“SARI JİLETLİLƏR” HÜQONUN SƏFİLLƏRİNDƏN NƏ İLƏ FƏRQLƏNİR?

Slavomir Sierakovski

“Project Syndicate”

 

Dekabrın 11-də Strasburqda (Fransa) Milad bazarında terror hücumu Parisdə və digər şəhərlərdə keçirilən “sarı jiletlilər”in etirazları dövründə baş verib. Fransız polisi bədəməlin izinə düşüb və onu bir atışda öldürüb.

Köhnə siyasi qaydaya görə, fransızlar indi prezident Emmanuel Makronun ətrafında birləşməlidir. Ən azı müəyyən müddətə qədər.

2015-ci ildə “Charlie Hebdo” jurnalının ofisinə hücumdan sonra da məhz belə oldu. Prezident Fransua Ollandın azalan populyarlığı bir anda geri çevrildi. Bundan başqa, 1999-cu ildə bir sıra partlayışları Rusiyada Vladimir Putinin güclənməsinə kömək etdi.

Əlbəttə, son halda araşdırmaçı jurnalistlər hökumətin bu aktları təşviq etdiyinə dair kifayət qədər sübutlar toplamışdı.

“Sarı jiletlilər”in nümayişləri davam edir, baxmayaraq ki, temp öləziyib. Makron üçün möhlət təmin olunub. Amma hərəkatın sosial-iqtisadi kökləri qalır.

Fransa tarixi ilə az-çox tanış olan hər kəs bilir ki, inqilabın və bonapartizmin rəqabəti uzun sürən siyasi nəticələrə malikdir. Makron prezidentliyinə görə sonuncuya borcludur.

Fransızlar gənc islahatçının Avropa zəfərinə cəlb olunmuşdu, onlar Avropa İttifaqını Fransa imperiyasının şöhrətinin qaytarılması kimi görürdü. Amma inqilab kabusu qayıtdı.

Aydındır ki, Makron öz uğurunu səhv anlayıb. Fransız seçicilərinin onu Aİ-də islahat üçün seçdiyini düşünməklə yanılıb.

Fransızlar milli əzəmət hissinə sahib olsa da, iqtisadi cəhətdən yoxsullaşmaya da eyni dərəcədə nifrət edirlər. Makron diqqəti sonuncu məsələyə yönəltməli idi. Bunun əvəzinə, o, kütlədə narazılıq doğuran bir sıra islahatlara başladı.

Özünün elitist təqdimatı və şəxsi təcrübəsi sayəsində Makron artıq zənginlərin nümayəndəsi təəssüratı bağışlayırdı. Ancaq o, islahat səylərini əmək bazarının tənzimlənməsi və zənginlərin ödədiyi vergilərin azaldılması ilə daha da pisləşdirib. Karbon dioksid emissiyalarının azaldılması üçün dizel yanacağına yeni vergi tətbiq edərkən, şəhərətrafı bölgələr və əyalət sakinləri bunu şəxsi təhqir kimi qəbul ediblər.

Ekoloji vergi ucbatından insanlar “sarı jiletlilər”lə (Fransada bütün avtomobil sürücülərindən onu geyinmək tələb olunur) küçələrə çıxıb.

Həm simvolik, həm də praktik olaraq, təklif olunan yanacaq vergisinə qarşı geniş yayılmış təpki qlobal istiləşmə ilə mübarizə üçün zəruri və təcili səyləri əsirgəməyəcək. Amma biz artıq yaşıl islahatlara qarşı çıxan hər kəsin acgöz və səfeh olduğunu düşünməyəcəyik. Hər kəs istixana qazı emissiyalarının azaldılmasına ehtiyac olduğunu qəbul etsə belə, bu, dolanışıqda çətinlik yaşayan işçilərin problemlərini həll etməyəcək.

“Sarı jiletlilər”, ilk növbədə, sosial nərdivanın ən alt təbəqəsi yox, orta və fəhlə sinfinin nümayəndələridir. Onların əksəri nə işsiz, nə də iqlim dəyişikliyini inkar edənlərdir, lakin onlar ödəməyə qadir olmadığı verginin əleyhdarlarıdır. Çoxları “işləyən kasıblar”dır – prekariat, yəni aşağı əməkhaqqı ilə razılaşmaqdan başqa seçimi olmayan insanlar. İşsiz olmadığı üçün onlar və onların problemləri Fransa elitası tərəfindən nəzərə alınmır.

Fransada işsizlik səviyyəsi yüksəkdir (təxminən 9%) və buna görə də, onu diqqətə almamaq çətindir. Ancaq böyüyən prekariatı ona əlavə edəndə, ölkənin ciddi problemi olduğu aşkarlanır (Fransa inkişaf etmiş iqtisadiyyatlar arasında bu halda olan yeganə dövlət deyil).

İqtisadçılar hesab edirlər ki, bu, 2015-ci il Parisin iqlim sazişinə əsasən, emissiyaların azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsi adambaşına illik 500 €-ya (573 dollar) başa gələcək. Çox yüksək rəqəmdir, xüsusilə 2007-ci ildən 2017-ci ilədək ev təsərrüfatlarının gəlirləri cəmi 8% artıb, “sarı jiletlilər” bu artımdan da məhrum qalıb.

Üstəlik, “sarı jiletlilər”in yaranmasına səbəb olan iqtisadi təhlükələr sosial parçalanma və coğrafi diffuziya ilə mürəkkəbləşir. Deindustrializasiya nəticəsində oxşar maraqlara malik olan insanlar böyük zavod icmalarında daha az cəmləniblər; qloballaşmanın nəticəsində isə ixtisassız fəhlələr böyük şəhərlərdən sıxışdırılaraq çıxarılıb.

Parisdə yaşayan insanlar qorxuya düşməzlər, çünki onlar qloballaşmanın yüksək mənfəət əldə edənləridirlər. Ancaq digərləri üçün həm iş, həm də ictimai həyatda iştirakdan ötrü müəyyən məsafəni qət etmək tələb olunur. Buna görə də təklif olunan yanacaq vergisi “sarı jiletlilər”də etiraz doğurur.

Tərcümə: Strateq.az