mobil versiya

Pakistanın paytaxtında ilk robotik cərrahi əməliyyat keçirilib




Pakistanın paytaxtı İslamabadda səhiyyə mütəxəssisləri ilk dəfə robot vasitəsilə cərrahi əməliyyatı uğurla həyata keçiriblər. Bu mühüm hadisə ölkədə cərrahi innovasiyalar sahəsində əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Pakistan Tibb Elmləri İnstitutunun cərrahlar komandası İslamabadda ilk robotik adrenalektomiyanı müvəffəqiyyətlə icra edib. Əməliyyat Ümumi cərrahiyyə şöbəsinin rəhbəri professor Atif İnam Şaminin rəhbərliyi ilə paytaxtın qabaqcıl tibb müəssisəsində təşkil olunan Robotik Cərrahiyyə Ustad Dərsi çərçivəsində həyata keçirilib.

Paytaxtdakı ən böyük dövlət xəstəxanasında yerli və xarici cərrahlar Çində hazırlanmış müasir “Toumai” cərrahi robotundan istifadə edərək bu əməliyyatı aparıblar. Komanda xəstə qadın üzərində mürəkkəb robotik proseduru uğurla həyata keçirib. Əməliyyat zamanı qadının adrenal vəzləri çıxarılıb. Ümumi cərrahiyyə və urologiya şöbələrinin həkimləri də əməliyyata qatılıblar.
Yeni texnologiya xəstələrin daha sürətli sağalmasına, daha az ağrı hiss etməsinə və əməliyyat nəticələrinin yaxşılaşmasına imkan verəcək. Bu münasibətlə mediaya açıqlama verən Pakistan Tibb Elmləri İnstitutunun robotik cərrahiyyə direktoru professor Maten Şərif bildirib ki, əməliyyat Pakistanın səhiyyə sistemində yeni bir dövrün başlanğıcıdır. Onun sözlərinə görə, məqsəd robotik cərrahiyyəni ölkə üzrə genişləndirməkdir. Əməliyyatın uğurla icra olunması ilə xəstəxana robotik texnologiyadan istifadə edən inkişaf etmiş beynəlxalq tibbi mərkəzlər sırasına qoşulmuş olur. Bu, gələcəkdə Pakistan üçün daha təhlükəsiz, daha səmərəli və minimal invaziv əməliyyatların yolunu açacaq.(Azərtac)

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:00