda yaşayan əhalinin aylıq orta gəliri 785 manatdır”. Halbuki, bu faktın teatr aləminə heç bir aidiyyatı yoxdur. Çünki teatrlarımızda aylıq maaşlar orta hesabla 200-220 manat civarındadır. Mədəniyyət nazirliyi nəinki repertuar siyasətinin, heç sənət adamlarının qəpik-quruşla ölçülən maaşlarının, sosial problemlərinin həllində yanlarında dayanmayıb. Nazirlik bircə dəfə də olsun, teatrlarımızda kağız üzərində mövcud olan “Teatr Stduiya”ları ilə ilgilənməyib. Ona görə də sənətə gəlmək istəyən gəncliyin üzünə teatrlar qapalıdır. Qonşu kasıb Gürcüstanda ildə bir neçə dəfə “Teatr Studiyalar”ının festivalları keçirilir. Bu studiyalarda yetişən gənc dramaturqlar, rejissorlar və aktyorlar sonradan böyük sənətə rahatlıqla ayaq aça bilirlər.
Teatr poifonik obrazların vizual aləmi deməkdir. Çətin xarakterlərin simfonik boyalarının insanlıq adına düşüncələrin oyanış məkanıdır. İlahi duyğuların cəmiyyətlə uzlaşan ruhu deməkdir. Teatr sənətin dili ilə mədəni mühitin atmosferinin sevinci, kədərli ənənələri ilə nəfəs alan bir aləmdir. Mədəniyyət nazirliyimiz sənətsevərlərin görmək, duymaq istədiyi bu ali dəyərləri sanki bataqlıqda gömüb. 2018-ci ilin sonudur. Gələn il 2018-ci ili teatr mühitimiz üçün yaddaşlarda mədəniyyət hadisəsi kimi xatırladan heç nə ilə fərqlənmədi. Çünki, mədəniyyət nazirliyi “direktor teatrı” siyasəti ilə ötənlərdə olduğu kimi teatrlarımızı “ölgünlük yuvası”na çevirib.

Ənvər BÖRÜSOY, sənətşünas