Dursun Həsənovun karyerasına təhlükə yaranıb

Buqaşendə qoyulan heykələ görə kim məsuliyyət daşıyır?


Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Qarabağda azərbaycanlıların qətliamında fəal rol oynamış terrorçu Mixeil Avaqyana abidə ucaldılması Azərbaycan xalqının ciddi narazılığına səbəb oldu. Abidənin 20 yanvar tarixində, Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyanın, deputatlar Enzel Mikonyan və Samvel Manukyanın iştirakı ilə açılması etirazların daha da böyüməsinə yol açdı. Bu terrorçu Axalkalakinin Buqaşen kəndində doğulsa da, sonradan Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub. Qarabağ müharibəsi başlayan zaman Avaqyan Horadiz, Xocalı, Hadrut və Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. “Kobra” ləqəbi ilə tanınan  Avaqyan Xocalıda və Qarabağın digər ərazilərində bir çox vəhşiliklərlə, o cümlədən qətllərlə məşğul olub. Horadiz körpüsü uğrunda gedən döyüşdə snayper tərəfindən yaralanıb, xəstəxanaya aparılarkən yolda həyatını itirib. İndi isə, həmin bu qatilin doğulduğu kənddə onun abidəsi ucaldılıb. Bu olay Azərbaycanla Gürcüstan arasında münasibətlərə ciddi zərər vurmasa da, kölgə sala bildi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Gürcüstan XİN-də görüş keçirərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazını qarşı tərəfin diqqətinə çatdırdı. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələbi irəli sürüldü. Ancaq bu addımların atılmasından bir həftədən artıq vaxtın keçməsinə baxmayaraq, heç bir ciddi tədbir görülməyib. Səbəb isə budur ki, həmin abidənin sökülməsinə cəhd edilməsi Gürcüstanın özündə gərginlik yarada bilər.

Gürcüstan Qarabağ münaqişəsi başlayan gündən Azərbaycanla Ermənistan arasında bitərəf kimi görünməyə çalışıb. Gürcüstanda çox böyük azərbaycanlı və erməni icmalarının mövcudluğu rəsmi Tbilisini indiyədək ehtiyyatlı davaranmağa vadar edib. Tbilisidə Qarabağ münaqişəsinin böyüyərək ermənilərlə azərbaycanlılar arasında etnik düşmənçiliyə çevrildiyinin fərqindədirlər. Bu düşmənçiliyin Gürcüstandakı azərbaycanlı və erməni icmaları arasında gərginliyə yol aça biləcəyini də Tbilisidə yaxşı anlayırlar. Ona görə də Gürcüstanın bütün hökumətləri azərbaycanlılarla ermənilər arasında tərəfsiz kimi görünməyə çalışıblar. İndi isə Buqaşen kəndində qoyulan abidə vəziyyəti dəyişib. Azərbaycan terrorçuya qoyulan abidənin götürülməsini tələb edir. Ancaq Tbilisidə yaxşı anlayırlar ki, yerli idarəçilərin qərarı ilə qoyulmuş abidənin sökülməsi ermənilərin narazılığına səbəb olacaq. Buna görə çox böyük ehtimalla terrorçunun abidəsi sökülməyəcək. Məsələ ondan ibarətdir ki, Axalkalaki Gürcüstandakı erməni icmasının mərkəzidir. Ermənilər dəfələrlə burada anti-Azərbaycan, anti-türk tədbirlər həyata keçiriblər. Bir neçə dəfə isə, daha ciddi tədbirlərin keçirilməsinin qarşısı Azərbaycanın vaxtında verdiyi reaksiya nəticəsində Tbilisi tərəfindən alınıb. Əgər Azərbaycan zamanında terrorçu Mixeil Avaqyana abidə qoyulacağı haqqında məlumatlı olsaydı, bu olayın qarşısını almaq daha asan olardı. Təəssüf ki, aidiyyatı olan orqanlar vəzifələrinin öhdəsindən gələ bilmədikləri üçün indi həm rəsmi Bakı, həm də rəsmi Tbilisi artıq baş vermiş fakt qarşısında qalıblar.

Təbii ki, bu zaman yaranmış vəziyyətə görə kimin məsuliyyət daşımalı olduğu məsələsi də gündəmə gəlir. Çox böyük ehtimalla məsuliyyət Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun üzərinə düşür. Görünən budur ki, Dursun Həsənov ermənilərin Mixeil Avaqyana abidə qoyacaqlarından xəbərsiz olub və məhz onun rəsmi Bakını məlumatlandırmaması indi hamının acı fakt qarşısında qalmasına səbəb olub. Səfir Dursun Həsənovun fəaliyyətinə yaxından bələd olanlar da bu ehtimalı daha əsaslı hesab edirlər. Belə ki, əslən gürcüstandan olan soydaşlarımızın əksəriyyəti səfirin ümumiyyətlə fəaliyyətindən narazıdırlar. Baxmayaraq ki, Dursun Həsənov xarici siyasətdə 25 illik iş stajına malikdir, onun məhz səfir kimi fəaliyyəti qənaətbəxş sayılmır. Halbuki, bu diplomatın həm təcrübəsi, həm də mənsub olduğu ailənin Gürcüstandakı əlaqələri onun uğurlu fəaliyyət göstərməsi üçün tam yetərli şərait yaradır. Hər halda səfirin fəaliyyətinin qənaətbəxş olmadığı haqqında fikir və rəy söyləyənlər, eləcə də Mixeil Avaqyana abidə qoyulmasının acı fakt kimi qarşımıza çıxmasına görə məhz Dursun Həsənovun məsuliyyət daşımalı olduğu qənaətini bölüşənlər çoxluq təşkil edirlər.

Bununla belə, bəzi mənbələr də bu rəyin tam əksinə olaraq, səfirin zamanında Azərbaycan Xarici İşlər Nazirliyini məlumatlandırdığını istisna etmirlər və əsas məsuliyyətin XİN-in məmurlarının və nazir Elmar Məmmədyarovun üzərinə düşdüyünü qeyd edirlər. Çox ola bilsin ki, Elmar Məmmədyarovun tezliklə istefaya göndəriləcəyi haqqında yayılan məlumatlar da məhz bu məqamdan qaynaqlanır.

Digər tərəfdən isə, baş vermiş bu konkret olayla bağlı məsuliyyətin kimin üzərinə düşməsindən asılı olmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətində bir çox boşluqların olduğu göz önündədir. Bu boşluqları aradan qaldırmaq üçün isə ciddi kadr dəyişikliklərinə ehtiyac var.

“Yeni Sözcü”qəzeti

Shares