Sənan NƏCƏFOV yazır – Paraşütünüzü kim hazırlayır?

Robert Fulton ilk buxar gəmisi modeli üzərində işləyərkən dostları onu bu düşüncədən vaz keçməyə səsləyirmişlər. “Reallaşması həqiqətən də mümkün olmayan bir ideyadır. Boşuna vaxt sərf edib, enerjini tükətmə” deyirdilər. Hətta bəziləri buxar gəmisi əvəzinə yelkənli gəmilərin sürətini artıracaq bir texnika düşünməyi təklif edirmişlər. Fultonun cavabı isə dəyişməzmiş: “İnkişaf etmək üçün kənar güclərə ümid edən bir ideya məni maraqlandırmır. Güc o ideyanın, malın, məhsulun, insanın içindən gəlməlidir”.

Necə deyərlər, insanlar var əl arabası kimidir, itələməyincə getməzlər. İnsanlar var, at arabası kimidir, dartmasan getməzlər. İnsanlar var, avtomobil kimidir, nə itələməyə, nə də çəkməyə ehtiyac yoxdur, belələrinin gücü daxildən gəlir.

Bir gün bir qız atası ilə həyətyanı sahələrində ağaclara qulluq edir. Ağacda toplanmış torlara və torlardan yaranmış yuvalara maraqla baxan qız atasından bu tor topasının nə olduğunu soruşur. Atası izah edir ki, bu, gələcəkdə kəpənək olan tırtıl yuvasıdır. Qız daha yaxından baxdıqda doğrudan da həmin qurdların olduğu qozaları (yuvaya oxşayır) və oradan bir kəpənəyin çıxmağa, həyata atılmağa hazırlaşdığını görür. Kəpənəyin çalışmaları bir nəticə vermir. Bu mücadiləni sona qədər gözləməyə səbri çatmayan qız əlindəki çöplə qozanın qabığını aralayır və kəpənəyin qozadan rahat çıxmasına imkan yaradır. Qızın sevincinin hədd-hüdudu olmur və etdiyi bu qəhrəmanlığı atasına göstərir, qürurlanır. Az keçmir ki, xilas etdiyi kəpənək yavaş-yavaş yerə enir və daha uçmur. Kəpənəyin bu halı qızı məyus edir. Atasından nə baş verdiyini soruşur. Ata deyir:

– Qızım, yuvanın içindən çıxmağa çalışan kəpənəyin mübarizəsini xatırla. O, hər güc verdikcə qanad əzələlərini gücləndirirdi. Hər güc verdikcə əzələlər arasına yığılan su süzülüb kənara çıxırdı. Hər dəfə qozanın qabığını itələdikcə su qozadan da kənara çıxır, kəpənək qanadlarını daha da geniş açmağa imkan qazanırdı. Bu proses sənin etdiyin köməklə yarımçıq qaldı, su kənara tam çıxmadı, kəpənəyin qanadı tam möhkəmlənmədi. Bunu o özü etməli idi. Yəni, uça bilməsi üçün yuvasından özü çıxmalı idi. Hərəkətsizlik onu məhv edəcək.

Bəzən vədəsiz kömək xeyirdən çox, ziyan gətirir demək…

1977-ci ildə dağlara yürüş edən və başına qəribə əhvalat gəlmiş bir alpinist haqda mətbuat yazmışdı. Bu adam dağda olarkən qəflətən qar çovğununa düşür və yolunu azır. Əynindəki paltarlar belə soyuğa uyğun olmadığı və havanın temperaturunun getdikcə daha da aşağı düşdüyü üçün alpinist daldalanmağa yer axtarır. Nəhayət, bir yer tapır, lakin bu müddətdə soyuq öz işini görür, əl-ayağı getdikcə keyləşir. Daldanacaqda özünə yer etmək istədiyi zaman ayağı soyuqdan donmuş birinin bədəninə toxunur. O, vaxtın azlığını yaxşı anlayır, lakin donmuş adamı həmin şəraitdə qoyub getmək istəmir. Beləcə, kişini yenidən özünə gətirmək üçün cəhd edir, onun ayaq və əllərini masaj etməyə başlayır. Bir neçə dəqiqədən sonra donmuş kişi qımıldanır və bir müddətdən sonra tam özünə gəlir. Onlar birləşərək çovğun olan ərazini tərk edə bilirlər. Sonradan tibb mütəxəssisləri bildirirlər ki, donmuş adama kömək etməklə alpinist həm də özünü xilas edib. Əgər o, donmuş insanı masaj etməsəymiş, getdikcə keyləşən əllərini don vurar, beləcə, bu proses bütün bədəninə yayıla bilərmiş.

