“Futbol+”in kollektivi etiraza qalxdı – Jurnalistlər KİVDF-nin və Prezident Administrasiyasının qarşısında aksiya keçirdilər

Mahir Rüstəmli: “KİVDF bu gün ölkənin ən populyar idman nəşrini maliyyələşmədən kənarda qoyur”

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun aprelin 1-də ancaq ictimai-siyasi qəzetlərə maliyyə ayırması bir neçə qəzetin, o cümlədən “Futbol+”un fəaliyyətində ciddi problem yaradıb. Sözügedən mətbu orqana ayrılan aylıq 5000 manat vəsaitin dayandırılması qəzetin 20-yə yaxın əməkdaşına əməkhaqqı və digər xərclərin ödənilməsində çətinliklər yaradıb ki, bu üzdən “Futbol+”çular dünən həm KİVDF-nin, həm də Prezident Aparatının qarşısında etiraz aksiyası keçirdilər.

Aksiya zamanı “Futbol+”un kollektivi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzinin qarşısında “Bizi eşit, Prezident!”, “Haqqımızı istəyirik!”, “ KİVDF, ədalətsizliyə son qoy!” şüarları səsləndirilib, eyni zamanda aksiyada qəzetin baş redaktoru və əməkdaşları çıxış ediblər.

“KİVDF-nin qərarı ayrıseçkilikdən ibarətdir”

“Futbol+”un baş redaktoru Mahir Rüstəmlinin çıxışını olduğu kimi diqqətinizə çatdırırıq:

“Bu gün bizim etiraz aksiyamızdır. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının 1 aprel tarixli qərarına etiraz edirik. Çünki həmin qərar başdan-ayağa ayrıseçkilikdən ibarətdir. Həmin qərar ölkə prezidenti İlhm Əliyev cənablarının media siyasətinə tam zidd gedir. Çünki Prezident medianı vahid görür, hamıya eyni münasibət göstərir. Lakin çox təəssüf ki, KİVDF bu gün ölkənin ən populyar idman nəşrini maliyyələşmədən kənarda qoyur. Heç bir əsas göstərmirlər, yalançı bir əsasları var ki, yalnız ictimai-siyasi nəşrləri biz maliyyələşdiririk. Təbii ki, bu, bizə qurama təsiri bağışlayır. Ona görə ki, onların maliyyə ayırdığı “Oxu məni”, “The Buziness Times”, “Hərbi and” qəzetlərinin ictimai-siyasi nəşrlərə heç bir dəxli yoxdur, biri hərbi qəzetdir, o birisi iqtisadi mövzular üzrə ixtisaslaşıb, “Oxu məni” isə şou-biznes qəzetidir. Ona görə də bu, yalnız “Futbol+” media bazarından sıxışdırılıb çıxardılmasına, bir qəzetin çökdürülməsinə xidmət edən addımdır. Biz bu ədalətsizliyə, bu haqsızlığa etiraz edirik. Nə mümkünsə, onu edəcəyik ki, haqqımız bərpa olunsun.

2019-cu ilin ikinci rübündən qəzetə maliyyə yardımı dayandırılıb. İkinci rüb də aprel, iyun, iyul aylarını əhatə edir. Hətta bizə maliyyə ayrılanda belə, ölkədə yeganə gündəlik qəzetik ki, hamıdan az maliyyə ayrılırdı. Başqalarına yarım il ərzində 60000, 80000, ən pis halda 40000 ayrıldığı halda bizə 30000 manat pul ayrılırdı. Təbii ki, bütün hallarda bizim haqqımız pozulub. Lakin biz onun da üstündən keçmişik. Çünki o biri qəzetlərdən fərqli olaraq bizim satışımız, oxucumuz var. Bizə ayrılan o maliyyə də kifayət edir ki, fəaliyyətimizi davam etdirək, əməkdaşlarımıza maaş, qonarar verək. Lakin KİVDF ayrıseçklik etməklə, eyni zamanda Prezidentin siyasətinin ziddinə getməklə, bizim həm insan, həm də jurnalist hüquqlarımızı kobu şəkildə pozub.

