mobil versiya

Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səs toplayıb


Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində 81,31 faiz səs toplayıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov bildirib.
Onun sözlərinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 seçicinin səsini toplayıb. İkinci yeri 3,42 faiz səslə “Auıl” (“Kənd”) partiyasının namizədi Jiquli Dairabayev, üçüncü yeri 2,53 faiz səslə iqtisadçı Meyram Kajıken tutub. Seçicilərin 5,8 faizi isə heç bir namizədə səs verməyib.
2019-cu il iyunun 9-da keçirilən əvvəlki prezident seçkilərində Kasım-Jomart Tokayev səslərin 70,96 faizini qazanmışdı.
Qeyd edək ki, bazar günü Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda ölkənin hazırkı Prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparıb. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.

DÜNYA / HADİSƏ
Tarix: 21-11-2022, 11:22