Məmurların avtomobil “xəstəliyi”

Baş nazirin büdcə təşkilatlarında avtomobillərdən istifadə olunmasına dair qərarı məmurların “bahalı oyuncaq” həvəsini bir qədər də stimullaşdırıb

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ötən il 179 min 444 manat qiymətində bir ədəd “BMW 740 Li” markalı xidməti avtomobil alması haqqında məlumatın yayılması “Qaçqınkom”un yeni sədri Rövşən Rzayevin “təvazökarlığını” gündəmə çəkməklə yanaşı, eyni zamanda cəmiyyətin diqqətini məmurların büdcə vəsaitləri hesabına özlərinə bahalı avtomobillər almasına yönəltdi. Cəmiyyət eyni zamanda məmurların bu həvəslərinin haradan qaynaqlandığını da müzakirə etməkdədir. Məmurların büdcə vəsaitləri hesabına özlərinə avtomobil kolleksiyası yaratmasının çox ciddi səbəbləri var. Məsələn, Novruz Məmmədov baş nazir olduqdan sonra büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında qərar imzaladı. Həmin qərara görə, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi 3-dən 4-ə qaldırıldı.Bundan dərhal istifadə edən məmurlar yeni avtomobil almağa başladılar. Özlərinin istifadə etdikləri avtomobili isə tabeçiliyindəki məmurların birinin istifadəsinə verdilər. Bu zaman, bir qayda olaraq əvvəlki avtomobillərindən daha bahalı avtomobil almağa üstünlük verən məmurlar bir xidməti avtomobil üçün külli miqdarda büdcə pulları xərcləməkdən də çəkinmirlər. Məsələn, Sumqayıtdakı Təhlükəli Tullantıların Zərərsizləşdirilməsi üzrə Milli Mərkəz Dünya Bankı tərəfindən maliyyələşdirilən Təxirəsalınmaz Ekoloji İnvestisiyalar Layihəsinin çərçivəsində tikilmiş poliqonun sahibidir. Buradakı işlərin həyata keçirilməsi üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. Təhlükəli tullantıların zərərsizləşdirilməsi ilə məşğul olmalı olan “Təhlükəli Tullantılar” MMC-nin fəaliyyəti o qədər “uğurlu” oldu ki, ötən ilin oktaybrın əvvələrində “Toyota Land Cruiser 200” markalı avtomobilin alınması ilə bağlı tender elan etdi. Tenderdə iştirak etmək istəyənlərin diqqətinə çatdırılırdı ki, 200 manat məbləğində iştirak haqqını “Kapital Bank”ın Sumqayıt filialında AZ74AIIB38060019440421996125 saylı hesaba ödədikdən sonra Nəsib Orucov adlı şəxslə əlaqə saxlayaraq, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı-Quba şossesi 33-cü km ünvanından ala bilərlər. İddiaçıların təkliflər paketinin isə 27 noyabr 2018-ci il tarixdə saat 15-də Bakı-Quba şossesinin 33-cü km ünvanında açılacağı qeyd olunurdu. Belə məlum olur ki, Bakı-Quba şossesi 33-cü km ünvanı “Təhlükəli Tullantılar” MMC-nin yerləşdiyi ünvandır. Nəsib Orucov isə ehtimal ki, “Təhlükəli Tullantılar” MMC-nin tender komissiyasının sədridir. Ötən həftə mediada yayılan məlumatdan belə aydın olur ki, “Təhlükəli Tullantılar” MMC 140 min manat qiyməti olan 1 ədəd “Toyota Land Cruiser” avtomobili alıb. Çox maraqlıdır ki, 140 min manata “Toyota Land Cruiser” avtomobili almağı özünə rəva görən “Təhlükəli Tullantılar” MMC-nin fəaliyyəti haqqında geniş bir məlumat əldə etmək mümkün deyil.Hətta “Təhlükəli Tullantılar” MMC-nin təsisçisi kimi adı keçən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında da MMC-nin fəaliyyəti haqqında heç bir məlumat ala bilmədik. Eləcə də, “Təhlükəli Tullantılar” MMC-yə aid olanhttp://ttpoligon.com/ saytından MMC-nin fəaliyyətini əks etdirən və ən əsası, onun 140 min manata “Toyota Land Cruiser” avtomobili almasına əsas verən səbəblər haqqında heç bir məlumat əldə etmək mümkün deyil. Həmin saytda “Təhlükəli Tullantılar” MMC-nin baş direktorunun Məmmədbağır Kərimov olduğu haqqında məlumat və bir neçə də qısa məlumatlardan başqa heç bir informasiyaya rast gəlmədik.Çox maraqlıdır ki, “Təhlükəli Tullantılar” MMC-nin baş direktoru Məmmədbağır Kərimovla bağlı internet üzərindən apardığımız araşdırmada nəticəsində də bu şəxsin Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” devizi altında keçirilən Bakı Marafonunun iştirakçısı olması faktından əlavə bir məlumata rast gəlmədik. Qeyd edək ki, “Küləyə qalib gəl!” devizi altında keçirilən Bakı Marafonu 2016-cı ildə baş tutub və orada iştirak edəm Məmmədbağır Kərimov yarışların təşkilatçılarına təşəkkürünü bildirərək, bu layihənin ictimaiyyətin diqqətini idmana cəlb edəcəyini və sağlam həyat tərzinin təbliğində müsbət rol oynayacağını qeyd edib. Sağlam həyat tərzinin seçilməsində isə, görünür 140 min manata alınan “Toyota Land Cruiser” avtomobilinin xüssusi yeri var.

Məmurların büdcə pulları hesabına özlərinə bahalı xidməti avtomobili almaları ilə bağlı araşdırma apararkən, dövlət qullquçularının bir qayda olaraq “Toyota” avtomobillərinə üstünlük verməsi faktı da üzə çıxdı. Başqa bir ehtimala görə isə, məmurların büdcə vəsaitləri hesabına avtomobil almaları üçün “Toyota Absheron Center”i seçmələri təsadüfi deyil. Məmurların bu seçiminin özəl səbəbləri haqqında məlumatlar isə növbəti araşdırmamızın mövzusudur.

Əlbəttə, “Toyota Absheron Center” avtomobil almaq üçün məmurların yeganə seçimi deyil. Büdcə pulları hesabına avtomobil alınması ilə bağlı məsələdə “Autouniversal” MMC-nin də adı keçir. Bu MMC-dən hansı qurumun büdcə pulları hesabına neçə ədəd avtomobil alması, hər bir avtomobilə nə qədər pul ödənməsi ilə bağlı məlumatlarla da növbəti araşdırmamızda tanış ola biləcəksiniz.

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle