mobil versiya

“Qoy həmişə MƏN olum!” adlı sərgi açılacaq


“Qoy həmişə MƏN olum!” adlı sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş və gənc istedadların rəsmləri ilə təqdim ediləcək.

Azərbaycan Milli İncəsənət Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş KamART İncəsənət Qalereyasının yubiley sərgisi açılacaq.
Sərgidə 6-18 yaş arası 50 gənc rəssamın 140 əsəri nümayiş olunacaq. Əsərlər müxtəlif ölçülərdə olan kağız və kətan üzərində təqdim olunub, onlar axırıncı sərgidən sonra, son bir ildə, müxtəlif texnikalarda hazırlanıb. Rəsmlərin məzmununu müxtəlif natürmortlar, mənzərələr, portretlər, marina, animalistika, məişət, tarixi və batal səhnələri təşkil edir. Onlar təsviri sənətin rəngkarlıq və qrafika növlərində hazırlanıb.
Yubileylə əlaqədar olaraq Qalereyanın 5 illiyinə həsr olunmuş filmin premyerası təqdim olunacaq ki, burada bu illər ərzində şagirdlərin inkişafı, onların respublika və xarici rəsm müsabiqələrində qazandığı uğurlar, o cümlədən təhsil sahəsindəki nailiyyətlər öz əksini tapıb.
Sərginin keçirilməsində məqsəd – ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı gənc rəssamların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir.
Sərginin açılışı 1 iyun saat 17:00-da baş tutacaq. Giriş sərbəstdir.
Sərgi iyunun 4-dək davam edəcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 30-05-2023, 18:11