Birinci rübdə KİVDF bizə 15000 manat(hər aya 5000 manat) ayımışdı. Lakin indi orada elə qəzetlərə pul ayrılıb ki, sadəcə siyahıya baxanda təəssüf edirəm. Mən bu gün də iddia edirəm ki, “Futbol+” ölkənin qəzet bazarında bütün hallarda ilk üçlükdədir. İstənilən müstəqil yayım firmasına yaxınlaşın, satış tirajına görə ilk üçlükdədir, lakin bizim haqlarımız pozulur”.

““Futbol+qol” qəzeti məhz KİVDF-yə bağlıdır ki, heç bir etiraz etmirlər”

“Təkcə ixtisara salınan sizin qəzetdirmi” sualına baş redaktorun cavabı belə oldu: “Demək olar ki, təkcə bizik. Çünki orada 7 qəzet kənarda qalıb, onlardan 4-ü onsuz da fəaliyyətini dayandırmışdı. Burada “Futbol+qol” qəzeti var ki, o da daha çox divar qəzetinə bənzəyir və bunu hər kəs də deyir. Həmin “Futbol+qol” qəzeti də həftədə üç dəfə çıxmasına baxmayaraq, bizdən 10000 manat artıq, yəni 6 aya 40000 manat pul alırdı. İndi maliyyəsi dayanan kimi fəaliyyəti də dayandı. Bu, onu göstərir ki, onların heç biri kollektivi yoxdur. Əgər kollektivi olsaydı, gəlib bizim kimi haqlarının pozulmasına etiraz edərdi. “Futbol+qol” qəzeti məhz KİVDF-yə bağlıdır ki, heç bir etiraz etmirlər”.

“Qəzetin pulunu kəsməyi fikirləşirlər, amma metroda qəzet satışının bərpası yolunda heç bir təklif qəbul olunmur”

M.Rüstəmli aksiyanı işıqlandıran jurnalistlərin diqqətinə çatdırdı ki, “Futbol+”un gündəlik tirajı 2000 və ondan yuxarıdır: “Ayrı-ayrı sayların fərqi var. Satış 60-70%-dir. 2013-cü ildən bəri metroda qəzet satşına qoyulan qadağa da təbii ki, ədalətsiz qərardır və ən azı satışa 15-20% mane olan bir amildir. Çox təəssüf ki, hər şeyi fikirlərşirlər, qəzetin pulunu da kəsməyi fikirləşirlər, amma metroda qəzet satışının bərpası yolunda heç bir təklif qəbul olunmur. Bu yöndə çalışmaq istəyən ayrı-ayrı firmalar, şəxslər var, amma heç kimə icazə vermirlər ki, metroda qəzet, jurnal satışı bərpa olunsun”.

“İstəmirlər ki, azad, güclü media olsun”

Metrolarda qəzet və jurnalların satışına qoyulan qadağanın səbəblərinə aydınlıq gətirən baş redaktor qeyd etdi: “Sanki ümumilikdə mediaya bir nəzarət niyyəti güdürlər, istəmirlər ki, azad, güclü media olsun, reklam siyasəti, satış bazarı olsun, qəzetlərin tirajı yüksəlsin. Bunu başqa necə anlamaq olar ki? Metroda, yəni insanların ən sıx olduğu yerdə qəzet satışına qoyulan qadağını başqa cür anlamaq mümkün deyil. Bizə maliyyə ayırmamaqda məqsəd isə bizi qəzet bazarından sıxışdırıb çıxarmaqdır. Burada birbaşa KİVDF rəhbərliyi, şəxsən Vüqar Səfərli və onun ətrafındakılar maraqlıdır. Şübhəsiz, göstəriş başqa şəkildə verilib ki, orada normal satışı olanlarla başqaları arasında bir fərq qoyun, o isə belə hesab edir ki, burada “Futbol+” sıradan çıxarmaq ən asan yoldur. Çünki bizim arxamızda kollektivimizdən başqa heç kim yoxdur, nə heç bir siyasi qüvvəyə, nə də bir oliqarxa bağlı deyilik. Bu kollektivlə qəzet özünü maliyyələşdirir. KİVDF bizim qəzetə son 5 ildə maliyyə ayırıb, başqalarına 10 ildir ayırır.

