150 illiyin qutlu olsun, müəllim!

Bu il Azərbaycan ədəbi ictimaiyyəti üçün çox önəmli əlamətdar hadisələrlə zəngin olacağı şübhəsizdir. Ən azından ona görə ki,ilin əvvəlində Prezident İlham Əliyevin 2019-cu ili görkəmli ədəbi şəxsiyyət Nəsimi ili elan etməsi və dahi ədibimiz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunması ilə bağlı sərəncamını imzalaması belə deməyə əsas verir.

Açığı, çoxdandır ki, yaradıcılıq, ədəbi proseslərlə bağlı mətbuatda çıxışıma fasilə vermişdim. Lakin teatrşünas olduğum üçün görkəmli dramaturq, publisist Cəlil Məmmədquluzadə yaradıcılığından yazmamaq qeyri-mümkündür. Çünki onun publistikası ilə yanaşı, dramaturgiyası da olduqca, dərin məzmunlu və düşündürücüdür.

Əslində Cəlil Məmmədquluzadənin fəaliyyətigenişdir: yazıçı, publisist, dramaturq,jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Amma bir vəzifəsi unudulub.MÜƏLLİM! Bəlkə bəzilərinə bu vəzifəkiçik görünüb?!Fikrimcə onu dramaturq edən də məhz bu vəzifəsi olub.

Bəli, Cəlil Məmmədquluzadə həm də müəllim idi. Qori seminariyasını bitirər-bitirməz doğma vətəninə gəlib böyük ümidlərlə müəllimlik vəzifəsinə başlayır. Təhsillə bağlıhədəfi böyük idi. Yaxşı müəllim olmaq, gələcəyimiz olan uşaqlara dərs deyib, xalqı aydınlatmaq, onun tərəqqi və inkişafına çalışmaq idi. Odur ki, təhsil aldıqdan sonra pedaqoji fəaliyyət göstərən ədib əvvəlcə İrəvan quberniyasının Uluxanlı , sonra Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), daha sonra Nehrəm kəndində müəllimlik etdi. Amma kənd camaatı necə qarşıladı bunu? Məsələ də bu idi. Sabir demişkən:

“məktəb adın çəkməyin mələbədir,mələbə

Əlhəzər ondan həzər oxutmuram əl çəkin!

Eyləməyin dəngəsər oxutmuram əl çəkin

Qori müəllimlər seminariyasını bitirib həvəslə müəllimlik etməyə başlayan Cəlilin qarşılaşdığı mənzərə isə yeniliyə, təhsilə qarşı olan avam camaat oldu. Çox mübarizə apardı. Amma gördü ki, pedaqoji fəaliyyətlə insanları, cəmiyyəti maarifləndirmək, inkişafa nail olmaq, dünyada millətlər içində qabaqcıl yer tuta bilmək çətindir. Odur ki, cəmiyyətdə gördüyü çatışmazlıqları qələmə almağa qərar verdi. Yaratdığı ədəbi obraz və əsərlərlə ürəyindən keçən fikirləri satira və obrazların dili ilə çatdırdı. Adını da qoydu “Danabaş kəndinin məktəbi”. Əsəri oxuduqda biz “uçitel” və onun başına gələn hadisələrin şahidi oluruq. Mən bu əsəri 12 il bundan əvvəl oxumuşdum, sadəcə bir oxucu kimi. Amma indi bu əsəri özüm müəllim olduğum üçün oxuyuram. Hər dəfə də oxuduqca, yazıçının yüksək məharətinin şahidi olur, ədibinbu əsərdə nə demək istədiyini daha yaxşı anlayıram. Əsərdə müəllim kənd məktəbinə təyin olunur. Bir müddət işlədikdən sonra az qala dəli olur. “Aman Allah, bunlar necə vəhşi tayfadırlar! Mən dəxi burada necə müəllimlik eləyə bilərəm. Qardaş, mənim abrım töküldü. Beləliknən dərs keçmək olar, Proqram keçmək olar?” –deyə üsyan etdi. Uşaqlardan çox onu incidən böyüklər idi. Onun hər işinə qarışan böyüklər. Əslində böyüklər yox “saqqallı uşaqlar”. Çünki heç bir təhsili olmayan bu avam camaat elə düşünürdü özləri daha çox bilir. Müəllimdən də çox. Cəlil Məmmədquluzadə müəllim işlədiyi üçün uşaq psixologiyasını daha yaxşı bilir və əsərlərində də uşaq obrazlarına geniş yer verirdi. “Ölülər”dəNazlı, “Danabaş kəndinin əhvalatları” əsərində Məmmədhəsən kişinin oğlu, “Saqqallı uşaq” hekayəsində uşaqların obrazları eləcə “Danabaş Kəndinin məktəbi” əsəri buna misaldır.

