FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır. Belə hallarla bağlı daxil olan məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
Bu barədə uşaqların təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.
Belə ki, yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib.
Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir.
Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:17


























