Beşotaqlı mənzilin iki otağı sahibindən xəbərsiz özəlləşdirilib – BAKI SAKİNİNDƏN ŞİKAYƏT

Etibar Əhmədov hüquqlarının pozulmasından və məmur özbaşınalığından şikayətçidir

“2017-ci il dekabrın 3-də səhər tezdən məktəbə gedən sonbeşiyimi zorla maşına mindirib qaçırmaqdan belə çəkinməmişdilər. Uşağı oğurlayan naməlum şəxslər mənə zəng vurub, onu girov saxladıqlarını bildirmiş və evdən çıxmayacağım təqdirdə onu öldürəcəkləri ilə hədələmişdilər”

Bakı şəhər sakini Əhmədov Etibar Əli oğlu tərəfindən Reportyor.az redaksiyasına şikayət məktubu daxil olub. Müəllif öz məktubunda çox qəribə bir olaydan söhbət açır. Şikayətçi, xüsusən də məmur ozbaşınalığından gileylənir:

“Uzun illərdir çox böyük haqsızlıqlarla üz-üzəyəm. Mənim üçün süni surətdə yaradılan problemləri təkbaşına həll edə bilmədiyimə görə, sizə müraciət etmək qərarına gəldim. Şikayətimin məhz jurnalist araşdırmasına ehtiyacı var”.

Şikayətçinin yazdığına görə, o, Bakı şəhərinin Suraxanı rayonunun E. Həsənov küçəsində yerləşən 87-ci binanın 18-ci mənzilində qeydiyyatdadır. Artıq 41ildir ki, həmin 59, 89 kv.m-lik 5 otaqlı mənzildə ailəsi – həyat yoldaşı, 3 oğlu və onların ailələri ilə birgə yaşayır.

O, deyir ki, 1978-ci ildə Çingiz Əsədullayevlə ailə quran bacısı İradə Əhmədovanın Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsində yerləşən 668–ci binada ailəsi ilə birgə yaşadığı şəxsi mənzili var. Mənzilin sənədləri də tam qaydasındadır, yəni reyestr xidmətindən çıxarışı var. Bununla belə, İradə Əhmədova ata evindən qeydiyyatdan çıxmayıb, hətta üç övladını da həmin mənzilə qeydiyyata salıb.

İradə Əhmədova övladlarını yaşadıqları evə qeydiyyata salmamasının səbəbini isə qardaşına bunun üçün ondan 5 min manat məbləğində rüşvət tələb olunması ilə izah edib. Beləliklə, uzun illər ana və üç övladı Etibar Əhmədovun mənzilində qeydiyyatda qalıb.

Hazırda yalnız bacısının bir övladı, Aynurə Əsədullayeva şikayətçinin mənzilindən qeydiyyatdan çıxaraq, özünə məxsus evə qeydiyyata düşüb. İradə Əhmədovanın digər iki övladı – Ramil və Ülviyyə Əsədullayevlklər isə hələ də Etibar Əhmədovun mənzilində qeydiyyatdadır.

Bir neçə il öncə – 2012-ci ildə bacısı Etibar Əhmədova ona heç gözləmədiyi, olduqca xoşagəlməz bir xəbər verib. Məlum olub ki, onun yaşadığı 5 otaqlı evin iki otağı üçün kupça (qeydiyyat şəhadətnaməsi) verilib və həmin otaqlar özəlləşdirilib, özü də İradə Əhmədovanın adına. Adıçəkilən sənədin surətini qardaşına təqdim edən İradə Əhmədova şübhə üçün heç bir yer qoymayıb.

Ondan və mənzildə qeydiyyatda olan ailə üzvlərindən xəbərsiz bu cür qeyri-qanuni işin görülməsindən hiddətlənən Etibar Əhmədov, bütün aidiyyati qurumlara şikayət etdiyini, amma bu günədək problemin həlli istiqamətində heç bir tədbir görülmədiyini söyləyir:

“41 ildir ki, yaşadığım mənzilin iki otağı üçün kupça verilir və özəlləşdirilir, mənim və ailə üzvlərimin isə bundan xəbəri yoxdur. Mənim üçün bilərəkdən yaradılan problemlərlə bağlı bütün aidiyyati dövlət qurumlarına şikayət məktubları yazmışam. Şikayətimi Konstitusiya qanunları ilə əsaslandırmışam. Amma heç bir nəticəsi yoxdur.

Şikayətimə məhəl qoymamaq əslində elə Konstitusiya qanunlarını saya salmamaq, onları tapdalamaq deməkdir.