KİVDF-nin 10 yaşı tamam oldu. Yeri gəlmişkən, bu münasibətlə onları təbrik etmirik. Əgər ölkədə normal bir satışı, tirajı olan qəzeti sıradan çıxarırlarsa, mən onlara fəaliyyətlərində heç bir uğur arzu edə bilmərəm.

Biz Vüqar Səfərliyə rəsmi müraciə etmişik. Rəsmi cavab odur ki, guya, Müşahidə Şurası qərar verib ki, yalnız ictimai-siyasi nəşrlər müaliyyələşir. Amma onun da səhv olduğunu bir az əvvəl qəzetlərin adlarını çəkməklə sübut etdim. Qeyri-rəsmi söhbətlərdə də deyirlər, guya, yuxarıdan gələn göstərişdir ki, yalnız ictimai-siyasi nəşrlər maliyyələşdirilsin.

Biz buradan sonra Prezident Aparatının qarşısına gedəcəyik. Ondan sonra Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin qarşısında yığışmaq planımız var. Başqa insan hüquqları və demokratiya ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edəcəyik. Bu addımların heç biri bəhrə verməyəcəyi halda kollektiv ölüm aclığı aksiyasına başlayacaq”.

“Bu, Prezdentə qarşı sabotajdır”

“Ölkə başıçısına müraciət etmisiniz. Bu müraciət nəticə vermirmi” sualına gəlincə, M.Rüstəmli belə dedi: “Hesab edirəm ki, bizim müraciətlər ölkə başçısına çatdırılmır. Yəni ortada olan maneələr, həmin adamlar ki, məhz bu məsələdə qarışıqlıq yaradılmasının və Prezidentin imicinin zədələnməsinin tərəfdarıdır. Onlar öz qəlblərinin dərinliklərində istəyirlər ki, bizim müraciətlər Prezidentə çatmasın. Bu da Prezdentə qarşı sabotajdır. Prezidentin Azərbaycanı idman ölkəsinə çevirmək yolunda siyasətinə ziddir, onun iradəsinin əleyhinədir. Belə həssas məqamda – hansı ki, Prezident müəyyən islahatlar aparır, xalqla yaxınlaşma kursu götürüb, yəni dövlətlə xalq arasında təmaslar var, – bu, Prezidentin iradəsinə qarşı addımdır, eyni zamanda “Futbol+”u sıradan çıxartmaq xətti götürülüb.

Biz axırıncı müsabiqədə “İlham Əliyev Azərbaycan idman uğurlarının bələdəçisi” layihəsini təqdim etmişik. Həmin bu layihəni Prezidentin yanında olan KİVDF qəbul elmədi”.

“Biz “Futbol+” olaraq hər zaman operativ şəkildə bu tədbirləri işıqlandırmışıq”

“Futbol+”un reportyoru Rəşad Qasımov da etiraz aksiyasında öz fikirlərini ifadə etdi: “Baş redaktorumuz Mahir Rüstəmli bütün sözləri dedi, sahə qəzetlərinə deyilib ki, hər sahə qəzeti öz özünü maliyyələşdirsin. Amma bu gün maliyyə ayrılan qəzetlərin siyahısında elə qəzetləri görürük ki, onlar şou-biznesi, kobud da səslənsə əxlaqsızlığı yayırlar. Lakin “Futbol+” 22 ildir ölkədə idmanın yayılmasını, sağlam gənclərin yetişməsini, vətənpərvərliyi aşılayır, buna baxmayaraq, nədənsə KİVDF-yə rəhbərlik edən şəxslər bunun qarşısını almaq istəyirlər. Bəlkə də istəmirlər ki, Azərbaycanda gənc, sağlam nəsil yetişsin, vətəni sevən gənclər olsun. Bugünləri ölkə başçısı və xanımı Mehriban Əliyeva Azərbaycanda bir çox idman tədbirləri təşkil edir. Bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır və biz də “Futbol+” olaraq hər zaman operativ şəkildə bu tədbirləri işıqlandırmışıq. Görünür, bu, kimlərsə sərf etmir və buna görə də bizə qarşı bu münasibət bəslənilir”.

