Canavarların kəndlərə hücumları niyə artıb? – ARAŞDIRMA

Son zamanlarda canavarların kəndlərdə insanların fərdi təsərrüfatlarına, mal-qaralarına və bəzən isə özlərinə hücumu xəbərlərinə tez-tez rast gəlirik. Görəsən, bunun səbəbi nədir və heyvanlar niyə aqressivləşib?

Reportyor.az  bildirir ki, ONA bu barədə araşdırma aparıb.

Canavarların kəndlərə hücumlarının səbəbləri nədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə deyib ki, xüsusən qış aylarında bu hallar çoxalır. Səbəb isə odur ki, heyvanlar ac qalır, qida tapmır və bəzən insanların özləri də onların arealına girirlər: “Son təhlillər göstərir ki, canavarların hücumu ən çox cənub bölgəsində olub. Bir neçə dəfə canavar hücumu Astara rayonu ərazisində və Goranboy rayonunun Eyvazlılar, Boluslu kəndləri ətrafında baş verib. Bu təbii prosesdir və hər il rastlaşırıq. Bizim araşdırmalarımız göstərir ki, canavarların hücumu bir çox hallarda insanların intensiv heyvandarlıqla məşğul olması, ev heyvanlarını açıb nəzarətsiz şəkildə otlaqlara buraxması, qoyun otaranların otlaq sahəyə yox, meşəlik əraziyə getmələri səbəbi ilə baş verir. Təbii ki, vəhşi heyvanlar da ona yem kimi baxır. Belə hallarla bağlı nazirlik tərəfindən tədbir görülüb və işçi qrupu yaradılıb. Astara rayonu ərazisində tənzimləmə təşkil olunub, Goranboy ərazisində isə bir həftə ərzində gecə növbətçiliyi təşkil olunub, heyvanları qorxutmaq üçün tədbirlər görülüb”.

Heyvanlar niyə aqressivləşib?

Nazirlik rəsmisi deyir ki, ümumiyyətlə, vəhşi heyvan barədə “aqressivləşib” demək düzgün deyil: “Heyvanın quduzlaşması epidemiyalardan ola bilər, eyni zamanda heyvan ardıcıl ac qaldıqda da ola bilər. Bu da hər il, demək olar ki, baş verir. Son illərdə bunlar artıb, kütləvi quduzlaşma olub.

Son illərin statistikası göstərir ki, qanunsuz ov halları kütləvi şəkildə azalıb. Bunun üçün tənzimlənən ov gedir, insanların bu məsələyə yanaşmasında çox müsbət dəyişiklik var. Təbiətdə olanların qida rasionu da azalmayıb. Vəhşi heyvanların yem bazasını təşkil edən heyvanlar kifayət qədərdir. Sadəcə, havalar soyuq keçir və bəzi yerlər qar altındadır deyə, yemin tapılması çətinləşir, vəhşi heyvanın bədəni zəifləyir və yem axtarır”.

Bəs necə qorunaq?

Hikmət Əlizadə deyib ki, qorunmaq üçün insanlar ilk növbədə özlərini və kənd təsərrüfatını mühafizə etməlidir. Azərbaycanda təəssüf ki, heyvanlar yiyəsiz buraxılır: “Otlama sahələri var ki, ora heyvanı aparmaq olar, amma onlar gedib meşələrə çıxırlar. Bütün dünyada şəhərsalma texnikası var. Şəhər salınanda müəyyən bir sahədə evlər tikilir, onun ətrafında bufer zonalar, qoruyucu zona olur ki, meşə ilə kəndi və ya vəhşi heyvanların yaşadığı arealla kəndi, qəsəbəni ayırır. Bizdə isə evlər tikilə-tikilə gedir, bir də görürük ki, meşənin ortasında ev var. Birinci növbədə bu hallara diqqət olunmalıdır”.

AMEA: Vəziyyət 5 il öncə ilə müqayisədə pis deyil.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov da son vaxtlar cənub bölgəsində canavar hücumlarının artığını deyib. Səbəblərinə gəlincə, zooloq hesab edir ki, əvvəllər də belə hadisələr olurdu, sadəcə, indi məlumatlar sürətlə yayılır deyə biz də xəbərdar oluruq, əslində o qədər də ciddi fərq yoxdur: “Onların qidalandığı vəhşi heyvanlar da təbiətdə azalıb. Canavarın dağda yemi ceyran, cüyür, maral, dağ keçisidir. Onların sayı azalıb deyə bu hallar arta bilər. Amma qeyd edim ki, bu vəziyyət 5 il öncə ilə müqayisədə pis deyil. Hazırda Şirvan Milli Parkında 5 mindən çox ceyran var. Ümumi olaraq isə ölkədə 9 minə yaxın ceyran var”.

Elşad Əsgərov bildirib ki, canavar təbiətdə yem olaraq nəsə axtarıb tapmağa məcburdur: “Süni yemləmə mümkün deyil. Ən azı təbii mühitdəki dırnaqlı heyvanların ovlanma sayı azalsa, heyvanlar artdıqca canavarların yemi olacaq, özlərini də təhlükəyə atmayacaqlar. Hazırda Naxçıvanda dağ keçilərin sayı 2 mini keçib və bu, başqa bölgələrdə də getdikcə yaxşılaşır. Canavarların təbii qidasını azaltmasaq, canavarların ziyanı da olmayacaq”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle