mobil versiya

Əfqan qadınları “Taliban” hakimiyyəti altında sosial, iqtisadi məhrumiyyətlərlə üzləşir



“Əfqanıstanda davam edən böhran fonunda Əfqanıstan qadınlarının vəziyyəti pisləşməyə davam edir, çünki onlar “Taliban” hakimiyyəti altında fundamental azadlıq və hüquqlarından məhrum edilirlər”.

“Khaama Press”  xəbər verir, bunu Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Nasir Əhməd Faiq qurumun Təhlükəsizlik Şurasının (TŞ) toplantısında deyib. 

O deyib ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra əfqan qadınları və qızları sistematik olaraq bütün iqtisadi, sosial və siyasi arenalardan kənarlaşdırılıblar,  N.Ə.Faiq həmçinin qadın və qızların fundamental hüquqlarının bərpasının vacibliyini vurğulayıb,  müharibədən zərər çəkmiş ölkədə qızlar üçün məktəblərin dərhal açılmasına çağırıb.

Beynəlxalq qiymətləndirmələrə görə, Əfqanıstan hazırda təcili ərzaq çatışmazlığı vəziyyətində olan insanların sayının ən yüksək olduğu ölkədir, 23 milyondan çox insanın yardıma ehtiyacı var və əhalinin təxminən 95 faizi kifayət qədər ərzaq istehlak etmir.

Azlıqlara mənsub insanlar və qonşu ölkələrə sığınacaq axtaran 3,5 milyondan çox insan da daxil olmaqla, dörd milyondan çox məcburi köçkünün həssaslığı xüsusi narahatlıq doğurur.

ABŞ-ın Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişinin (SIGAR) hesabatına görə, Əfqanıstanda 24,4 milyondan çox insanın humanitar yardıma ehtiyacı var ki, bu da 2021-ci ildəki 18,4 milyondan çoxdur.

Hesabatda bildirilir ki, “Taliban”  tərəfindən ölkəni ələ keçirməsi və nəticədə beynəlxalq yardımın kəsilməsi humanitar böhranın pisləşməsinə səbəb olub və əfqanların təxminən 70 faizi gündəlik əsas ehtiyaclarını təmin edə bilmir.

Qeyd edək ki, Əfqanıstanda insan haqlarının vəziyyəti Əfqanıstan hökumətinin süqutundan və ötən ilin avqustunda “Taliban”ın hakimiyyətə qayıdışından sonra daha da pisləşib. Ölkədə döyüşlər başa çatsa da, xüsusilə qadınlara və azlıqlara qarşı ciddi insan haqları pozuntuları səngimək bilmir. Bundan əlavə, ölkədə ərzaq məhsullarının davamlı olaraq bahalaşması əfqanlar üçün yeni problem kimi ortaya çıxıb. Üç aydan az bir müddət ərzində ərzaq qiymətləri demək olar ki, iki dəfə artıb.

Reportyor.az


DÜNYA
Tarix: 30-09-2022, 15:41