“Kirayə puluna görə satdım” – Azərbaycanda böyrəyini satanlar danışır

Bir il öncə Azərbaycanda böyrək alverinə görə həbs olunan taksi sürücüsü Vahib Xudadatov hakim qarşısına çıxarılıb.
Ağdam sakini olan 1957-ci il təvəllüdlü V.Xudadatov imkansızlıqdan böyrəyini satanlarla resipientlər (orqanın köçürüldüyü insanlar) arasında vasitəçilik edərək pul alıb. V.Xudadatovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, ittihama əsasən, V.Xudadatov adamları böyrəklərini satmağa məcbur edib, bir sıra hallarda onlara əvvəldən vəd olunan pulu verməyib. Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən V.Xudadatov bildirib ki, o, heç kimi heç nəyə məcbur etməyib, adamlar könüllü şəkildə böyrəklərini satıblar, bunun müqabilində 9-15 min manat pul alıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, o, sadəcə, böyrəyini satmaq istəyənlərlə donor axtaranların bir-birini tapması, tanışlığına yardım edib. Qiyməti də tərəflər öz aralarında danışıb razılaşdırıblar. Əməliyyat başa çatandan sonra vasitəçiliyinə görə hər iki tərəf ona 200-500 manat pul verib.

V.Xudadatov bildirir ki, indi zərərçəkən qismində tanınan şəxslərin özləri internetdə, sosial şəbəkələrdə böyrəklərini satması barədə elanlar veriblər. O da həmin elanlar əsasında onlarla əlaqə saxlayıb.

Donora ehtiyacı olan xəstələri necə tapmasına gəlincə, V.Xudadatov bildirib ki, onun qızı Gülər də 2007-ci ildən böyrək xəstəsi olub. 2015-ci ildə donor tapmaq və əməliyyat üçün maddi yardım toplamaq məqsədilə “Azad Azərbaycan” telekanalında (ATV) Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişə çıxıb. Telekanalın köməyilə 24 min manat pul yığılıb, Beyləqandan Elman Ağayev onunla əlaqə saxlayaraq, 10 min manata böyrəyini onun qızına verməyə razılaşıb. Onlar birlikdə İrana gedib, orada Mohsen Tahiri adlı həkimin yanında müayinə olunublar. Amma İranda xarici vətəndaşlara orqan köçürməsi qadağan olduğundan onlar gedib Gürcüstanda azərbaycanlı Fərman Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikasında transplantasiya əməliyyatını həyata keçiriblər. Əməliyyatı da Mohsen Tahiri keçirib. Həkimə 10 min dollar, klinikaya da 8 min dollar ödənilib.

Bundan sonrakı əməliyyatlar da eyni qaydada həyata keçirilib – Bakıda tərəflər razılaşıb, V.Xudadatov onları İrana Mohsen Tahirinin yanına aparıb, orada müayinələrdən sonra əməliyyatın mümkünlüyünə qərar verildikdən sonra Gürcüstanda reallaşdırılıb. İranlı həkimin və klinikanın qiymıti də standart olub – həkim 10 min, klinika 8 min dollar.

2016-cı ildə Fərman Ceyranlı həbs olunduqdan sonra əməliyyatlar Tacikistanda Transplantasiya Mərkəzində həyata keçirilib.

Bu cinayət işində 27 nəfər böyrəyini satmış adamdan bəhs olunur. Onlar zərərçəkmiş qismində tanınıb.
Zərərçəkənlərdən Rüstəm Yamaqujin məhkəmədə bildirib ki, maddi durumu yaxşı deyildi. Biləcəridə kirayə qaldığı evin pulunu, uşaqlarının alimentini ödəyə bilmədiyini deyən zərərçəkmişin sözlərinə görə, o, 2015-ci ilin iyununda imkansızlığa görə böyrəyini satmağa razılaşıb. Onun böyrəyi Gürcüstanda “Lanset” klinikasında Hasilə adlı qıza köçürülüb. Bunun müqabilində onun atasından 9 min manat pul alıb. Həmin pulun 1100 manatını vasitəçiliyə görə əvvəl V.Xudadatova versə də, evdəkilər biləndən sonra ona zəng edib, şikayət edəcəklərilə hədələyərk geri alıblar. Onun sözlərinə görə, V.Xudadatov ona böyrəyinin biri olmaması əsasıyla əlillik dərəcəsi düzəldəcəyini və pensiya alacağını deyib. Amma sonra onunla maraqlanmayıb.

Göyçay sakini olan zərərçəkmiş Ramin Həmidov da iki övladı olduğunu, maddi durumunun ağırlığına görə öz istəyilə böyrəyini satdığını bildirib. Ona isə böyrəyinin müqabilində 11 min manat pul verilib.

Mohsen Tahiri mütəmadi Bakıya gələrək, burada da müayinələr edirmiş. Cinayət işinin materiallarında dəstənin başçısı kimi onun adı göstərilib. Həm onun, həm də Fərman Ceyranlının barəsində Azərbaycanda da cinayət işi başlanıb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle