Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 20% artıb

Reportyor.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel kənd təsərrüfatı sahəsində çalışan nümayəndələri ilə görüş zamanı bildirib.
Qazaxıstanın Bakıdakı Səfirliyində keçirilən tədbir Qazaxıstandan olan kənd təsərrüfatı məhsulları istehsalçılarını, eləcə də Azərbaycanın iri holdinqlərinin, şirkətlərinin, supermarket şəbəkələrinin və unüyüdən müəssisələrinin nümayəndələrini bir araya gətirib.
Qazaxıstan Səfiri ölkəsinin aqrar-sənaye kompleksi sahəsindəki investisiya imkanları, kənd təsərrüfatı məhsullarının emalı üzrə prioritet layihələr barədə danışıb və biznesmenləri fəal investisiya və ticarət-iqtisadi qarşılıqlı əməkdaşlığa dəvət edib.

Alim Bayel, 2025-ci ilin ilk dörd ayında Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin 20% artdığını qeyd edib. Hazırda bu göstərici müstəqillik dövrü ərzində qeydə alınmış ən yüksək səviyyədədir. “Xüsusilə sevindirici haldır ki, bu il Qazaxıstan Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana ixrac edilən taxılın həcmi 450 min tonn, ümumi dəyəri isə 95 milyon ABŞ dolları təşkil edib, bu da, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 86% daha çoxdur. Azərbaycanın ümumi taxıl idxalında Qazaxıstan buğdasının payı rekord səviyyəyə – 88%-ə çatıb”, – deyə, diplomat bildirib. Bu, hər iki ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığı sayəsində mümkün olub. Qeyd olunub ki, ötən il Bakıda Qazaxıstan Səfirliyində kənd təsərrüfatı forumu təşkil olunub. Səfir A. Bayel kənd təsərrüfatçılarını və iş adamlarını əldə olunmuş nailiyyətləri möhkəmləndirməyə və kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində uzunmüddətli əməkdaşlıq qurmağa çağırıb.
Görüş çərçivəsində işgüzar dairələrin nümayəndələri ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər. Tədbir zamanı hər iki ölkənin şirkətləri arasında B2B formatında görüşlər keçirilib.
Ümumilikdə, Qazaxıstan Azərbaycana taxıl, alüminium, metal məhsulları, kimyəvi maddələr və neft məhsulları ixrac edir və əvəzində maşınqayırma məhsulları, etilen polimerləri və ərzaq məhsulları idxal edir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-06-2025, 18:35