mobil versiya

Pakistanın xüsusi elçisi Kabildə Əfqanıstanın xarici işlər naziri ilə görüşüb



Pakistanın Əfqanıstan üzrə xüsusi elçisi Asif Xan Durrani yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Kabilə səfər edib və “Taliban” administrasiyasının xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi danışıqlar aparıb.
“Dawn” xəbər verir ki, Durraninin bu səfəri əvvəlcədən elan olunmayıb.
Əfqanıstan rəsmisinin sözçünün müavini Hafiz Ziya Əhməd Takal X platformasında yazıb ki, görüşdə Pakistan və Əfqanıstan arasında təhlükəsizlik məsələlərini birgə komitələrin həll etməsinə , eyni zamanda təhlükəsizlik və siyasi problemlərə görə əsas marşrutların bağlanmamasına qərar verilib: “Pakistanın xüsusi elçisi və Əfqanıstanın xarici işlər naziri problemlərin həlli və gələcəkdə xoşagəlməz insidentlərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Qonşu və müsəlman xalqlar olan Pakistan və Əfqanıstan hər iki tərəf arasında uçurum yaradan bəyanatlar verməkdən çəkinməlidirlər”. 
O, Əfqanıstanın xarici işlər nazirinə istinad edərək, hökumətinin iki ölkə arasında münasibətləri korlamağa heç kimə icazə verməyəcəyini bildirərək, İslam Əmirliyinin siyasətinin xoşməramlı və səmimiyyət üzərində qurulduğunu bildirib.
Durrani hər iki ölkəni təhlükəsizlik problemləri ilə bağlı əməkdaşlığa çağırıb. O bildirib ki, Pakistan sərnişinlərin transsərhəd hərəkəti, ikitərəfli ticarət və tranzit problemlərinə həll yolu tapacaq. Dürrani deyib ki, Pakistan Əfqanıstanla bir çox sahələrdə əməkdaşlığa hazırdır. O, Əfqanıstan tərəfini İslamabadın əfqan tələbələr üçün təqaüdləri bərpa edəcəyini məlumatlandırıb. Bəyanatda deyilir ki, hər iki tərəf Pakistandakı əfqan qaçqınlarının təhlükəsizlik problemləri və həbsləri, Çaman-Spin-Boldak sərhədindəki əfqanlarla rəftar və tranzit ticarətini müzakirə edib.
Görüşü şərh edən Pakistanın Kabildəki keçmiş səfiri Mənsur Əhməd Xan vurğulayıb ki, bu, TTP-nin (Tehreek-i-Taliban Pakistan) Çitraldakı ordu postlarına hücumları və Torxam keçidinin bağlanmasından sonra baş tutan  ilk səfərdir: “Ümid edirəm ki, səfər ikitərəfli məsələlərdə, xüsusən də Əfqanıstan ərazilərində  yerləşən TTP döyüşçüləri ilə mübarizədə əməkdaşlıqda bəzi anlaşmalara nail olmaq məqsədilə Əfqanıstan hökuməti liderləri və rəsmiləri ilə birbaşa qarşılıqlı əlaqə imkanı verəcək”.

KARUSEL / DÜNYA
Tarix: 25-09-2023, 12:19