Mənə qarşı edilən haqsızlıq əslində cinayət əməlidir və bu cinayətdə əli olanlar qanun qarşısında cavab verməlidirlər”.

Etibar Əhmədov bacısıgilin bu hərəkətini belə izah edir: “Onların bu işi görməkdə məqsədləri var. Öz evlərini satıb, sonra da məndən ev tələb etmək istəyirlər. Bəli, məqsədləri saxta sənədləşmə yolu ilə mənzilimizi əlimizdən alıb, bizi küçədə qoymaqdır. Bizi yaşadığımız mənzildən kənarlaşdırmaq üçün bu yola əl atıblar”.

Ölkədə qanunların işləmədiyindən, məmurların rüşvətsiz heç bir şikayətə baxmadığından gileylənən vətəndaş məktubunun davamında yazır: “Məlum məsələdir ki, mənzilimin iki otağına kupça çıxaran şəxs bunu pul xatirinə edib. Yaxşı, bəs özəlləşdirmə idarəsi məndən xəbərsiz 5 otaqlı mənzilimin iki otağını hansı əsasla özəlləşdirib? Mənim əvəzimdən kim ərizə yazıb? Bəs saxta sənədlər Notarius İdarəsində necə təsdiqlənib, qeydiyyata salınıb? Əgər mənzilimin iki otağına kupça verilməsi və otaqların özəlləşdirilməsi məhkəmə qərarına əsasən həyata keçirilibsə, həmin qərar hansı əsasla çıxarılıb və mənə niyə o qərar haqda heç bir məlumat verilməyib?”

Məktub müəllifi yazılı müraciətində hədələndiyini, şantaj olunduğunu da bildirir: “Bu qanunsuzluğu qəbul etmədiyimi, fırıldaqçılara qarşı mübarizə apardığımı görən quldurlar evimi əlimdən almaq üçün daha çirkli yollara əl atırlar. Mənə hədə-qorxu gəlir, evimə “reket” göndərirlər. Hətta 2017-ci ilin 3 dekabrında səhər tezdən məktəbə gedən sonbeşiyimi zorla maşına mindirib qaçırmaqdan belə çəkinməmişdilər. Uşağı oğurlayan naməlum şəxslər mənə zəng vurub, onu girov saxladıqlarını bildirmiş və evdən çıxmayacağım təqdirdə onu öldürəcəkləri ilə hədələmişdilər. Şantajlarının baş tutmadığını görəndə isə övladımı geri qaytardılar. Həmin vaxt hadisə ilə bağllı Suraxanı rayon 31-ci Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim, amma şikayətimə baxılmadı.

Azərbaycan qanunlarına əməl etmək kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Konstitusiya isə Azərbaycan Respublikasının əsas qanunudur.

Konstitusiyanın 26-cı maddəsində deyilir ki, dövlət hər bir vətəndaşın hüquqlarını müdafiə edir və qorunmasına təminat verir, 33-cü maddənin birinci bəndində isə hər bir kəsin mənzil toxunulmazlığı olduğu yazılıb. Bəs necə olur ki, Azərbaycanda hüquqlarımızın pozulmasından şikayət etmədiyim yer qalmadığı halda, heç bir şikayətimə baxılmır?”

İllərdir pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparan, addımbaşı haqsızlıqlarla qarşılaşmasına baxmayaraq, “savaş meydanı”ndan çəkilməyəcəyini bildirən Etibar Əhmədov məktubunu belə tamamlayır: “Bilirəm ki, Suraxanı rayonunda “reket”lərin arxasında duran yüksək vəzifəli məmurlardır. Amma boşuna çalışırlar. Mən haqq yolumdan dönən deyiləm. Hər zaman qanunlarının aliliyinə arxalandığım dövlətimdə haqq səsimə səs verən tapılmasa, bütün beynəlxalq qurum və təşkilatlara müraciət etmək məcburiyyətində qalacağam. Buna bir vətəndaş və bir insan kimi haqqım var!

Mənim və mənim kimi yüzlərlə sadə vətəndaşın mənzilini əlindən almaq uğrunda mübarizə aparanlara isə məsləhətim budur ki, soydaşlarının halalca mənzilini mənimsəmək üçün dəridən-qabıqdan çıxmaq əvəzinə, illərdir düşmən tapdağı altında inləyən torpaqlarımızın geri alınması uğrunda mücadilə aparsınlar”.

 

P.S. Növbəti saylarımızda aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən vəziyyətə aydınlıq gətirməyə çalışacağıq.