Beləliklə, bir daha əmin oluruq ki, ən çətin məqamda olanda belə oradan çıxmaq üçün ən rahat yollardan biri həm də başqalarına kömək etməkdir. Elə isə bu yazımızın ilk sualı: Bu gün kimə yardım etmisiniz? Etmisinizsə, bu işi görməklə ilk olaraq özünüzə yardım etdiyinizi düşündünüzmü?

Nəhayət, sonuncu misal.

Çarlz Plumb Vyetnamda döyüş tapşırığı yerinə yetirən ABŞ Hərbi Hava Qüvvələrinin zabiti olub. 75 uçuş həyata keçirib, böyük nailiyyətlər qazanıb. Lakin 76-cı uçuşu uğursuz olub, yerdən atılan raketlə təyyarəsi vurularaq, yerə salınıb. Paraşütündən məharətlə istifadə edib, yerə sağ-salamat çatan Çarlzın bütün cəhdləri əbəs olur, o, əsir düşür. 6 illik ağrılı-acılı əsirlik həyatından sonra azad edilir. ABŞ-a qayıtdıqda isə keçdiyi ağır təcrübə haqda tələbələrə dərs verir, böyük nüfuz qazanır.

Bir gün xanımı ilə restoranda nahar edən Çarlzın stoluna tanımadığı biri yaxınlaşır və davamlı suallar verir:

– Siz Çarlz Plumb deyilsiniz? Vyetnamda Kitti Havk aeroportunda as pilot idiniz. Təyyarənizi vurdular.

Plumb təəccüb içində bütün suallara təsdiq cavabı verir.

Çağırılmamış qonaq özünü təqdim edir:

– Uçuş öncəsi sizin paraşütü mən hazırlamışdım.

Plumb onun həyatını qurtarmış bu insanı qucaqlayır və təşəkkürünü çatdırır. Evə gəldikdən sonra isə uzun müddət həmin insan haqda düşünür. Zamanında as pilot olan Plumb onun həyatını xilas edən o gənc əsgərə heç salam da verməzmiş. Amma indi vaxtilə saatlarla onun xilas paraşütünü dəstələyən o sadə əsgərə minnətdarlığını çatdırır.

Bunu mükəmməlliklə qələmə alan Stiv Qodyier keçdiyi təlimlərdə iştirakçılara bu sualı verir: Paraşütünüzü kim hazırlayır? İnsanlardan soruşula biləcək mühüm suallardan biridir. Yaşamağımıza davam etməyə səbəb olan paraşütlər var həyatımızda. Hər dəfəsində fərqli insanın bizim üçün hazırladığı mənəvi, maddi, duyğusal, ruhsal paraşütlər.  Sahib olduğunuz ən böyük bacarığı kim qazandırdı sizə? Və yaxud düşüncə tərzinizi kim formalaşdırdı? Ən ağır məqamda kimlər sizə mənəvi dəstək verdi? Həyata dair mənəvi dəyərlərin fərqinə varmağınızı kim öyrətdi? Həyatınız boyu paraşütünüzü hazırlayan kimlər olub?

Və sonuncu sual: Siz kimin paraşütünü hazırlamısınız? Bu haqda heç düşündünüzmü?

Shares