İNAM KƏRİMOVUN ƏLİ İNSANOV AĞRISI: İndiki nazir sabiq naziri niyə hədəfə aldı?

“Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o bu günə kimi onu etməyib”.
Yəqin ki, kimliyindən asılı olmayaraq, bir insanı intihara səsləyəyəcək qədər cinayət və qan qoxulu bu cümlələrin kimə məxsus olduğu hər kəsə məlumdur. Bəli, düz tapdınız; Əli İnsanovun boğazına kəndir keçirib intihar etməsini arzulayan şəxs heç də hansısa təndirəsərdə çörək bişirə-bişirə qiybət qıran bisavad Fatmanisə xanım deyil. Əksinə, dünyanın ən yaxşı ali məktəblərində təhsil alan və ölkəmizin ən mühüm struktur islahatına – “ASAN Xidmət” projesinə imza atdıqdan sonra, Prezident İlham Əliyev tərəfindən başladılan yeni iqtisadi mərhələnin ən aparıcı sektorunun başına gətirilən nazirdir. Söhbət, təbii ki, Kənd Təsərrüfatı naziri İnam Kərimovdan gedir. O İnam Kərimovdan ki, ötən il indiki postuna təyin olunanda buna ən çox sevinənlərdən biri elə bu yazının müəllifi olmuşdu. Bu cür yenilikçi bir şəxsin Kənd Təsərrüfatı naziri təyin olunduqdan sonra Azərbaycanda aqrar sektorun misli görünməmiş inkişaf mərhələsi keçəcəyini düşünmüş və bir sıra yazılarımla ona açıq-aşkar dəstək vermişdim. Baxmayaraq ki, o yazıları qələmə almaq, daxil olduğum çevrədə mənim barəmdə yanlış qənaətlərin formalaşmasına yola aça bilərdi. Buna rəğmən, ölkəmizin islahatlarla yeni mərhələyə qədəm qoyacağına, demokratikləşəcəyinə və sözügedən mütərəqqi dəyişim prosesində Qərb ölkələrində təhsil alan gənclərimizin mühüm rol oyanacağına inancım məni qınaqla qarşılanmağı belə gözə almağa həvəsləndirmişdi.
Zənnimcə, bu düşüncələrimi təkcə mən yox, ictimaiyyətimizin böyük kəsimi paylaşırdı. İnam Kərimov isə birillik nazirliyi dövründə nəinki bu ümidlərin heç birini doğrultmadı, əksinə, atdığı bir sıra addımlarla kənd təsərrüfatı əhəmiyyətli torpaq sahələrinin inhisarçıların əlinə daha çox keçməsinə şərait yaratdı. Bu da azmış kimi, indiyə qədər heç bir nazirin etmədiyi təndirəsər söhbətlərini siyasi ritorikamıza gətirdi. Özü də həmin qiybətlərin bir nazirə yaraşmadığını bilə-bilə, anlaya-analaya. İnam Kərimovun haqqında danışdığımız müşahibəsində dilə gətirdiyi aşağıdakı sözləri də təndirəsər söhbətlərinin rəsmi ritorika çərçivəsinə sığmadığının fərqində olduğunu bir daha təsdiqləyir:
“Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim”. (“Report”)
Sual oluna bilər: Eşitdiyi “sürpriz” (jurnalist olduğumdan bu cür sürprizlərin nə demək olduğunu yaxşı bilirəm) sual qarşısında birdən-birə Kənd təsərrüfatı nazirindən kənd təndirəsəri qiybətçisinə çevrilən İnam Kərimov həzrətləri Əli İnsanovu niyə intihara layiq şəxsiyyət kimi qiymətləndirir?
