ADPU-nun nümayəndələri ERASMUS+ layihələri ilə bağlı tədbirdə iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndələri ERASMUS + proqramı üzrə yerinə yetirilən layihələrlə bağlı ali təhsil müəssiələrinin təmsilıçilərinin qatıldığı tədbirdə iştirak ediblər. Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən ali təhsillə bağlı hazırda davam etməkdə olan layihələr haqqında informasiyaların çatdırılması üçün məlumatlandırıcı konfrans səviyyəsində keçirilib. Xəzər Universitetində keçirilmiş konfransda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə və Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov iştirak ediblər.

Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən, beynəlxalq layihələrdə iştirakın universitetlərə yaratdığı imkanlardan danışıb. Eyni zamanda layihələrin hazırlanması və icrası, eləcə də qarşıya çıxan problemlərin daha tez həlli ilə bağlı tövsiyələrin və təcrübənin paylaşılması baxımından tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycanın Milli ERASMUS ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək Azərbaycanın əslində potensialının çox olduğunu, lakin layihələrin az sayda təqdim olunduğunu qeyd edib. Bildirilib ki, Avropa Komissiyası tərəfindən edilən çağırışlar zamanı daha çox layihələr təqdim etmək və qazanmaq mümkündür. Sözügedən proqramın fəaliyyət dövrünün artıq sonuncu ilinə yaxınlaşdığını da nəzərə alaraq bu ilin oktyabr ayında olacaq növbəti çağırışa indidən daha çox sayda yeni, faydalı layihə təklifləri hazırlamaq lazımdır.

Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva konfransın moderatoru kimi iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Xəzər Universitetinin hazırda davam edən 6 layihəni icra etdiyini vurğulayaraq görülmüş işlər haqqında qısa məlumat verib. Daha sonra layihə icra edən Azərbaycan universitetlərinin layihə koordinatorları təqdimatla çıxış ediblər, posterlər nümayiş etdiriblər. Digər ali məktəb nümayəndələri isə tərəfdaş olduqları layihələrin əhəmiyyətindən, indiyə qədər həyata keçirilmiş işlərdən danışıblar.

Bakı Biznes Universitetinin Layihələrin idarə olunması şöbəsinin müdiri Gülşən Bayramova ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən EQAC layihəsi haqqında geniş təqdimatla çıxış edib. Bu layihənin təmsil etdiyi universitetin koordinatorluğu ilə yerinə yetirildiyini qeyd edərək layihənin hazırlanması prosesi, görülmüş işlər, layihənin təsdiq olunmasından sonra universitetlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunmuş nəticələrdən bəhs edib. Bildirilib ki, təmsil etdiyi universitet tərəfindən hazırda bir neçə layihə artıq təqdim edilmək üçün hazırdır.

Çıxışlardan sonra moderator iştirakçılarla fəal dialoq qurub, sual-cavab sessiyası baş tutub, təkliflər səsələndirilib. Vurğulanıb ki, əslində müxtəlif universitetlər tərəfindən həyata keçirilən layihələrin hədəfi, məqsədi son nəticədə keyfiyyətin artlırılmasına xidmət edir və gələcəkdə bu cür konfransların keçirilməsi layihələrdə iştirak edən universitetlərin təcrübə mübadiləsinə müsbət töhfə verə bilər.

Qeyd edək ki, ADPU ERASMUS+ proqramı çərçivəsində iki layihənin, o cümlədən Valensiya Politexnik Universitetinin və Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilən PETRA (“Azərbaycan universitetlərində Təlim və Tədrisin təkmilləşdirilməsi”) və Bakı Biznes Universitetinin koordinatorluğu ilə yerinə yetirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihələlərinin tərəfdaşlarındandır. Hər iki layihə çərçivəsində indiyə qədər bir sıra sənədlər hazırlanıb, yerli və xarici təlimlər keçirilib, beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı yerli və xarici səfərlər təşkil olunub, universitet daxilində təqdimatlar, təlimlər keçirilib.

Hurriyyet.org

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle