Yanacaqdoldurma məntəqəsini alıb yerində ev tikdi, indi əlindən alırlar…

Saray qəsəbəsində yaşayan Reyhan Ağayeva ölkə başçısından kömək istəyir: “Mənə bir əsgər anası kimi diqqət yetirmələrini xahiş edirəm”

Ölkədə kifayət qədər acınacaqlı durumda olan ailə var ki, evsizlikdən, sosial problemlərdən əziyyət çəkir. Bu ailələrdən uçuq komanı özünə ev edənlər də var ki, sonradan bu komaya sahib çıxanlar da tapılır. Necə ki, Abşeron rayonu, Saray qəsəbəsi, 73 nömrəli, köhnə, uçuq, dağılmış yanacaqdoldurma məntəqəsini özünə sığınacaq yeri düzəltdikdən sonra Ağayeva Reyhanın evinə iddia edənlər var.

“Bu uçuq yeri indi mən ev etmişəm”

2005-ci ildən adıkeçən ünvanda məskunlaşan Reyhan Ağayeva “Hürriyyət”ə dedi ki, yoldaşı həmin ili bu yanacaqdoldurma məntəqəsini alanda uçuq, dağılmış bir yer olub:“Hətta qonşular da şahiddir ki, bura nakomanların mərkəzi olub. Biz bura yerləşəndə iynə, şprislə dolu idi. 14 il ərzində buranın işığını, suyunu, qazını çəkdirmişik. Kombiyə qədər çəkdirmişik. İki otaqlı evdi. Yoldaşım buranı pulla alıb. Yoldaşım buranı kimdən alıbsa, indi həmin adamlar ortada yoxdur. Mən bura xərc çəkmişəm, bilsəydim heç xərc çəkməzdim. Torpaq alıb, yavaş-yavaş ev tikərdik. Bu uçuq yeri indi mən ev etmişəm. 4 ildir yoldaşım rəhmətə gedib, ona bu evdə nəmişlik oldu, ağciyər xəstəliyinə tutuldu. Mən burada kefimdən qalmamışam. Böyük oğluma da xəstəlik düşüb, oğlum ikinci qrup əlildir. İndi buranı Xəyalə Zakir qızı alıb. Abşeron Rayon Məhkəməsindən mənə məktub gəlib. O, məni məhkəməyə verib. Məktubda yazılır ki, guya, o, bu evdə yaşayıb. Axı, bura ev olmayıb. Qonşular hamısı şahiddir ki, bura ev olmayıb, mən buranı ev etmişəm. Mənim buranı sənədləşdirməyə imkanım omayıb. Yoldaşım xəstə oldu, öldü. Sonra da oğlum xəstə oldu. İmkansızlıqdan sənəd düzəltdirə bilmədik. Həm də bura neftbazaya baxır. İndi də buranı satıblar. Xəyalə deyilən şəxsə kim necə satıb, bilmirəm. Məhkəməyə yazıb ki, “məni evimdə yaşamağa qoymur. Neçə yerə müraciət etmişəm. Bu adamlar mənim evimdə yaşayırlar”. Axı, bu sənin evin olmayıb. Hamı şahiddir. Hamı deyir ki, biz bura zibil atıb, gedirdik”.

“Mənim ailəmin vəziyyəti ağırdır”

“Mən hökumətə 3 əsgər böyütmüşəm. Bir xidmət edib, biri xidmət edir, biri də xidmət edəcək, inşallah. Mən kasıb adamam, yoldaşım yoxdur, oğlum da xəstədir. Mən indi neynəməliyəm? Özüm də 10 gündür ki, əməliyyatdan çıxmışam. İşləməyə də yaramıram. Bəlkə də Xəyalə buranı alıb, amma xəbəri yoxdur ki, biz nə vəziyyətdəyik. Mən onun üzünü görməmişəm. Məni bu ayın 9-da məhkəməyə çağırıblar. Bizi çölə atmasınlar. Mənim ailəmin vəziyyəti ağırdır. Buradan məni ev növbəsinə durmaq üçün çağırıblar. Mən neçə ilə ev alaram? Xəstə oğlumun uşaqları var, 3-cü oğlum da kiçikdir. İkinci oğlum da əsgərdir. O, ayın 5-də məzuniyyətə gələsidir, məzuniyyətə gələndə görsə ki, bizi evdən çıxardırlar, o, geri necə qayıdacaq? Ürəyi partlayacaq. Bax, siz deyin, mən bu uşaqlarla harada qalım?”,-deyə ana üsyan etdi.

“Gəlib yoxlasalar, görəcəklər ki, biz həqiqətən acınacaqlı vəziyyətdəyik”

R. Ağayeva vurğuladı ki, 14-cü ildir ailəsi ilə həmin ünvanda yaşayır: “Mən bura üçün işıq, su, qaz, zibil pulu ödəyirəm. Mən buranı verməyə razıyam, mənə heç olmasa yaşamağa uçuq bir yer də olsa, versinlər ki, uşaqlarım çöldə qalmasın. Mən kirayə verə bilmərəm. Biz bu vəziyyətdə yaşayırıq. Bizə sosial yardım da vermirlər. Bələdiyyə sədri Bibixanım xanım da bizə arayış verib ki, sizə sosial yardım düşür. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin saytına yazırıq, cavab da gəlmir. Gəlib yoxlasalar, görəcəklər ki, biz həqiqətən acınacaqlı vəziyyətdəyik. Evdə 3 azyaşlı uşaq var. Oğlum xəstə olmasa, yenə narahat olmaram. Böyük oğlumun ağciyəri xəstədir, işləyə də bilmir”.

“Bizi buradan çıxardacaqlarsa, bizə yaşamağa bir yer versinlər”

R.Ağayeva prezident İlham Əliyevə müraciət etdi: “Ölkə başçısından çox xahiş edirəm, bizə kömək etsin. Bizi buradan çıxardacaqlarsa, bizə yaşamağa bir yer versinlər. Sosial yardım versinlər ki, uşaqlarım yaşaya bilsin. Mənə bir əsgər anası kimi diqqət yetirmələrini xahiş edirəm”.

Şamo EMİN