““Futbol+” idman mətbuatının məbədidir”

“Futbol+”un əməkdaşı aksiya iştirakçılarının diqqətinə çatdırdı ki, o, 10 ilə yaxındır bu qəzetdə çalışır: “Ayrılan vəsaitdən biz də əməkhaqqı alırdıq. Maliyyə tək əməkhaqqı üçün yox, bölgələrdə olan müxtəlif turnirlərə getmək üçün də lazımdır. “Futbol+” qəzetinin əməkdaşları çox fədakardır, biz hər şeyə, pulsuz işləməyə də hazırıq. Çünki “Futbol+” idman mətbuatının məbədidir. Sadəcə, bölgələrə getmək, müxtəlif turnirlərdə iştirak etmək, onu oxuculara çatdırmaq üçün həmin vəsaitə bizim çox ehtiyacımız var”.

“İdmanın və idmançıların yanında olan bir qəzetin haqqı tapdalanıb”

“Futbol+” qəzetinin şöbə redaktoru Kənan Həsənov da öz növbəsində aksiyada çıxış etdi:“Bizim bura yığışmaq məqsədimiz sizlərə artıq bəllidir. KİVDF-nin ədalətsizliyinə son qoymaq tələbi ilə çıxış edirik və inanırıq ki, bizim səsimiz daha da yuxarılara, ilk növbədə, ölkə başçısı İlham Əliyevə çatacaq. Çünki yarandığı gündən qəzetin lap yuxarı hissəsində də yazılıb ki, “vətən idmanı və idmançıları ilə ucalsın”. “Futbol+” da bu günə qədər bu prinsipə sadiq qalıb, həmişə də idmançıların yanında olub, onların problemləri ilə maraqlanıb, uğurlarına sevinib, bunu işıqlandırıb və həllinə çalışıb. Bu gün isə idmanın və idmançıların yanında olan bir qəzetin haqqı tapdalanıb və biz buna son qoyulmasını istəyirik, həm də bunu tələb edirik”.

Картинки по запросу Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun

KİVDF-nin ofisi (Beynəlxalq Mətbuat Mərkəzinin) qarşısında keçirilən “Futbol+” çuların aksiyası zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli Fond rəhbərliyi ilə danışıqlar üçün binaya qalxdı, təəssüf ki, baş redaktor çox əsəbi döndü və bunları söylədi: “KİVDF-nin mətbuat xidmətinin əməkdaşı Samir Mustafayev ədəbsizcəsinə dedi ki, “gedin, bacardığını edin, istəyirsiniz özünüzü yola atın”. Bu, bunların hansı əxlaqın, mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu göstərən konkret bir əlamətdir”.

M. Rüstəmli bundan sonra “Futbol+” qəzetinin kollektivinin qətnaməsini oxudu:“Azərbyacan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası aprelin 1-də verdiyi qərarla “Futbol+” qəzetinə maliyyə yardımını dayandırıb. Heç bir əsası olmayan bu qərarı jurnalist və insan hüquqlarımızın pozulması, medianı tam və bütöv şəkildə görən İlham Əliyev cənablarının siyasətinin ziddinə olan addım, 22 illik tarixə malik bir qəzetin kollektivinə, eləcə də minlərlə oxucumuza qarşı hörmətsizlik kimi qiymətləndiririk. Azərbaycanda KİVDF Müşahidə Şurasının müəyyənləşdirdiyi bütün tələblərə cavab verən 3 qəzet varsa, onlardan biri də “Futbol+” dir. Digər bir tərəfdən aprelin 1-də maliyyə ayrılacaq qəzetlərin sırasında “Oxu məni”, “The Business Times” və “Hərbi and” kimi qəzetlərin olması ictimai-siyasi nəşrlər şərtinin qurama olduğunu və istisnasız “Futbol+” siyahıdan kənarda qalmasına hesablandığını göstərir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq KİVDF-nin Müşahidə Şurasının 1 aprel 2019-cu il tarixli qərarına yenidən baxılmasını, “Futbol+” qəzetinə aylıq maliyyənin bərpasını tələb edirik”.

