ADP-DƏN SENSASİON BƏYANAT

“Baş verənlər ölkədə ikihakimiyyətliliyin təzahürü və prezidentinin iradəsinə qarşı atılan addımlardır”

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindənHurriyyet.org-a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycan Xarici İşlər Naziri E.Məmmədyarovun Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin hazır olması ilə bağlı verdiyi bəyanatı təqdir edib və hakimiyyəti Avropaya inteqrasiya istiqamətində qəti addımlar atmağa çağırıb.

İdarə Heyəti ölkə prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” verdiyi Fərmanı müzakirə edib. Müzakirələrdə bu sahədə mövcud olan problemlərin həll olunması üçün bir sıra fundamental addımların, o cümlədən istintaq orqanının prokurorluqdan ayrılmasının, prokurorluq orqanının dövlət adından çıxış etməsinin ləğv olunmasının, müstəqil vəkillər kollegiyasının yaradılmasının, Avropa məhkəməsində qərarları ləğv edilmiş Azərbaycan hakimlərinin barəsində ölçü götürülməsinin, yerli və Avropa məhkəməsinin qərarlarının icrasının qeyd şərtsiz həyata keçirliməsinin vacibliyi qeyd edilib.

İdarə Heyəti prezident İ.Əliyevin son əfv fərmanı ilə azadlığa buraxılan siyasi məhbuslardan olan Bayram Məmmədovun yenidən inzibati qaydada 30 sutka həbs olunmasını, Qiyas İbrahimovun isə təqib və təzyiqlərlə üzləşməsini qətiyyətlə pisləyib, baş verənləri ölkədə ikihakimiyyətliliyin təzahürü və ölkə prezidentinin iradəsinə qarşı atılan addım kimi dəyərləndirib.

İdarə Heyəti qardaş Türkiyədə keçirilən son bələdiyyə seçkilərinə də münasibət bildirib. Seçkilərdə müxalif düşərgənin hakim partiya ilə eyni səviyyədə səs toplması faktı Türkiyədə azad, ədalətli və demokratik seçki ənənələrin formalaşmasının təsdiqi, eyni zamanda bir sıra qərb ekspertlərinin guya demokratiyanın yalnız xristian cəmiyyətlərinə aid olması barədə cəfəng fikirlərinə tutarlı cavab kimi dəyərləndirilib. İdarə Heyəti bu sekilərin nəticələrinin qardaş Türkəyinin azadlığına, müstəqilliyinə və demokratik inkişafına böyük töhfə olacağına inamını ifadə edib.

İdarə Heyəti qonşu İranda baş verən sel daşqınları zamanı çoxsaylı insan tələfatına səbəb olan faciədən dərin narahatlığını ifadə edib, faciə ilə bağlı İran dövlətinə, faciə zamanı həyatını itirən insanların yaxınlarına və ailələrinə başsağlığı verib, faciənin ağır nəticələrinin aradan qaldırılması üçün Azərbaycan hakimiyyətini qonşu İran dövlətinə maddi və mənəvi dəstək verməyə çağırıb.

İdarə Heyəti ABŞ prezidenti D.Trampın Suriyanın tarixi ərazisi sayılan Colan təpələri üzərində İsrailə haq tanıması və B.Netanyahunun işğal olunmuş Fələstin torpaqlarının öz torpaqları kimi tanıması barədə verilən bəyanatları qətiyyətlə pisləyib. İdarə Heyəti hesab edib ki, bu hadisə işğalın nəticələrinin rəsmilləşdirilməsinin və zorakılıqla sərhədlərin dəyişdirilməsinin yolverilməz olması ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə zidd, dünyada sülhə və təhlükəsizliyə qarşı böyük bir təhdid və böyük dövlətlərin kiçik dövlətlərin ərazilərinin işğal edilməsinə yol açan pis bir presedent olduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiya verməlidir.

İdarə Heyəti Liviya ətrafında baş verənlərdən narahatçılığını ifadə edib. Yeni bir müsəlman ölkəsinin müharibə poliqonuna çevrilməməsi üçün vaxtında bu problemin qarşısının alınmasının vacibliyi qeyd edilib.

İdarə Heyəti on milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar olaraq ölkə vətəndaşlarının ağır sosial-iqtisadi vəziyyətdə yaşadığı bir məqamda böyük maliyyə israfçılığına yol verməklə Bakı şəhərində böyük atəşfəşanlığın təşkil olunmasını qətiyyətlə pisləyib, bu hadisəni ictimai diqqəti Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizin ilhaq siyasətindən, adı çəkilən ölkənin dini, rəsmi nümayəndələrinin Dağlıq Qarabağa səfər edərək bu ərazilərin onlara məxsus olması ilə bağlı bəyanatlarından yayındırmağa xidmət edən addım kimi dəyərləndirib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle