İsveç telekommunikasiya nəhəngi Gülnarəyə görə ziyana düşdü – 14 MİLYARD DOLLAR

İsveç telekommunikasiya nəhəngi “Telia Sonera” Özbəkistanda mərhum keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya verdiyi 250 milyon dollar rüşvətə görə indiyə qədər cəmi 14 milyard dollar ziyana düşüb.

Reportyor.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Yohan Dennilend keçirdiyi mətbuat konfransında bildirib.

“Telia” bu günlərdə Özbəkistanın Ucell mobil rabitə operatorundakı payını 215 milyon dollara satıb. Səhmləri Özbəkistan dövləti alıb. Bununla da “Telia” Özbəkistan bazarını tərk edib.

“Biz şirkətimizin tarixində kifayət qədər kədərli və olduqca baha başa gələn səhifəni qapadırıq”-Dennilend bildirib.

“Telia”nın rəhbəri deyib ki, 215 milyon dollar Ucell-in səhm paketinin bazar dəyəridir. Lakin ümumən Özbəkistan bazarını tərk etmək şirkətə 1 milyard dollara başa gəlib. Çünki “Telia” 2017-ci ildə Özbəkistandakı korrupsiya qalmaqalına görə cərimə şəklində 965 milyon dollar ödəməli olub.

“Sövdələşmənin təkcə bu hissəsi 1 milyard dollar olub, amma əgər bütün layihəni hesablasaq Özbəkistana görə bizim itirdiklərimiz 14 milyard dollardır”-Dennilend deyib.

Xatırladaq ki, bundan əvvəl “Telia” Azərbaycanın “Azərcell” mobil rabitə operatorundakı payını da satıb. Şirkət Örta Asiya və Azərbaycanda üzləşdiyi korrupsiya qalmaqalına görə bütün keçmiş sovet respublikaları bazarını tərk etməyi qərara alıb. Hazırda “Telia”nın təkcə Moldova və Qazaxıstanda aktivləri var, amma onları da satmağı planlaşdırır.

Şirkətin Özbəkistan bazarına daxil olmaq üçün Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyini İsveç jurnalistləri araşdırıb ortaya çıxarmışdılar. Bu, böyük qalmaqala, “Telia”nın yüksək vəzifəli şəxslərinin həbsinə və istefalara səbəb oldu.