mobil versiya

“Razin yarmarkası”nda alver ölüb, ticarətçilər domino oynayır - REPORTAJ



Satıcılar deyir ki, buradakı yer pulları onları qane etdiyi üçün ərazidən çıxmaq fikrində deyillər...

Son zamanlar Bakının bir sıra qəsəbələrində abadlıq və yenidənqurma işləri görülür. Bu minvalla Bakıxanov qəsəbəsində də yol infrastrukturu yenidən qurulub, parklarda abadlıq işləri aparılıb. Ancaq dəyişməyən, bir yer var- “Razin yarmarkası”.

“Razin tolkuçkası” kimi tanınan bu bazarın köçürülməsi  dəfələrlə qaldırılsa da, nəticə olmayıb. Bunun səbəbləri barəsində indiyədək çox yazılıb. Ona görə də bu mövzunun detallarına varmırıq. Bəs yarmarkadakı hazırkı durum necədir?

“Yeni Müsavat”ın əməkdaşı “Razin tolkuçkası”nda olub və satıcılarla söhbət edib.

Əvvəlcə məlumat verək ki, yarmarka 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin tolkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.

Hələ beş il bundan öncə satıcılarla Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları arasında insident yaşanmışdı. Səbəb isə bazarın bir hissəsinin sökülməsi və ərazidə abadlıq işlərinin aparılması idi. Həmin zaman satıcıları qəbul edən Sabunçu RİH-in rəhbərliyi 5 şərt irəli sürmüşdü: 1. tıxac probleminin həlli; 2. bazarda mühafizə polisinin olması; 3. əraziyə 50 ədəd nəzarət kamerasının quraşdırılması; 4. sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetirilməsi və 5. bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi.

Bazarda olduğumuz zaman hansısa sanitar-gigiyena qaydalarının ciddi şəkildə pozulduğu halını görmədik. Girişlərdən birində ət mağazası var ki, burada da qaydalara əməl edilir. Ancaq yollardakı tıxac məsələsi həllini tapmayıb. Bakıxanov ərazisində son zamanlar yuxarı da qeyd etdiyimiz kimi yollar düzəldilib.

Lakin düzəldilən yolun “düyünü” çözülməyib. Sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, xüsusilə də günün pik saatlarında bu ərazidə ciddi tıxac yaranır. Sakin Ələkbər Həmidov bildirdi ki, məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə şikayətlərini ediblər: “Bu bazara sakinlər arasında gedib, nə isə alanı tanımıram. Bu dəqiqə ərzaq məhsullarının hamısı supermarketlərdə bazar qiymətinə satılır. Bazara getmək istəyən isə 8-ci kilometr bazarına yollanır. Bu bazarda əsasən geyim satırlar. Onu da inanmıram ki, kimsə ala. Çünki əvvəla qiymətlər bahadır, ikincisi də bazardan nə isə almaq istəyən birbaşa ”Sədərək" ticarət mərkəzinə üz tutur. Camaatımızın xasiyyətini hər kəs bilir. Bazar malı alan ora gedir, digər malları axtaran da son zamanlar saysız-hesabsız açılan brend malların satıldığı mağazalara. Bazarı gəzsəniz, görəcəksiz ki, satıcılar ya yatıblar, ya da domino oynayırlar. Çünki müştəri yoxdur. Elədirsə, bazar nə üçün köçürülmür? Burada düyünü saxlamağın anlamı nədir? Elə zənn etməyin ki, bu ərazidən ancaq elə Bakıxanova işləyən avtobuslar keçir. Xeyr, buradan keçən marşrutların çoxu Zabrat istiqamətinə hərəkət edir. Hər kəndə gedən avtobus taparsan. Bu boyda gəliş-gediş olan yol genişlənərsə hər kəsə faydası olar. Tez-tez burada maşınlar qəza edir. Siqnal səsindən də qulaq tutulur. Səbəb odur ki, yolda “butulka effekti” var. Enli gələn yol, burada bazara görə daralır".

Bazarda gəzdiyimiz zaman müşahidə etdik ki, doğrudan da satıcılar ciddi müştəri problemi yaşayırlar. Yalnız uşaq paltarları satılan bölmədə bir neçə müştəriyə rast gəldik. Onlar da bildirdilər ki, bahalıq olduğu üçün heç nə almayıblar: “Qiyməti baha qoyub, deyirlər ki, təmiz Türkiyə malı olduğu üçün qiyməti bu cürdür. Deyirlər ki, malın üstünə cəmi 50 qəpik pul qoyurlar. Necə olur ki, yüz manat götürüb Türkiyəyə gedəndə bir çamadan bazarlıq edirik, burda yüz manata 2-3 geyim alırsan? Qiymətlər bahadır”.

Satıcılar isə təbii olaraq, əksini söylədilər.

Öyrəndik ki, bazarda yer pulu 300-500 manat arasında dəyişir. Qiymət fərqi piştaxtanın və ya mağazanın bazarın girişə nə qədər yaxın olmasına görə fərqlənir. Girişə yaxın yerlərdə qiymətlər bahadır. Bu hissədə yuxarıda da qeyd etdiyimiz kimi ət və xırdavat malları satılır. Giriş hissədə müştəri korluğu nisbətən az yaşanır. Ən pis vəziyyət kişi geyimlərinin satıldığı mağazalardadır. Bu bölmədə əksər piştaxtanın, mağazanın arxasında satıcını tapmadıq. Satıcılar kənarda oturub mürgüləyir, telefonla oynayırdılar. Mal üçün maraqlananlar piştaxtaya baxır, satıcını görməyincə gedirdilər.

Söhbət etdiyimiz satıcılar bildirdilər ki, onların daimi müştəriləri var. Bu müştərilərin hesabına işləyə bilirlər: “Burada hər kəsin özünün daimi müştəriləri var. Onlar da gəlmədən öncə zəng edirlər. Ya da gəlirlərsə, satıcıları axtarıb, tapırlar. O müştərilər olmasa burada işləmək mümkün deyil. Çünki camaat bazarın içərisində gəzmək istəmir. Elə girişdən alıb, gedirlər. Yeni yaranan ticarət mərkəzi insanlarda pis vərdişlər yaradıb”.

Satıcılar bildirdilər ki, bazarın sökülməsi ilə bağlı hər hansı bir müzakirə aparılmır. Bildirdilər ki, əksinə, bazarda yer götürüb mal satanların sayında artım var. Öyrəndik ki, “Diqlas” ticarət mərkəzi yandıqdan sonra orada çalışanlardan  da bazarda yer götürüb, mal satanlar mövcuddur. Yəni belə görünür ki, “Razin düyünü” hələ bir müddət də açılmayacaq.






KARUSEL / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Baxılıb: 52 Tarix: 7-10-2019, 12:30


Şərh bildir
yenilə, əgər kod görünmürsə