mobil versiya

Mahatma Qandinin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilib




Hindistanın Azərbaycandakı Səfirliyi Mahatma Qandinin anadan olmasının 154-cü ildönümünü qeyd etmək məqsədilə  tədbir təşkil edib. Qandinin irsinə hörmət əlaməti olaraq baş tutmuş “Qandinin xatirəsinə: Yaradıcılıq axşamı – Mənim həyatım, mənim ismarıcımdır” adlı tədbir Mahatma Qandinin prinsiplərinin müasir cəmiyyətdə aktuallığını vurğulayıb.
Tədbirə 200-ə yaxın qonaq, o cümlədən Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Hindistan nümayəndə heyətinin yüksək vəzifəli şəxsləri – Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri  S. Somnath və Hindistan Milli Kosmik Təşviq və Avtorizasiya Mərkəzinin (InSpace) sədri Pavan Qoenka, eləcə də Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları qatılıblar.
Hindistan Səfiri Madhusudhanan və “ISRO” sədri cənab S. Somnat tədbirdə çıxışlarında Qandinin sülh, qeyri-zorakılıq və ictimai harmoniya ilə bağlı universal prinsiplərini vurğulayıblar. Onlar Qandinin prinsiplərinin dünyanın bugünkü mürəkkəb mənzərəsində belə öz müsbət təsirini saxladığını bildiriblər.

Tədbirdə diqqət çəkən məqam Mahatma Qandi haqqında Azərbaycan dilinə tərcümə edilmiş şəkilli kitabın təqdimatı olub. Bu təqdimat Hindistan və Azərbaycan xalqları arasında möhkəm dostluğu simvolizə etmək üçün həm hindistanlı, həm də azərbaycanlı uşaqların iştirakı ilə baş tutub. Qandinin həyat və ideyalarına vizual bir səyahət təqdim edən bu kitab böyük maraq və şövqlə qarşılanıb.


Xanım Trişna Kimtaninin aparıcısı olduğu mərasimdə tamaşaçılar maraqlı ifaların və nitqlərin şahidi olublar. Xanım Vaidehi Sridharan, xanım Fatimə Hacızadə və Elmar Racsurun çıxışları tamaşaçıları valeh edib. Talir, Catin, Minişri və Rohanın çıxışlarındakı gənclik şövqü isə tədbirə böyük ruh yüksəkliyi və şənlik qatıb.
Bu tədbir Qandinin ideallarının davamlı təsirini və müasir dövrdə aktuallığını vurğulayıb və oxşar miqyasda və əhval-ruhiyyədə gələcək görüşlər üçün zəmin yaradıb.
Kitabın nüsxələrini ödənişsiz əldə etməkdə maraqlı olan təhsil müəssisələri və kitabxanalar Hindistan Səfirliyi ilə əlaqə saxlaya bilərlər. Nüsxələr ödənişsiz təqdim olunacaq. Sorğularınız üçün cənab Emin Əliyevlə +99450 291 79 87 nömrəsinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına yazmaqla əlaqə saxlaya bilərsiniz.





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-10-2023, 17:14