TƏHSİL DEDEKTİVİ: həqiqətlər və mülahizələr – III HİSSƏ
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/thsil_dedektivi_heqiqetler_ve_mulahizeler_-_ii_hiss)
Xeyirxahlıq şəxsi münasibətdən əlavə, rəsmi vəzifənin istəyi olmalıdır. Filosof F.Laroşfuka yazmışdır: “Özlərini xeyirxah sayan insanların çoxu təkəbbürlü və ya zəifdirlər”.
Bunlar mənəviyyatın faciəsi deyilmi? Xarici ölkələrdə müəllimlərin, pedaqoq – alimlərin, valideynlərin nazirlikdə qəbul qaydaları necədir – xəbərsizəm, lakin bizdə son dərəcə sərt, canüzücü, demokratik prinsiplərdən uzaq qaydalar illərlədir hökm sürür. Axı xalq təhsilinin mərkəzidir bu möhtəşəm bina və onun mərtəbələrində oturan funksionerlər nə üçün bu təbəqədən qaçırlar? Olmazmı nazir (və onun müavinləri) vahid “qəbul günü” təyin etsin geniş audutoriyalarda və şikayətçilər ürək sözlərini, fikirlərini, narazılıqlarını üzbəüz bildirsinlər? Demokratik təhsil sistemi deyilikmi? Qaldı təkbətək görüşə – bunun da yolları mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə üzünü milli (!) məmurlara tutub bildirmiş ki, insanları incitməyin, problemlərini operativ həll edin. Şərt ölkə Prezidentindən iqtibas gətirmək deyil, mühümü Prezidentin göstərişlərinə real əməl etməkdir! Yoxsa səliqəli kabinetlərdə oturub çeşidli telefonlarla danışmaq deyil. Hər bir məsul şəxsin qapısı açıq olmalıdır (demirəm anarxiya olsun). Ali funksiyalı təyinatlılar tam demokratik əhvalda vəzifələrini yerinə yetirməlidirlər, özü də təhsil qurumu! Onların özlərinə dərs deyən müəllim – pedaqoqlar deyilmi?
Bilmirəm (amma bilirəm) nə dərcədə haqlıyam, sovet dönəmində bu cür intizar hissi yox idi… Bu əhvalatı mən sabiq təhsil naziri Mikayıl Cabbarovun vaxtında və nazir Ceyhun Bayramovun nazirəvəzi dövründə yaşamışam. Qəbul bir yana, ərizəmə hələ də cavab yoxdur, səlahiyyətsiz bir gənclə həvəssiz söhbət yaddaşımda qalmaqdadır…
Bu kök salmış prosesləri mən “Tənqidi düşüncə”nin, “Tənqidi təfəkkür”ün yalnız işartısı ilə müqayisə edərdim, yalnız öz idrakına süzülür. Görünür – mülahizələrdir – vaxtilə 20-30-cu illərdə (ötən əsrin) “Xalq komissarlığı”, “Təhsil nazirliyi”ni özündə ehtiva edirdi. Ötən əsrin 60-cı illərindən “Xalq” sözünü arxivə saldılar: səlahiyyətli konservator süründürməçi məmurların işi ola bilərdi, çünki onların “Xalq” sözündən xoşları gəlmirdi. Fikrimizcə, “Xalq” bərpa olunmalıdır: “Xalq Təhsil Nazirliyi”. Barı hüquq-mühafizə orqanlarının daşıdığı rəsmi addan fərqlənsin.
Tənqidi düşüncə – pedaqoji əhəmiyyətə malik olub, totalitar mentaldan demokratik cəmiyyətə transformasiya etmənin bir vasitəsi kimi təhsilimizə ayaq açmalıdır və formuləsi: ən ümumi mənada səhvini tapmaq, səhvi düzəltmək istiqamətində şüurlu fəallaşmaqdır. Qərb sosioloqu Coll Stringer “Popstmodern dərsliklər” hazırlanmasını vaxtilə təklif etmişdir, belə tipli kitablar tənqidi düşüncə vərdişlərinin inkişafında rol oynayır, onun xüsusi meyarları olur ki, elmi səviyyədə ali təhsil ocaqlarında öyrədilməlidir.