Qətnaməni bəyan edən baş redaktor onu KİVDF-nin rəhbərliyinə çatdırmaq üçün Beynəlxalq Mətbuat Mərkəzinin binasına daxil olsa da, mühafizəçilər ona liftlə yuxarı qalxmağa icazə vermədilər, bildirdilər ki, göstəriş var, yuxarı çıxa bilməz. Baş redaktorun və qəzetin kollektivinin qətnaməni KİVDF rəhbərliyinə verməkdə israrlı olduqlarını görəndən və mühafizəçilərin bunu KVDF rəhbərliyinə çatdırmasından sonra sözügedən qurumun hüquqşünası Elşad Tağıyev birinci mərtəbəyə düşdü və qətnamə ona təqdim olundu.

“Ümid edirəm ki, burada sağlam məntiq qalib gələcək”

Картинки по запросу prezident administrasiyası

Bundan sonra, “Futbol+”un kollektivi etiraz aksiyasını Prezident Aparatının qarşından davam etdirdi. KİVDF-nin qəzetin kollektivinə göstərdiyi sayğısızlığa rəğmən, Prezident Apatında kollektivin etirazına diqqət yetirildi və qəzetin baş redaktoru Mahir Rüstəmli ilə iki əməkdaşı qəbul otağına yönləndirildi.

Prezident Apatından çıxandan sonra baş redaktor jurnalistlər qarşında təkrar çıxış etdi:“Bildiyiniz kimi, biz bura Kütləvi İnformasiya Vasitələrinin İnkişafı və Dövlət Dəstəyi Fondunun ofisinin qarşısından gəldik, orada tələblərimizi səsləndirdik, piketin qətnaməsini təqdim etdik. Oradan sonra belə hesab etdik ki, öz etirazımızı Prezident Aparatına da çatdırmaq lazımdır. Təbii, qəbul şöbəsində bir az gözlədik, sonra da bizi qəbul etdilər, dərdimizi dinlədilər və dedilər ki, aprelin 11 saat 2-də qəbula gəlin, amma 11-də bizi kimin qəbul edəcəyini demədilər. Bizi həmin gün qəbul edəcəklər. Yəqin ki, ondan sonra biz fəaliyyət planımızı, hərəkətlərimizi müəyyənləşdirəcəyik.

Açığı, KİVDF bu gün bizi qəbul etməməklə hörmətsiz münasibət göstərdi. Düzdür, sonra piketin qətnaməsini götürdülər. KİVDF bununla həm bizim qəzetə, həm də jurnalistlərə hörmətsizlik edir. Amma ümid edirəm ki, burada sağlam məntiq qalib gələcək. Yəni ortaya bir ağıllı mövqe qoyacaqlar, bizim dərdimiz eşidiləcək. Yalnız onu gözləyirəm. Ümid edirəm ki, sonunda haqq, ədalət qalib gələcək. KİVDF-nin ayırdığı aylıq 5000 manat bizim aylıq büdcəmizin təxminən 38-40%-ni təşkil edir. Təbii ki, o kəsiləcəyi təqdirdə qəzetin fəaliyyəti çətin olacaq. Bilirsiniz ki, bu gün nə reklam bazarı, nə satış bazarı var, nə də metrolarda qəzet satışı var. Bu satışda olan problemlərdən əlavə, bu gün aprelin 9-dur, amma biz yanvar ayının pulunu qəzet satan şirkətlərdən ala bilməmişik. Təbii ki, o pul bizim üçün bir nəfəslik idi və qəzetin fəaliyətini davam etdirməyə imkan verirdi. Düzdür, yenə mətbəəyə, kommunala borclu qalırdıq, gecikdirirdik, amma ödəyirdik. Lakin bu halda bizim 5000 pulumuzun kəsilməsi büdcəmizin yarısının götürülməsi deməkdir. Üstəlik də satıdığımız qəzetlərin pulunu ala bilmirik. Təbii ki, bu, qəzetin fəaliyyətində çox ciddi fəsadlar yaradır”.

Şamo EMİN, Hurriyyet.org

"Futbol+" qəzetinin əməkdaşları aksiya keçirdi - PREZİDENTƏ MÜRACİƏT OLUNDU - FOTOLAR

 Share
 Tweet
 Share
 Share
 Share
Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle