mobil versiya

Rafael Ağayev "Grand Winners" mükafatına layiq görülə bilər



Noyabrın 29-da İspaniyanın paytaxtı Madriddə start götürəcək Karate1 Premyer Liqa üçün Azərbaycan millisinin heyəti açıqlanıb.  
"Report" Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edəcək yarışda 13 idmançı və kata komandası mübarizə aparacaq.

Baş məşqçi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyev kişi karateçilərdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı və Şahin Atamova (+84 kq) şans verəcək. Qadınlardan ibarət millinin baş məşqçisi Denis Morozovun rəhbərliyi altında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaqlar. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Karate1 Premyer Liqanın Madrid mərhələsində 89 ölkədən 737 karateçi yarışacaq. Yarışda hər qələbəyə və medalların əyarına əsasən, idmançılar dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanır. Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən karateçilər "Grand Winners" mükafatlarına layiq görüləcəklər. Mükafatın təqdimatı isə 24 - 26 yanvar 2020-cil ildə Parisdə növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayevlə (75 kq) İrina Zaretska (68 kq) da yer alıb. 

KARUSEL / İDMAN
Tarix: 26-11-2019, 15:05