Bilik və tərbiyə (əxlaq) bir-birini tamamlamalı, “tənqidi düşüncə”ni bir əxlaq norması kimi şərtləndirməlidir: insan idrakını humanizmə yönəldir, yeni nəsildə, xüsusilə, etik normaları gözləmək, intihardan uzaqlaşmaq, şəxsi mənafeyi kənarlaşdırmaq kimi bəşəri ideyaları mənimsədir. Bilik gənc nəsli əxlaqa: səmimiyyətə, canıyananlığa, ədalətə və s. çağırmırsa dəyərsiz əşyadır ki, yol kənarında bir kimsəni maraqlandırmaz, tikanlı qanqal hesab edərlər…
Maraqlıdır və paradokslardır: Uzun illərdir millət vəkillərindən tutmuş nazirlərədək, başqa peşə sahibləri də “müəllimin nüfuzu” haqqında danışır. Son on illərdə bu ecazkar peşə insanların həm maddi, həm də mənəvi – sosial imicinin aşağı enməsindən xüsusilə gileylənirlər, faktlara əsaslanırlar. Bəli, hələ sovet dönəmindən müəllimə verilən məvacibin çox-çox azlığından gileylənmişlər. Sovet quruluşunu başa düşdük, bəs 25 ildən artıq müstəqilliyimizdə necə? “Köhnə hamam, köhnə tas” ifadəmizdə olduğu kimi! Zəngin iqtisadiyyatdan danışılan bir ölkədə ali təhsilli müəllim bir sinifdə 25-35 şagirdlə bir akademik dərs saatında (45 dəqiqə): bir aklad hər həftə, yəni ayda dörd həftə dərs deyib bir həftəsinin pulunu alırsa, məncə, mənzərəni şərh etməyə ehtiyac qalmır. Bəs hanı 3 həftənin zəhmət haqqısı! Bir həftədə deyək ki, 12, yaxud 16 saat sinfə girib ömrünü balalara əridirsə, tam əsəblərilə davranırsa, müxtəlif davranışlı (emosiyalı) və intellektli uşaqlarla ciddi məşğuldursa aldığı maaşı 48, yaxud 64 saatlara böləndə, bir saatı nə qədər edər? (Əlim gəlmədi rəqəmi yazım). Hökumət strukturlarının yuxarı dairəsi, Milli Məclisin deputatları nə üçün məsələni dövlət qarşısında qaldırmırlar? Yalnız müəllimləri müxtəlif imtahanlar, testlər və s. qarşısına çıxarırlar. Müəllimin “imtahanı” sinifdir, öyrətməkdir, tərbiyə etməkdir. Yuxarı rəsmilər niyə keçmiş müəllimlərinin əzabını, canıyananlığını, geyindiyi paltarı və s. xatırlamırlar? Nə tez unutdular müəllimlərini – pedaqoqlarını! Olmazmı cənab ölkə prezidenti İlham Əliyevə problemi çatdırsınlar. Ulu öndərimiz də, prezidentimiz də daima müəllimlərinə hörmət bəsləmişlər – bu ki faktdır! Əgər səlahiyyətli məmurda haqlı işlə bağlı cəsarəti yoxsa nə üçün o yeri boşaltmır? Əgər mənim millət vəkilim hörmətli Hadi Rəcəbov bir neçə il öncə televiziyada demişdi ki, kişi müəllimin, yaxud qadın müəllimin boş vaxtı varsa nə üçün gedib yorğan sırımasın, daş daşımasın, fiziki işlə məşğul olmasın. Bu, ən azı müqəddəs peşəyə hörmətsizlik deyilmi? Hörmətli villət vəkili, girin siniflərə baza ixtisasınızdan dərs deyib sinifdən çıxın və məsləhət gördüyünüz işin qulpundan yapışın O zaman kənar işinin “dadını” hiss edərsiz. Və evinizə gəlin, bədəninizin sızıltısını gizlətməyin!