Ona görə ki, Əli İnsanov dövlətimizin siyasi xarakterinin dəyişdirib respublikaçılıqdan monorxiyaya çevrilməsinə qarşı çıxıb və bu düşüncəsi uğrunda nə az, nə çox, düz 14 il azadlıqdan məhrum edilib. Həbsxanadan çıxdıqdan sonra da öz inadkarlığından əl çəkməyib və rejimə qarşı aktiv mübarizə aparacağını elan edib. Demokratiyanın beşiyi sayılan Qərb ölkələrində ali təhsilini başa vurub ölkəmizdə çox mühüm vəzifələrə gətirilən İnam Kərimovun nöqteyi-nəzərincə isə, bu, xəyanətdir. Özü də kimə? Əli İnsanovun hər zaman xidmətində durduğu, ən çətin anında dəstəyini əsirgəmədiyi Heydər Əliyevə:
“Bilirsiniz ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub. Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey xəyanət olub. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib”.

Azərbaycanın “innovasiyalar allahı”nın bu sözləri deyərkən hansı hisslər keçirdiyini özü bilər. Amma onun həmin müsahibəsinin videosuna diqqətlə baxanda hörmətli nazirin öz fikirlərini tamamladıqdan sonra dərhal üzünü yana çevirdiyini, gözdən yayınmağa çalışdığını sezməmək mümkün deyil.
Bir çoxları bu utancaqlığı müxtəlif cür yoza bilərlər. Kimisinə görə, hörmətli nazirin bu hərəkəti bəlkə də Qərb dəyərlərini yaxından bilməsindən və tutmağa vadar edildiyi indiki möqveyinin demokratik prinsiplərlə uzlaşmamasından qaynaqlanıb. Kimisinə görə isə, kənd təsərrüfatı sahəsi bir kənarda qaldığı halda, siyasi qiybət qırmaq məcburiyyəti onu üzünü yana çevirəcək qədər çətin vəziyyətə salıb. İnam Kərimovun daxili aləmini bilmədiyimizdən biz də bu ehtimalları istisna etmirik. Bununla belə, bizim fikrimizcə, İnam Kərimovu daxili iztirablara düçar edən başqa səbəb də var – onun Əli İnsanovla keçmiş münasibətləri.
Əldə etdiyimiz məlumata görə, İnam Kərimov əslində Əli İnsanova o qədər də yad adam deyil. İndiki nazirin əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub. Əli İnsanov səhiyyə naziri təyin olunanda mərhum Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birincü müavini vəzifəsini həvalə edir. 1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavini işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rol oynadığı bildirilir.
İnam Kərimovun xaricdə təhsil aldığı illər də mərhum əmisinin nazir müavini olduğu dövrlərə təsadüf edir. Bu iddia nazirin bioqrafiyasında da öz əksini tapıb: “1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.
Nəzərə alsaq ki, Sərdar Kərimovun ulduzu da məhz həmin illərdə parlamış; 1998-ci ilə qədər nazirliyin kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi işləmiş, 1999-cu ildən ömrünün sonuna -2003-ci ilə qədər isə Əli İnsanovun I müavini olmuşdur, İnam Kərimovun yüksəlişində indi bostanına daş atdığı şəxsin müstəsna rolu olduğu ortaya çıxır.
İnternetdəki mənbələrin yaddaşına həkk olunmuş bu quru rəqəmlər İnam Kərimovun öz sahəsinə dəxli olmayan məsələlərə niyə bu qədər kobud şəkildə müdaxilə etməsinin əsl səbəblərinə işıq salır. Görünür, gənc nazir özü barədə yarana biləcək qənaətləri alt-üst etmək üçün keçmişinə qarşı çıxmaq məcburiyyətində qalıb. Başqa sözlə desək, Əli İnsanovla bütün körpülərini yandırdığını nümayiş etdirmək istəyib. Bu həm də indiki hakimiyyətə sədaqət nümayişidir-“yeni ağanın xətrinə, köhnə ağaya bir quş” siyasəti.
Adamı ən çox yandıran isə keçmişinə tüpürənlərin başqasını xəyanətdə suçlamasıdır.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle