Yadigar Cəfərli yazır – Qəhrəmanları sorğulamazlar

Müəllimin vəzifəsi öyrətməkdir, həkimin vəzifəsi sağaltmaq. Mühəndisin vəzifəsi qurub-yaratmaqdır.
Əsgərinsə vəzifəsi düşməni öldürmək. 
Bunu birdəfəlik anlayaq artıq. 
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimov da, başqa qəhrəman hərbçilərimiz də öz vəzifələrini şərəflə yerinə yetiriblər. 
Qəhrəmanları sorğulamazlar, onlarla qürur duyarlar. 
İndi isə gələk, psixoloq xanımın vurğuladığı humanist məqamlara.
Bəli, düşmən də insandır. Onun da yolunu gözləyənlər var. Amma cəmiyyət olaraq bir yerə yığılıb aid olduqları dövlətin rəhbərliyini ədalətsiz müharibədən, işğaldan çəkindirmək də məhz o yol gözləyənlərin vəzifəsidir.
Erməni cəmiyyəti istəsə, öz hakimiyyətindən kütləvi şəkildə tələb etsə, yad əllərdə maşa olmaqdan qurtulmağa can atsa, erməni əsgəri daha Azərbaycan torpaqlarında öz ölümünü axtarmaz. Bu münaqişə, nəhayət, başa çatar. Heç bir tərəfdən də insanlar ölməz.
Ermənistan cəmiyyəti Dağlıq Qarabağ münaqişəsində dünyanın ən böyük dəyərlərindən olan Ədaləti pozub, pozur. Və bu pozuntuya görə, Azərbaycan torpaqlarının işğalına hətta qəlbinin dərinliyində olsa belə, haqq qazandıran, zərrəcə dəstək verən hər bir erməni məsuliyyət daşıyır.
Bəs bizim cəmiyyətimizdə niyə birdən-birə bu psixoloq xanım kimi düşünənlər ortaya çıxır?! Gəlin, bir qədər Lev Qumilyovu xatırlayaq. O, “Etnogenezin passionar nəzəriyyəsi”ni irəli sürmüş insandır.
Həmin nəzəriyyədə göstərir ki, xalqların taleyində əsas rolu təbii amillər və onların məhsulu olan passionar şəxsiyyətlər oynayır. Passionarların azlığı da, çoxluğu da xalq üçün problemdir.
Müharibələr dövründə qadınlar döyüşə gedən qəhrəmanları sevirdilər. Dinc dövrdə isə, əksinə, səliqəli və sakit adamlar qadınlar üçün ideala çevrilir. Passionarlara yer olmur. Xalq kənar zərbələrdən sarsılanadək onların itkisi hiss edilmir. Hiss olunanda isə itkinin nə dərəcədə ağırlığı meydana çıxır.
Qumilyov bununla demək istəyir ki, ey insanlar, bilin və agah olun, hər bir xalqın Mübariz İbrahimov kimi qəhrəmanlara həmişə ehtiyacı var.
Onlara toxunmayaq…