Əgər professor, elm adamı cəmiyyətin gözü olan müəllim – pedaqoqa belə yanaşırsa, böyük şairimiz Məmməd Araz demişkən: “Bu dünyanın nəyindən küsüm?” yeri gəlmişkən: bir necə çağırışdır xalis orta məktəb müəllimi – hansı ki, işləyir – Millət vəkili seçilmir, ancaq gözdən iraq deputatlar seçki komissiyasına kütləvi cəlb olunmuşlar. Səbəb nədir, bəlkə müəllimə inanmırlar? Bir səbəb də o bölgədən seçiləcək deputatlığa layiqli müəllimlər olduğu halda. Bakıda yaşayan, həmin bölgəyə ayağı belə dəyməyən (hətta seçiləndən sonra belə) kimsə özünü irəli verir. Bu artıq ənənə halını almışdır. Bəzi struktur rəhbərlərin anti humanist addımları, zəhmətkeşlərinə hüquqlarının tapdanılması, hətta icra başçılarının haqsız işləri müəllimlərin gözü qarşısında baş verir, lakin heç bir reaksiya vermək, məsələni Milli Məclisdə, yaxud Prezident aparatında və sair dairələrdə qaldırmaq istərkən sözü boşa çıxır. Barı, deputat – müəllim məsələni qaldırar, tədbir görməyə çağırar… Belə olanda nə üçün Təhsil naziri Millət vəkili seçilsin? Səhf etmirəmsə mərhum təhsil naziri, akademik Mehdi Mehdizadədən sonra gələn xeyli saylı nazirlərdən deputat seçiləni xatırlamıram. Professor Misir Mərdənov 15 il Təhsil naziri oldu, amma Millət vəkili olmadı. Səbəb nə? Məgər təhsilin təşkilində və icrasında xidməti az idimi?..
Digər məsələləri də xatırlamaq istərdim: Sovet dönəmində “SSRİ Xalq müəllimi” fəxri adı vardı və Azərbaycandan alanlar az deyildi. Müstəqilliyimizdə nə üçün “Azərbaycan Xalq müəllimi” fəxri adı olmasın? (Eləcə də “Sosialist Əməyi Qəhrəmanı” adı müəllimə də şamildi). Aktyorlara, mədəniyyət və incəsənət xadimlərinə “Xalq artisti” adı verilir, hətta müəyyən məbləğdə əlavə pul da alırlar, amma müəllim peşəsinə bu bucaqdan yanaşılmır. Yeri gələndə mənəvi və maddi tərəf-dən də faydalıdır. Maddiyyatdan söz düşmüşkən, “Qabaqcıl maarif işçisi” (əvvəllər daha hörmətlə “işçisi” yox, “xadimi” adlanırdı cəmiyyətdə) fəxri ad bu gün də qüvvədədir, lakin heç bir maddi üstünlüyü yoxdur. Əgər “əməkdar artist”ə, “əməkdar mədəniyyət işçisi”nə əlavə 100 manat (AZN) verilirsə, müəllimlər bundan da məhrumdur… Bu adı vaxtında şərəflə, ləyaqətlə alan, indi təqaüddə olan (çox cuzi pensiya ilə “mükafatlandırılan”) müəllimlərimizə haqlı yardım olardı.
Sivil dövlətlərdə hansısa peşə – sənət adamı maddi və mənəvi dayaqlar üçün optimal yollar axtarılır, tətbiq olunur. Bəs bizim hökumət strukturlarımız (Milli Məclisimiz də istisna olmamalıdır) nəyə bu problem haqqında düşünmürlər? Axı hər sosial problemi ölkə Prezidentinin üzərinə atmaq da düzgün olmazdı. Müxtəlif sosial institutlar bəs nə üçündür?
Suallar, suallar. Bəs cavablar? On illərdir Azərbaycan təhsil məkanında təhsil nazirləri bir-birini əvəz edir, biri özündən sonra gələnə bir yığın problem qoyub başqa vəzifə tutur: yük təzənin üzərinə düşür. Bu məsələdə nə köhnə, nə də yenisi itirir, uduzan təhsilimizdir. Bir də ona görə ki, əməldə Ulu Öndər Heydər Əliyevin bir fikrini unutmayaq: – “Təhsil bizim gələcəyimizdir”. Gələcəyi düşünməmək isə…
Allahverdi Eminov