Cəlil Məmmədquluzadə “Danabaş kəndinin məktəbi” əsərində müəllimin dili ilə öz fikrini, müəllimlik vəzifəsinin nə qədər ağır peşə olduğunu söyləyir. “Bunu bilməli olasınız ki, müəllimlik özü bir müqəddəs və habelə ağır bir vəzifədir… və ümidvaram ki, siz mənim bu nəsihətimə əməl edib bundan sonralıqlaməktəbin qədrini biləcəksiniz və razı olmayacaqsınız ki, məktəbdə bu günkü şuluqlar bir də təkrar olunsun. Çünki məktəb küçə deyil, qilu qal küçədə olar məktəbdə olmaz. Küçədə olar qilu qal, məktəbdə olar dərs. Küçədə olar föhş və biədəblik, məktəbdə olar elm və nəsihət. Küçə camaatı həmişə qaranlıqda qalacaq, çünki küçədə elm yoxdur. Amma məktəbdə hər bir kəs işıq tapacaq, çünki məktəbdə elm var…”

Cəlil Məmmədquluzadə çox kəskin tənqid edirdi və onun əsərləri o dövrün aynası idi. Əlbəttə ki onun yazdıqları tək onun çalışdığı kəndlərə yox, dövrünün bütün kəndlərinə aid etmək olar. SadəcəMirzə Cəlil bir müəllim kimi dövrünün təhsil prosesini müşahidə etmiş və gördüklərini, yaşadıqlarını böyük ustalıqla qələmə almışdır.

Artıq 150 il keçib. Bir əsrdən çox, iki əsrdən az… Elm inkişaf edib. Təhsilimiz irəliləyir. Amma yenə də zaman-zaman Mirzə Cəlilin gördüklərini bir müəllim kimi biz də görürük və “Allah sənə rəhmət eləsin, müəllim” deyirik! Bəli, uzun zaman keçməsinə baxmayaraq, yenə də müəllimlik müqəddəs və şərəfli, eləcə də ağır vəzifədir. Çünki biz tək uşaqlarla yox, həm də böyüklərlə işləyirik. Qasım kişi, Şaban nənələrlə və kimlərlə, kimilərlə…

Nə isə çox uzatmaq istəmirəm. Bu il sənin ilindi, Mirzə Cəlil müəllim. Sənin arzun millətimizin övladlarının savad yiyəsi olması, maariflənməsi və xalqına layiq övlad kimi yetişməsi idi. Bu gün sevindirici haldır ki, müstəqil bir dövlətin övladlarıyıq. Təhsilli, intellektual, ən əsası vətənpərvər gənclik yetişir. Bu gün məhz bu cür gənclərimiz sabaha boylanan ümidlərimiz və qürurumuzdur. Fəxr edirəm ki, mən də bu cür gənc nəslin yetişməsində, cəmiyyətimizin aydınlanmasında müəllim peşəsini seçmişəm.

150 illiyin qutlu olsun, müəllim! İndiki zəmanədə müəllimlik həm də fədai peşədir. Mənim və mənim kimi yüzlərlə, minlərlə müəllimin müəllimisən!

Teatrşünas, Amaliya Ömərova

Shares