Gürcüstan səfiri: 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi bir milyard dollardan çox olub

"Gürcüstanın çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 26-sı ölkəmizin siyasi quruluşunu müəyyən edən, gələcək inkişafının əsasını qoyan ən mühüm tarixlərdən biri olub".
Reportyor.az xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkəsinin Müstəqillik Gününə həsr olunan rəsmi qəbulda deyib.
Bildirib ki, 107 il əvvəl gürcü siyasi elitası cəmiyyətlə birlikdə itirilmiş dövlətçiliyi Gürcüstan Demokratik Respublikası timsalında bərpa etmək qərarına gəlib, gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq istəyini əks etdirib.

Bu gün Gürcüstan müstəqil, demokratik və hüquqi dövlətdir ki, bu da ölkədə aparılan uğurlu islahatların, eləcə də gedən demokratik yeniləşmənin və iqtisadi artımın sürətli tempinin nəticəsidir. Xarici siyasət prioriteti Avropa və Avro-Atlantik inteqrasiya olan Gürcüstan Aİ-yə namizəd ölkə kimi beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində uğurla iştirak edir və NATO-ya aspirant ölkə kimi Alyansın təhlükəsiz və sabit tərəfdaşıdır: "Beynəlxalq aləmdə mühüm nailiyyətlərimizə baxmayaraq, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i hələ də işğal altındadır. Gürcüstan hökumətinin münaqişənin hərtərəfli sülh yolu ilə həlli siyasəti üçün səylərini qeyd etmək lazımdır. Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyə görə dost və strateji tərəfdaşımız Azərbaycana və onun rəhbərliyinə xüsusi təşəkkür etmək istərdik".

Rusiyanın Ukraynaya təcavüzü qlobal təhlükəsizlik sistemini dəyişir ki, bu da Cənubi Qafqaz regionu üçün problemlər yaradır. İndi biz regionumuzda sülh və sabitliyin dəstəklənməsinə hər zamankindən daha çox ehtiyac olduğunu görürük. Gürcüstan regional sülh dialoqunun davam etdirilməsinə və hər türlü köməklik göstərməsinə tam hazır olduğunu bəyan edir.
Səfir daha sonra ölkələrimiz arasındakı münasibətlərdən söz,açıb: "Mən çox şadam ki, ölkələrimiz arasında münasibətlər çoxəsrlik mehriban qonşuluğa, xalqlar arasında dostluğa, ümumi dəyərlərə və ənənələrə əsaslanır. Dövlətlərimiz müstəqilliklərini bərpa etdikdən sonra bu təməl uğurla siyasi və iqtisadi əməkdaşlığa, nəhayət, strateji tərəfdaşlığa çevrildi. İki ölkə arasında yüksək səviyyəli səfərlərin canlı dinamikasını xüsusi qeyd etmək lazımdır. 2025-ci ildə Gürcüstanın baş naziri, Gürcüstanın yeni seçilmiş prezidenti və xarici işlər naziri Bakıya səfər edib. Xanım spikerin Tbilisiyə səfəri bizi də şərəfləndirdi. Həmçinin, biz çox şadıq ki, keçən il Azərbaycan qlobal əhəmiyyətli tədbirə ən yüksək səviyyədə - COP 29-a ev sahibliyi etdi, burada Gürcüstan ölkənin Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu".
İqtisadi sahədə də ikitərəfli əməkdaşlığımız dinamik inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi bir milyard dollardan çox olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olan ölkələrdən biridir.

Gürcüstan və Azərbaycan bir sıra strateji əhəmiyyətli layihələri uğurla həyata keçirirlər ki, bu da regionumuzun rolunu və funksiyasını əhəmiyyətli dərəcədə artırıb. Qara Dəniz Sualtı Kabel (BSSC) layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP, eləcə də genişləndirilməsi nəticəsində illik ötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdıran Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bunlar ölkələrimiz arasında uğurlu regional əməkdaşlığın bariz nümunəsidir.

Qeyd edək ki, bu ilin yanvarında Gürcüstan və Azərbaycanın baş nazirlərinin rəhbərliyi ilə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Xalqlarımız arasında sıx tarixi bağlara və qarşılıqlı hörmətə əsaslanan həqiqətən nadir münasibətlər və dostluq mövcuddur. Bu gün Gürcüstan və Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi tərəqqinin mühüm təminatıdır. Mayın 28-də Azərbaycan Müstəqillik Gününü qeyd edir. İcazə verin, fürsətdən istifadə edərək, Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edim və böyük uğurlar arzulayım.

Azərbaycan hökuməti adından gürcü xalqını təbrik edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olub, dostluq və mehriban qonşuluq şəraitində yaşayıb və daim bir-birini dəstəkləyiblər.
"XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdu. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.
Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.
Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə təkan verir".

Onun sözlərinə görə, Azərbaycan Gürcüstan iqtisadiyyatınan çox sərmayə qoyan dövlətlərdən biridir. Ölkələrimiz ikitərəfli səmərəli əməkdaşlığın möhkəm və davamlı modelini yaradıblar və bu əməkdaşlıq siyasətdən iqtisadiyyata, elm və təhsildən mədəniyyətə qədər ən müxtəlif sahələri əhatə edir:
"İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iş birliyinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan Gürcüstan iqtisadiyyatına, o cümlədən energetika və nəqliyyat kimi mühüm sahələrə ən çox sərmayə qoyan dövlətlərdən biridir. Uğurlu iş birliyimizin bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələr xalqlarımızın rifahına xidmət etməklə yanaşı, Şərqlə Qərb, Avropa ilə Asiya arasında yeni nəqliyyat-enerji dəhlizinin formalaşmasında önəmli rol oynayır".
Ölkələrimiz arasında humanitar əməkdaşlığın əhəmiyyətindən danışan Milli Məclisin sədri qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan cəmiyyətinin, Azərbaycanda yaşayan gürcülər isə Azərbaycan cəmiyyətinin ayrılmaz hissələridir və hər iki dövlətdə hörmət və qayğı ilə əhatə olunublar:
"Onlar dost və qardaş ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına böyük töhfə verirlər.
Azərbaycanla Gürcüstan arasında mövcud olan qarşılıqlı inam, etimad və dəstək beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirirlər".
Milli Məclisin sədri Azərbaycanla Gürcüstan arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və xalqlarımızın tərəqqisinə xidmət edəcəyinə əminliyini ifadə edib.


KARUSEL / SİYASƏT
Tarix: 23-05-2025, 20:08